Rusiya ilə Qərb və Ukrayna arasında ötən ilin dekabrından başlayan üçtərəfli diplomatik gərginlik davam edir. Rusiyanın Ukrayna ilə sərhədə 150 minlik hərbi qüvvə cəmləşdirməsi diplomatik gərginliyin hər an qanlı müharibəyə çevrilmək ehtimalının azalmasına imkan vermir. Böyük Britaniyanın Baş naziri Boris Consonun qeyd etdiyi kimi, vəziyyət çox təhlükəli və mürəkkəbdir. Lakin onun da qeyd etdiyi kimi, "geri addım atmağa hələ vaxt var". Ancaq Qərb geri addım atmaq niyyətindən uzaqdır və Rusiyanın geri addım atmasını gözləyir.
Rusiya prezidenti Vladimir Putinin 15 il əvvəl - 2007-ci il fevralın 10-da Münhen Təhlükəsizlik Konfransındakı məşhur çıxışından sonra Moskva ilə Vaşinqton və Brüssel arasında münasibətlər soyumağa başladı. Həmin çıxışdan cəmi bir il sonra Rusiya Gürcüstana hərbi müdaxilə edərək özünün oyun qaydalarını diktə etmək istədi. Gürcüstana müdaxilədən sonra Rusiya ilə Qərbin maraqlarının tez-tez, həm də bütün dünya boyunca toqquşması müşahidə olundu. Abxaziya və Cənubi Osetiyanın faktiki ilhaqı ilə nəticələn Gürcüstana müdaxilədən ötən 14 il ərzində Qərb Rusiyanın dayanmadan artan iddialarının qarşısını ancaq siyasi yolla almağa çalışırdı. Rusiya da Qərbin bu siyasətini zəiflik kimi dəyərləndirərək Venesuela, Suriya və Belarusda diktatorlara hərbi dəstək verərək hakimiyyətdə saxladığı kimi, Ukraynanın bir hissəsini də ilhaq etməkdən çəkinmədi. Ötən ilin dekabrında Rusiya ABŞ və NATO-ya qarşı ultimatum irəli sürərək çox ciddi güzəştlər tələb etdi. Qərbə qarşı ultimatum irəli sürən Rusiya paralel olaraq Ukrayna ilə sərhədə böyük ordu cəmləşdirməyə başladı. Rusiya rəsmiləri Qərbin yenə güzəştə gedəcəyini və yaxud da yenə də siyasi vasitələrlə Moskvanın qarşısını almağa çalışacağını güman edirdi. Ancaq son 15 ildə Rusiya ilk dəfə tamamilə əks vəziyyətlə üzləşdi. Son 15 ildə Rusiyanın qarşısını ancaq siyasi yolla almağa çalışan Qərb bu dəfə hərbi vasitələrdən istifadə etməyə qərar verdi.
Qərb sürətlə Ukraynanı silahlandırmağa başladı. Son iki ay ərzində ABŞ Ukraynaya 17 yük təyyarəsi dolu silah-sursat göndərib. Yalnız fevralın 13-də Kiyevdəki hərbi hava limanına hərbi sursatla dolu iki yük təyyarəsi eniş edib. ABŞ-la yanaşı, Böyük Britaniya və Şərqi Avropa ölkələri də Ukraynanı silahlandırmağa başladılar. Paralel olaraq ABŞ və Böyük Britaniya Şərqi Avropada hərbi qüvvələrini sürətlə artırdı. Bununla Qərb Rusiyaya anlatdı ki, heç bir güzəşt olmayacaq. Rusiyanın son bir neçə həftə ərzindəki davranışı göstərir ki, Kreml rəsmiləri Qərbin belə müqavimət göstərəcəyini gözləmirmiş. Gözləmədiyi üçün də hazırda nə edəcəyini bilmir. Aydın görünür ki, Rusiya rəhbərliyi ciddi tərəddüd edir. Bu tərəddüdün əsas səbəbləri Qərbin və Ukraynanın hərbi müqavimət göstərmək niyyəti ilə bağlıdır. Digər səbəb Rusiya ziyalılarının və ictimai xadimlərinin müharibə əleyhinə başlatdıqları kampaniyaya istefada olan yüksək rütbəli hərbçilərin qoşulmasıdır. Rusiyanın hakim dairələri bu əhval-ruhiyyənin orduya siyarət edəcəyindən narahatdır. Ordunun döyüşmək istəməməsi 105 il əvvəl dövrünün ən böyük iki imperiyasından bir olan Rusiya imperiyasının çökməsinə səbəb olmuşdu. Eyni prosesin yenidən təkrarlanmaq ehtimalı çox yüksəkdir. Buna görə də Rusiyanın hakim dairələri tərəddüd edir və qəti addım atmaqdan çəkinir.
Rusiyanı hərbi əməliyyatlara başlamaqdan çəkindirən digər məsələ isə Moskvanın Pekindən gözlədiyi dəstəyi ala bilməmisidir. Rusiyalı siyasi şərhçilərin fikrincə, prezident Vladimir Putinin fevralın 4-də Pekinə gerçəkləşmiş səfəri zamanı Çin rəhbərliyindən arzuladığı dəstəyi ala bilməyib. Çin Rusiyanın Qərblə qarşıdurmasına mənəvi dəstək versə də, hərbi dəstək verməkdən qətiyyətlə imtina edib. Digər tərəfdən, Çin dövlət başçısı Si Tsinpin prezident Putinin israrlı müraciətinə baxmayaraq, Krımı Rusiyanın tərkib hissəsi kimi tanımaqdan qəti şəkildə imtina edib. Çin Rusiyaya görə Ukrayna və Qərblə münasibətlərini gərginləşdirmək istəmədiyini ortaya qoyub.
Rusiyanı çəkindirən məqamlardan biri də Türkiyənin birmənalı mövqe nümayiş etdirməsidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox açıq mətinlə bəyan edib ki, Rusiya ilə NATO arasında qarşıdurma olsa, Ankara müttəfiqləri ilə birlikdə hərəkət edəcək. Rusiya hərbçiləri isə Türkiyə quru qoşunlarının Avropada ən güclü ordu olduğunu çox yaxşı bilirlər.
Ancaq Rusiya rəhbərliyinin geri addım atması da çox çətindir. Açıq mənbələrdəki məlumata görə, Rusiyanın quru qoşunları 280 min nəfərdən ibarətdir. Aydın görünür ki, Rusiya quru qoşunlarının tən yarısını Ukrayna ilə sərhədə cəmləşdirib. Yaponiya mətbuatı kəşfiyyat orqanlarının məlumatına istinadən xəbər verir ki, Sakit okean donanmasının ən yüksək döyüş qabiliyyətli qüvvələri Qara dəniz istiqamətinə göndərilib. Türkiyə mətbuatında isə Bosfor boğazından keçərək Qara dənizə daxil olan Rusiya sualtı qayğının fotosu yer alıb. Rusiyanın Aralıq dənizindəki donanmasının əsas qüvvəsi də hazırda Qara dənizdədir. Rusiya ittifaq dövlətində təmsil olunan Belarusun quru qoşunları tam tərkibdə hərbi təlimə cəlb olunub.
Belə bir vəziyyətdə Rusiyanın geri addım atması da çox çətindir. Bu, avtoritar liderin iradəsizliyi kimi qəbul edilə və rejimin çökməsinə səbəb ola bilər.
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin fevralın 16-da gerçəkləşə biləcəyini bəyan edib. Ukrayna prezidenti Vladimir Zelenski sərəncam verərək fevralın 16-nı rəsmən Ukraynanın birlik günü elan edib.
Rusiya politoqlarının bəziləri isə Rusiyanın hərbi müdaxiləsinin fevralın 22-də gerçəkləşəcəyini iddia edirlər. Bu iddianı irəli sürənlər fikirlərini prezident Vladimir Putinin konspirologiya tərəfdarı olması ilə izah edirlər. Belə iddialar var ki, Gürcüstana müdaxilənin 08.08.(20)08 tarixdə gerçəkləşməsinin uğurlu olduğuna inanan Vladimir Putin Ukraynaya müdaxilənin də 22.02.(20)22 tarixində gerçəkləşməsində qərarlıdır. Bu konspirasiyanın gerçəkliyə yaxın olduğunu söyləməyə imkan verən əsas məqam isə Rusiya və Belarusun Ukrayna ilə sərhəddə keçirdiyi son 30 ilin ən iri miqyaslı hərbi təliminin fevralın 20-də başa çatacağıdır. İstisna deyil ki, Ukraynaya müdaxilə hərbi təlim başa çatdıqdan sonra başlayacaq. Bütün bunlar iddia olsa da, qarşıdakı bir həftənin sülhlə hərb arasındakı zaman kəsimi olacağı tam aydındır.
çap et