525.Az

AMEA-nın Naxçıvan Bölməsinə hədiyyə olunan kitabların təqdimatı keçirilib - Foto


 

AMEA-nın Naxçıvan Bölməsinə hədiyyə olunan kitabların təqdimatı keçirilib -<b style="color:red"> Foto</b>

Görkəmli şair, ədəbiyyatşünas, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, ictimai xadim Xanəli Kərimlinin AMEA-nın Naxçıvan Bölməsinə hədiyyə etdiyi kitabların təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbiri açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev X.Kərimlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onun şair, tədqiqatçı və müəllim kimi fəaliyyətini xarakterizə edib. Sahib olduğu yüksək natiqlik bacarığı və bir sıra mühüm mənəvi keyfiyyətlərindən söz açıb.

Alim Xanəli Kərimli poeziyasının aparıcı mövzular, yüksək təsvir xüsusiyyətləri, şeirlərinin tərbiyəvi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Onun əsərlərində aforizmlərin mühüm yer tutduğunu, şeirlərinin daim oxucunu düşündürdüyünü dilə gətirib. X.Kərimlinin qələmə aldığı “İnam”, “Təbil”, “Ağrı”, “Bütövlük”, “Bayrağını uca qaldır, ana vətən” və “Ata” poemalarından bəhs edərək hər biri ilə bağlı fikirlərini bölüşüb, təhlillər aparıb. “Ata” xatirə-poemasının ərsəyə gəlmə tarixçəsini, əsərdə əksini tapmış fikir və düşüncələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Vurğulanıb ki, X.Kərimli şəxsiyyəti və yaratdığı poeziya nümunələri bir-birini, sözün əsl mənasında tamamlayır. Onun yaradıcılığında səmimiyyətdən doğan təbiilik oxucunun ruhunu oxşayır, qəlbini riqqətə gətirir.

Akademik AMEA-nın Naxçıvan Bölməsinə təqdim olunan kitablardan söz açaraq bildirib ki, hədiyyə olunan kitablar şairin öz əsərləri ilə yanaşı (“Payız duyğuları”, “Tanrı müjdəsi”, “Мир в моих ладонях”), alim və tədqiqatçıların onun yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda qələmə aldıqları əsərlər (“Xanəli Kərimli: Bir ömrün nağılı”), 55, 60, 65, 70 illik yubileyləri münasibətilə nəşr olunmuş toplulardan (“Xanəli Kərimli: Şairin könül dünyası”, “Xanəli Kərimli: Bir ömrün işığı”, “Xanəli Kərimli: Şairə məktub”, “Xanəli Kərimli: Sözün Əlincə qalası”) ibarətdir.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov tədbirdə “Xanəli Kərimlinin həyatı və yaradıcılıq yolu” mövzusunda məruzə edib.

Məruzədə bildirilib ki, Naxçıvan ədəbi mühitinin istedadlı yetirməsi Xanəli Kərimli 1951-ci il noyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. İbtidai və orta  təhsilini  bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olmuş, iki il sonra yerdəyişmə ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirmişdir. Ali təhsili başa vurduqdan sonra o, bir sıra məsul vəzifələrin öhdəsindən uğurla gəlmişdir.

X.Kərimli elmi fəaliyyətini davam etdirərək “Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941-1970)” mövzusunda dissertasiya müdafiə  etmiş, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

Şair 1991-ci ildən Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlamış, 1991-1996-cı illərdə universitetin ilk mətbu orqanı olan “Fikir” qəzetinin ilk redaktoru, 1996-1998-ci illərdə universitet Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi, 1998-2014-cü illərdə Əcnəbi Tələbələrlə İş üzrə fakültənin dekanı vəzifələrində çalışmış, hal-hazırda NDU-da müəllim kimi fəaliyyətini davam etdirir. Xanəli Kərimli həmçinin ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 

Pedaqoji sahədəki səmərəli fəaliyyəti görə 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş alim yüzdən çox elmi, publisist və metodiki məqalələr müəllifidir. Onun şeirləri bir sıra xarici dillərə, o cümlədən rus, türk, fransız, ingilis, fars dillərinə tərcümə edilmişdir.

Ramiz Qasımov məruzəsində X.Kərimlinin yaradıcılığının başlıca istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, yaradıcılığa “Toğluqayanın Məmməd Araza məktubu” şeiri ilə başlayan şair ilk əsəri ilə həm öz yaradıcılıq kredosunu ifadə etmiş, həm də Məmməd Araz məktəbinə bağlılığını bəyan etmişdir. Haqlı olaraq Xanəli Kərimli yaradıcılığı vətəndaşlıq lirikasının ən gözəl örnəkləri olaraq səciyyələndirilir. Yaradıcılığında yer alan yeni mövzular da, başlıca mövzu olan Vətən ideyası ilə birləşərək onun sənət konsepsiyasını tamamlayır. “Vətəndaşlıq ideyası ehtiva edən lirikası müasir Azərbaycan şeirinin ən gözəl örnəklərini təşkil edir”,- söyləyən Ramiz Qasımov X.Kərimlinin lirikasını üç əsas istiqamət üzrə təhlil edib.

Qeyd olunub ki, Naxçıvan ədəbi mühitində öz dəsti-xətti, əsərlərinin ideya-məzmun xüsusiyyətləri ilə fərqlənən Xanəli Kərimlinin poemaları da geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır. Onun bir neçə yüksək ideyalılıq kəsb edən poeması ümumən bu janrın inkişafı və zənginləşməsinə əhəmiyyətli təkan verib.

İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Xanəli Kərimli yaradıcılığına ədəbi-tənqidi baxış” mövzusundakı çıxışında vətənpərvər şairin yaradıcılığı haqqında “Şairə məktub”, “Xanəli Kərimli: sözün Əlincə qalası”, “Xanəli Kərimli: bir ömrün işığı”, “Şairin könül dünyası” adlı məqalələr topluları əsasında Azərbaycan ədəbi-tənqidinin aparıcı nümayəndələrinin qələmə aldıqları məqalələrdən bəhs edib. Bu imzalardan akademik İsa Həbibbəyli, professorlar Vaqif Yusifli, Maarifə Hacıyeva, Yavuz Axundlu, tənqidçi, publisist Azər Turan, dosentlər Ə. Əzimli, Ramiz Qasımov və Elxan Məmmədovun tənqidi məqalələri, tədqiqatçıların gəldikləri qənaətlər diqqətə çatdırılıb. Vurğulanıb ki, şairin çoxşaxəli yaradıcılığı onun haqqında əhatəli, dərin elmi təhlillər, ümumiləşdirmələr aparmağa tam təminat verdiyindən, şübhəsiz, gələcəkdə bu istiqamətdə çoxlu sayda irihəcmli elmi tədqiqatlar aparılacaqdır.

Tədbirdə məruzə edən AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva “Xanəli Kərimli yaradıcılığında Cənub mövzusu”nu əhatəli təhlil edib.

Məruzəçi söyləyib ki, həyat və yaradıcılığının bütün dövrlərində Azərbaycanın bütövlüyünə, böyük Azərbaycan idealına sədaqətlə xidmət edən X.Kərimlinin istər bədii, istərsə də elmi yaradıcılığında Cənubi Azərbaycan məsələsi yüksək həssaslıqla təqdim olunmuş, əsərlərinin əsas mövzusuna çevrilmişdir. Tədqiqatçının müdafiə etdiyi “Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941-1970)” adlı namizədlik dissertasiyası cənubdakı soydaşlarımızın nəsr yaradıcılığına həsr olunmuş birinci elmi-tədqiqat işi olmaqla yanaşı, həm də Cənubi Azərbaycan demokratik ədəbiyyatının otuz illik bir dövrünü elmi, ədəbi aspektdən araşdıran çox dəyərli elmi-tədqiqat əsəridir. Onun bütöv Azərbaycan idealı Cənubi Azərbaycan məsələsinə həssas münasibəti və bu istiqamətdəki fəaliyyəti X.Kərimliyə cənubşünas alim adını qazandırmışdır.

Sonda Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli çıxış edərək mütaliənin əhəmiyyətindən, kitab bağışlamağın mühüm önəmindən söz açıb. Hədiyyə olunan kitabların gələcək nəsillər tərəfindən də oxunacağına əminliyin bəxş etdiyi sevinci tədbir iştirakçıları ilə bölüşüb.

 

 





15.02.2022    çap et  çap et