525.Az

Taliban yeni müharibəyə hazırlaşır


 

Taliban yeni müharibəyə hazırlaşır<b style="color:red"></b>

Əfqanıstanda hakimiyyəti ələ keçirən terrorçu Taliban hərəkatı Tacikistan və Özbəkistan sərhədinə 10 min nəfərlik hərbi qüvvə göndərib. Hərəkatın silahlı qüvvələrinin baş qərargah rəisi Kari Fasihuddin Fitrət 10 min hərbçinin Tacikistan və Özbəkistan sərhədinə göndərilməsinin səbəbini açıqlamayıb. Taliban hərəkatının liderləri bu hərbi addımın səbəbini açıqlamasalar da, tezliklə Tacikistan və Özbəkistana qarşı ərazi iddiasının gündəmə gələcəyi ilə bağlı ehtimallar var. Çünki Talibanın Tacikistan və Özbəkistan sərhədinə göndərdiyi 10 min nəfərlik ordu döyüş təyyarələri ilə silahlanıb. Bu isə Talibanın hansısa hücum əməliyyatına hazırlaşdığı haqqında narahatlıqları meydana çıxarıb. Talibanın Əfqanıstanın şimal ərazilərinə böyük hərbi qüvvə toplamasını Daşkənd və Düşənbə ilə yanaşı, Moskvada da diqqətlə izləyirlər.

Moskvada Əfqanıstandan gələ biləcək təhlükələri yüksək qiymətləndirməsələr də, bu ölkədəki vəziyyət Rusiyanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün ən ciddi təhdidlərdən biri olaraq qalır. Moskvada hesab edirlər ki, Əfqanıstandakı sosial-iqtisadi böhran və humanitar fəlakət şəraitində Talibandan gələ biləcək təhdidlərin aktuallığı artır. Çünki Taliban Əfqanıstandakı sosial-iqtisadi böhranı həll edəcək imkanlara malik deyil. Sosial-iqtisadi böhran dərinləşdikcə Taliban xalqın etirazları ilə üzləşməli olacaq. Belə bir vəziyyətdə də uzun müddət iqtidarda qalmaq mümkün olmayacaq. Yaranmış vəziyyətdən ən asan çıxış yolu qonşu dövlətlərlə müharibənin başladılmasıdır. Xüsusilə də bu müharibə "doğma torpaqlar"ın geri qaytarılması kimi "müqəddəs" vəzifə naminə ediləcəksə, Taliban hətta xalqın dəstəyini də qazana bilər. Talibanın Tacikistan və Özbəkistan sərhədinə 10 min nəfərlik hərbi güc göndərməsinin digər səbəbi kimi Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalının yüksək olması göstərilir. Hərbi ekspertlər hesab edirlər ki, Rusiyanın quru qoşunlarının yarısını Ukrayna ilə sərhədə yığması Talibanı həvəsləndirib. Əgər Ukraynaya hərbi müdaxilə reallaşacaqsa, Rusiya bu regiona əlavə canlı qüvvə cəlb etməli olacaq. Bu isə ölkənin şərq hissəsindəki ordu birləşmələrinin cəlb edilməsi ilə mümkün ola bilər. Hərbi ekspertlər bildirirlər ki, Rusiya iki cəbhədə müharibə aparmaq iqtidarında deyil. Bu vəziyyət Talibanın iştahasını daha da artırır. Bundan başqa, Tacikistan və Özbəkistanda islamçı qüvvələrin də fəallaşması müşahidə olunur ki, bu da Talibanı yeni hərbi əməliyyatlara həvəsləndirən digər səbəb hesab olunur.

İslam Dövləti - Xorasan kimi daha radikal qüvvə ilə rəqabət aparmalı olan Talibanın "kafir"lərə qarşı müharibəyə başlaması qaçılmaz da ola bilər. Buna görə də Tacikistan və Özbəkistana Əfqanıstandan gələ biləcək təhlükə artır. Digər tərəfdən, Taliban Tacikistan və Özbəkistandan Əfqanıstan ordusunun çıxardığı hərbi texnikanı da tələb edir və əks halda onları müharibə ilə hədələyir.

 





16.02.2022    çap et  çap et