525.Az

"Şərq" ailəsinin cəfakeş başçısı - Kənan Novruzov yazır...


 

"Şərq" ailəsinin cəfakeş başçısı -<b style="color:red"> Kənan Novruzov yazır...</b>

Akif müəllim - "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Akif Aşırlı haqqında yazmaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, təxminən üç il rəhbərliyi altında çalışmışam. Demək olar, hər gün üz-üzə gəlir, danışırdıq. Yəni xarakterinə az-çox bələdəm. Çətindir ona görə ki, mən Akif müəllimin sözə, üsluba necə qiymət verdiyinin, yazıları necə diqqətlə oxuduğunun şəxsən şahidiyəm. Ona görə də daha diqqətli olmaq lazım olduğunu bilirəm.

Ümumiyyətlə, indiyə qədər qazandığım təcrübədə, bu gün özümü jurnalistikada daha inamlı hiss etməyimdə bütün "Şərq" qəzeti kollektivi kimi, Akif Aşırlının da xüsusi rolu var.

Bir-birimizi xeyli əvvəldən- mən universitetin birinci kursunda oxuyandan tanıyırdıq. Bir müəllimimizin dəvəti ilə mühazirə oxumağa gəlmişdi. Sonralar fərqli vaxtlarda  bir neçə dəfə də görüşmüşdük.

... Bir gün Akif müəllimdən zəng gəldi. Təəccübləndim. Həm nə deyəcəyini düşünür, həm də nömrəmi kimdən aldığını fikirləşirdim. Çünki bu vaxtadək telefonla danışmamışdıq. Zəngi qəbul etdim, "Bəli, Akif müəllim" dedim. Dərslərimlə maraqlandı, harda işlədiyimi soruşdu, sonra da "Redaksiyaya gəl, gözləyirəm" söylədi. Beləcə, bir neçə gün sonra "Şərq"in əməkdaşına,  bu ailənin üzvünə çevrildim.

Yadımdadır, "Şərq"dəki ilk həftələrim idi. Bir məsələ ilə bağlı o biri otağa getdim. Ancaq qapının kandarında dayandım. Tərəddüd etdim. Foyedeki kresloda oturub, məni izləyən baş redaktorum ayağa qalxdı, yanıma gəldi, qapını açdı və özünəxas formada "Niyə utanırsan? Keç" dedi.

Yuxarıda bildirdiyim kimi, Akif müəllim yazıları diqqətlə oxuyur. Dəfələrlə xəbərlərimə, müsahibələrimə, reportajlarıma irad tutub. Lakin bu tənqidlərdən hər biri islahedici xarakter daşıyıb, öyrətməyə hesablanıb.

 Akif Aşırlı onu tanıdığım ilk gündən "Kənan mənim tələbəmdir" deyir. Mən də elə o gündən həmişə baş redaktorumu özümə müəllimlərdən biri hesab edirəm. Onun dərsləri "Şərq" in o qədər də böyük olmayan, fəqət yaradıcılıq, müzakirə dolu redaksiyasında, otağındakı iclaslarda, "planirovka"larda davam edir. Bəzən praktik qəzetçilik haqqında danışmaqla da kifayətlənmir, həm də Üzeyir bəydən, Mirzə Cəlildən, Ceyhun Hacıbəylidən... danışır. Və  bu dərslər heç vaxt bitmir.

Akif müəllim öyrətməyi, izah etməyi sevən insandır. Əlbəttə, bu, eyni zamanda onun pedaqoji fəaliyyətindən irəli gəlir. O, bir müddət müxtəlif ali məktəblər, o cümlədən, BDU- da dərs deyib. Alimdir. Mətbuatımızın banilərinin irsini, jurnalistikamızın indiyədək gəlib keçdiyi yolu araşdırıb. Və özünün qəzetçilik təcrübəsində onların irsindən də yararlanıb. Əlbəttə, belə olmasa, qəzetçiliyin getdikcə öləzidiyi bir vaxtda "Şərq" 30 ilə yaxındır fəaliyyət göstərməyi, oxucuları ilə görüşməyi bacarmazdı.

Təsadüfi deyil ki, Akif Aşırlı həmişə müstəqil mətbuatın, azad sözün tərəfdarı olub. O, Məhəmməd Əmin Rəsulzadənin "O millət azad və xoşbəxtdir ki, onun mətbuatı azad və xoşbəxt olsun" fikrini, bəlkə də, peşə kredosuna çevirib.

Təxminən üç ildən sonra "Şərq" dən ayrılanda Akif müəllimin yanına getdim, halallıq istədim. "Yolun açıq olsun" dedi, uğurlar arzuladı.

"Şərq" mənim yaddaşımda daim isti ocaq olaraq qalacaq. Redaksiyadan ayrılarkən yazdığım "Şərq"dəki son sözüm" yazısında göstərdiyim kimi, yəqin, jurnalistika karyeramın ən maraqlı, yaddaqalan dövrü məhz "Şərq"lə əməkdaşlıq illərinə təsadüf etdi: "Əvvəl dünyanı lərzəyə salan koronavirus pandemiyası ilə tanış olduq. İctimaiyyətə SOS siqnalı verdik. Hətta gündə bir insanın, o cümlədən, yaxınlarımızın, əzizlərimizin ölüm xəbərini eşitsək belə, özümüzü yox, oxucularımızı düşündük. Auditoriyanı xəbərsiz qoymadıq. Sərt karantin rejiminə, hər cür çətinliyə müqavimət göstərdik. Nə vaxtsa, "Gözünüz aydın, pandemiya bitdi" başlığı ilə hər kəsi sevindirəcəyimiz ümidindən təsəlli tapdıq. Və həmin ümidimizdən ikiəlli yapışdıq. İşə əvvəlkindən daha tez getdik, daha gec çıxdıq. Əksəriyyətini bircə dəfə belə görmədiyimiz oxucularımız üçün ailə üzvlərimizin üzünü az görməyə razı olduq".

Çətin olsa da, öhdəsindən gəldik. Çünki "Şərq" təkcə redaksiya deyil, həm də ailədir. Akif müəllim isə bu ailənin cəfakeş, yorulmaz başçısıdır.

Ad gününüz, yeni yaşınız mübarək, əziz müəllim.

 





15.02.2022    çap et  çap et