525.Az

Korona ilə görüş - Orxan Aras yazır


 

Korona ilə görüş -<b style="color:red"> Orxan Aras yazır</b>

2020-ci ilin fevral ayında yüngül qrip keçirdim. O zamanlar Avropa televiziyaları tez-tez Çindəki ölümlərdən narahatlıqla danışsalar da, panika havası o qədər də çox deyildi. O qripdən bir neçə gün sonra Kölndəki Türkiyə konsulluğunun Təhsil attaşesi Mustafa hocanı hava limanından götürüb evə apardım. Korona haqqında bir az zarafat etdik və güldük. "Mən birtəhər öhdəsindən gəldim, indi sən fikirləş" - dedim.

İki il davam edən epidemiya, xəstəliklər və tanışların ölümü hamımızı qorxutdu. Sosial şəbəkələrdə o qədər videolar yayıldı ki, insanlar kimə inanacaqlarını bilmirdilər. Minlərlə kişi koronadan ölürdü, amma bəzi insanlara görə korona deyilən bir şey yox idi.

Ailəmizdən birinci bu virusa dayım, onun arvadı və uşaqları yoluxdu. Təxminən on gün narahatlıq keçirdik. Gündəlik telefon zənglərimizdə onların şikayətlərini dinləyir, narahat oluruq: "Gecələr qızdırmam var, elə bil, kürəyimə bıçaq sancırlar. Nəfəs almaqda çətinlik çəkirəm. Qızdırmadan sonra çox tərləyirəm. Öskürək məni qoymur yatam".

Qorxurduq, amma yenə də onlara həmişə təsəlli verirdik: "Qrip kimidir, bir neçə gün belə olacaq, sonra keçəcək..."

Gecə yatanda dayımın dedikləri beynimdə cingildəyirdi. Onlara heç nə olmasın deyə dua edirdik. Dayım o halda da bizim türk kişilərinə xas psixologiya ilə belə deyirdi: "Ölümdən qorxmuram, amma adam öləndə dəfn mərasimində heç kim olmur, ondan qorxuram".

Həqiqətən də bəzi ölkələrdə xəstəxanadan götürülən cəsədlər kütləvi şəkildə və yaxınlarına onlarla vidalaşmaq imkanı verilmədən basdırılırdı. Ona görə də əksər kişilər xəstə olsalar da, heç kimə demirdilər.

Almaniyadan Ozan Yusuf Polatoğlu, Mehmet Baş, Azərbaycandan Azər Abdulla kimi yaxın dostlarım xəstələnərək qısa müddətdə dünyasını dəyişdilər. Başqa bir dostum Mehmet İrmak az qala ölümdən döndü. Daha sonra mənə dediyi kimi, reanimasiyada olarkən yuxusunda Ağrı dağından axan od əmələ gətirən çayların sahillərinə səyahət edirmiş.

"Ay kişi, sən lap  cəhənnəmi görmüsən" - deyib zarafat edirdik.

Almaniyada türk həkimlər peyvənd tapdıqda pandemiyanın sona çatmasına sevindik və dərhal qaçıb peyvənd olunduq. Peyvənddən ruhlanaraq 2021-ci ilin yayında həm Türkiyəyə, həm də Azərbaycana getdik. Allaha şükür, xəstələnmədən Almaniyaya qayıtdıq.

Almaniyada üçüncü peyvəndi tətbiq etməyə başlamışdılar. Radiolar, televiziyalar, qəzetlər "buster" (gücləndirici peyvənd) haqqında hay-küy salırdılar. İndi koronadan  başqa "alfa", "betta", "delta", "qamma", "omikron" adlarını tez-tez eşitməyə başlamışdıq.

Korona ad dəyişə-dəyişə bizə yaxınlaşırdı. Dərhal üçüncü peyvəndi etdirdik. Hamıdan uzaq durmağa çalışırdıq. Qonşularla, qohumlarla, dostlarla ziyarətlərimizə, görüşlərimizə ara verdik.

Sonra uşaqları da peyvənd etməyə başladılar. Qızım Sebihanın on yaşı var idi və peyvənddən qorxurdu. Onu həkimə aparmaq istədim. Amma həyat yoldaşım "Uşaqlarda  xəstəlik yüngül  keçir, peyvənd etdirməyək" deyəndə çox da israr etmədim.

Keçən il məktəblər aylarla bağlı qalmışdı. Çox da narahat olmadıq. Amma bu il maska və test şərti ilə məktəbləri açdılar. İki gündən bir test edilir və nəticə bizə mesajla bildirilirdi. Bir neçə həftə əvvəl məktəbdən "pozitiv" mesajı alanda narahat olmağa başladıq. Sebihanın yanında oturan şagird koronaya yoluxmuşdu. Uşağa yaxın yaşayan tələbələr evdə qalmalıdırlar. Sebiha bir həftə evdə dincəldi. Bir həftə sonra yenidən test  verdi və məktəbə başladı. Sebihanın "pozitiv" olan şagirdin ən yaxında oturmasına baxmayaraq xəstəliyə tutulmaması bizi bir az daha ümidləındirmişdi.  Marketdə alış-veriş edərkən kassadakı oturan adam bir müştəriylə danışırdı. "Hamı koronaya yoluxdu" - dedi.

İçimdən pıçıldayan şeytani bir səs: "Amma biz tutulmadıq" -  deyirdi.

İki gün sonra məktəbdən bir mesaj daha  gəldi. Sinifdə bir uşaq daha pozitivdi. Sebiha dedi ki, "Ata, o  məndən çox uzaqda oturur".

"Uzaqda oturursa, eybi yoxdur" - deyə düşündüm. Amma bir gündən sonra qızım asqırmağa başladı. Sebiha hər dəfə asqıranda pəncərədən bayıra baxıb "Hava yenə buludludur" deyirdim. Çünki bizim ailənin buradakı havaya allergiyası var idi. Hava bir az dəyişəndə bizə təsir edirdi. Üçüncü gün gördüm ki, Sebiha pişik kimi oturduğu yerdən qalxmır. Yaxınlaşdım, baxdım yanaqları qızarmışdı.  " Qızdırman var" - dedim. "Bir az başım ağrıyır" dedi. Narahatlıqlar dərhal başladı. Guql-u açıb xüsusi olaraq analar səhifəsinə baxırdım. Həmin səhifələrdə övladları xəstələnəndə anaların etdiklərini yazırdılar. Orada oxuduğum hər şeyi qeyd edirdim.

Gecə Sebihanın hərarəti 39,5 oldu. Anası soyuducudan dərman gətirərkən mən limonu yarıya bölürdüm. Quql-da bir ana yazırdı: "Uşağın qızdırması olanda ayağının altına limon sürtün". İnternetdə yazılanları bir-bir hazırlayarkən həyat yoldaşım təəccüblə mənə baxırdı. Limon, qoz ləpəsi, sirkə, zəncəfil, şabalıd balı, sarımsaq, təzə nanə, adaçayı, cökə kimi evdə olan bitki mənşəli hər şeyi masaya düzdüm. Sebihanın yanına gedəndə əlimdə limon, bəzən sirkə olurdu.

İki gündən sonra mən asqırmağa başladım. Sonra da burun tıxanması, yorğunluq və yüngül qızdırma... Allaha şükür ki, yoldaşımda da heç nə yox idi. Baxdım o da Quql-dan bir şeylər öyrənir.  Mənimlə Sebihanın sinəsinə və kürəyinə kətan yağı sürtürdü. Baxımdan həzz alarkən Sebihanın zaman-zaman zarafatları bizi güldürdü. Bir dəfə ayaqlarını anasına uzadıb dedi:

- Ana, o yağdan ayağımıza da sürt!

Anası Sebihanın onunla zarafat etdiyini anladı. Azərbaycan türkcəsində "Ata-bala məni doluyubsunuz?" dedi və küsdü. Biz 38,5 qızdırma ilə  güldük.

Bilmirəm, gülüşlərdənmi, kətan toxumundanmı, yoxsa sirkə və limondanmı, nədənsə üç-dörd gündə qızdırmamız keçdi, sağaldıq. Danışıq səsimiz bir az qəribə səslənsə belə, fərq etməz. Sebiha qoxusunu və dadını anlamaq üçün sevimli kolbasasını çiy-çiy yeyərək "Hmm, dadı gözəldi" - dedi.

Həyat yoldaşım bizdən dərhal sonra xəstələndi. Asqırır, amma öskürmür... Burnu bizim burnumuz kimi tıxanmır... Amma ona xidmət etməyimizi gözləyir. Ümid edirəm ki, o da bizim kimi yüngül keçirəcək. Əgər o da bizim kimi naz etsə, işimiz çətindir. Ona, "Bizi doluyubsan" deməyə cəsarətimiz də yoxdur.

Hamımıza keçmiş olsun!

 





15.02.2022    çap et  çap et