525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar -<b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

Harari: "İnsanlar o qədər uzun yaşayacaqlar ki, oğul-uşaqlarını tanıya, xatırlaya bilməyəcəklər!"

***

Belə hadisələr məktəblərdə həmişə olub. Sadəcə, əvvəllər ağıllı telefonlar yox idi.

***

28 yanvar Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin doğum günüdür. Dünən təhsil aldığı 207 saylı məktəbdə Səidin barelyefinin açılışında iştirak etdik.

Ruhu şad olsun!

***

Səs diksindirə bilirsə, heç olmasa fikirdən ayıra, başını qaldırmağa məcbur edirsə, Səsdir...

***

Ölkənin təhsil sektoru ilə bağlı neqativ xəbərlərin son dönəmlər sistemli xarakter alması, bəzi "cəfakeşlərin" ifrat canfəşanlığı adamın təsəvvüründə istər-istəməz müəyyən şübhələr yaradır, bu cansıxıcı havadan mütəşəkkil, çirkli, məkrli kampaniyanın qoxusu gəlir.

Təhsilin inkişafını hansısa şəxsi maraq güdmədən, ürəkdən arzulayan insanların narahatlığı təbii və anlaşılandır. Amma neçə illərdən bəri üst-üstə qalanmış qüsurların hamısını aparıb gənc nazirə bağlamaq haqsızlıq, sadə bir ailədən çıxmış, öz savadı, bacarığı sayəsində nazir pilləsinə yüksəlmiş bir məmuru açıq, birbaşa, səmimi fikirlərinə görə hədəfə almaq, onu bütün çatışmazlıqların baiskarı qismində qələmə vermək ədalətsizlikdir.

Belə baxanda nazir bu vəzifəyə vur-tut ilyarım əvvəl təyinat alıb. Yəqin razılaşarsınız ki, kimdənsə təhsil sektoru kimi ağır və məsuliyyətli, həm də kifayət qədər problemli bir sahəni bu müddətdə hər birimizin arzuladığı səviyyəyə gətirməyi istəmək məntiqdən uzaq və absurd olardı. Bir yandan da, bu ilyarım ərzindəki fəaliyyətinə, ayrı-ayrı çıxış və müsahibələrinə diqqət yetirəndə açıqca görünür ki, nazir təhsil sahəsindəki mövcud vəziyyətdən yetərincə məlumatlıdır və ən əsası da xoşniyyətlidir. İctimai rəydə guya problemləri, çatışmazlıqları aradan qaldırmaq görüntüsü yaratmaq xatirinə hansısa radikal və utopik eksperimentlər həyata keçirməyə, bu dalğada yaxşını da pisin gözünə qatıb olan-qalan müsbət tendensiyaları da uçurub dağıtmağa meyilli deyil. Reallıqları bilir və ona uyğun olaraq da təmkinlə davranaraq nəzərdə tutulmuş islahatları mərhələ-mərhələ, səbirlə gerçəkləşdirməyə çalışır.

Söz var, "xəstə tələsər, armud vaxtında yetişər". Əgər doğrudan da ölkəmizin təhsil sistemində nələrinsə yaxşıya doğru dəyişməsini ürəkdən istəyiriksə, gənc və aydın düşüncəli nazirə nəfəs dərməyə, nəzərdə tutduğu islahatları həyata keçirməyə vaxt və imkan verməliyik. Yoxsa ki, sizdən, bizdən - hamımızdan biri olan, sadə, aydın bioqrafiyaya malik bir adamı addımbaşı qaralamaq pisniyyət qrupların dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Səbirli, ədalətli və təmkinli olmaqda fayda var!..

***

Sizin ədəbiyyata xidmətiniz yazmamaq olardı.

***

Pis bir hərəkət, naqis bir davranış adam haqqında təsəvvür yaradır və sonra o təsəvvürü dəyişmək çətin olur.

***

Prezident mükafatına layiq görülən gəncləri təbrik edirəm.

Bütün cavanların Gənclər günü mübarək!..

***

Bayaq bir gənclə ötəri ünsiyyətim oldu; mənə elə gəldi ki, o, qəzetin nə olduğundan, necə olduğundan, ümumiyyətlə, bixəbərdir.

***

Mirşahinin təklifi ilə razıyam: "Cavanşir Feyziyevə müraciət edirəm ki, üzr istəsin və yazdığı məqaləni də silsin".

Səhər-səhər Ləman Ələşrəfqızının məni şərləyən statusuna yazdığım şərhdə də məsələyə münasibətimi bildirmişdim: "Millət vəkili Cavanşir Feyziyevin jurnalistləri hədəf alan statusunu bəyənmədim, özünə də etirazımı bildirdim, razılaşdı, məyusluğunu hiss etdim. Növbəti dəfə yazdığı "Statusumdan özümün də xoşum gəlmir" fikrini isə üzrxahlıq və peşmançılıq kimi qəbul etdim".

Məncə, millət vəkili özü də statusundan peşmandır. Onun Mirşahinin təklifinə biganə yanaşmaması yaranmış gərginliyin səngiməsi üçün ilk və vacib addım ola bilər.

Biz də bunu arzulayırıq.

***

Bəzi adamların dostluğunda qaragüruh at oynadır.

***

Kəramət Böyükçöl məndən öz kanalı üçün müsahibə aldı. Müsahibədən sonra çay içib söhbətləşdik. Deyir, atam məni bloka atıb, sizin telefonunuzla ona zəng edim, sözüm var. Zəng vurdum ki, ay Qəşəm, camaat məndən xahiş edib Kəramətin telefonunu istəyir, sən niyə onu bloka atmısan?!

Kəramət deyir, ta içib eləmirəm də, atam məni niyə bloka atır, feysbuk profilimi niyə oğurlayırlar, bilmirəm...

***

"Mədəniyyət" jurnalının "Nizami Gəncəvi-880" xüsusi buraxılışından zövq aldım. Jurnal təkcə səhifələrin çoxluğu ilə deyil, həm də səviyyəli yazıları və sanballı müəllifləriylə diqqəti cəlb edir. Şəkillərin seçimi və sıralanmasında incə zövq və yüksək peşəkarlıq duyulur. Rusca məqalələr də yamaq kimi görünmür, ümumi konsepsiyanın daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Baş redaktor Zöhrə xanıma zəng vurub təşəkkürlərimi və təbrikimi çatdırdım. Zəhmət və peşəkarlıq izsiz ötüşmür.

***

Lovğalanmaq gəncliyə xasdır.

***

İctimai Televiziyanın "Diqqət Mərkəzi"ndə müzakirəyə çıxarılan mövzular, adətən, vacib və aktual, dəvət olunan qonaqlar peşəkarlar olurlar.

Dünən alimlər Ermənistandakı tarixi abidələrimiz barədə müfəssəl danışdılar. Bu gün Kürün suyunun azalması problemini də peşəkar mütəxəssislər müzakirə edirlər. Murad Hüseynov aparıcı kimi bütün mövzularda məlumatlı və səriştəlidir. Davamlı olsun.

***

İntriqa həyat eşqi yaradır?

***

SOCAR-da rəhbərliyin dəyişməsi müsbət hadisədir.

***

Ləngitmə!

Səngitmək lazımdır bu tozanağı...

***

Həftədə bir dəfə içmək bəs eləyər...

***

"Yeni Azərbaycan" tam fərqli bir qəzetə çevrilib: mövzu dairəsi genişlənib, ayrı-ayrı materiallarda hadisələrə fərqli müstəvidən yanaşma müşahidə olunmağa başlayıb, jurnalist araşdırmaları çoxalıb, üstəlik də, cəlbedici və estetik dizaynı diqqət çəkir. Zəhmət, çalışqanlıq və əzmkarlıq qəzetin hər səhifəsində hiss olunur.

Baş redaktor Alqış Həsənoğlunu və qəzetin işgüzar kollektivini təbrik edirəm.

Şövqünüz azalmasın!..

***

Doğulduğu yeri Şuşa yazanlar çoxalıb elə bil...

***

Əvəzi kim tutdurmuşdu?

***

Xurafata meyl dar və bəsit düşüncənin təzahürüdür.

***

Uzun cümlələr, ləngərli təhkiyə üçün böyük peşəkarlıq lazımdır. Çağdaş oxucu qorxur belə cümlələrdən, darıxan kimi gözünü çəkir. İndi çevik və dinamik üslub daha cəlbedicidir. "Kreativ" sözü elə-belə məşhurlaşmayıb ki...

***

Şənbə günü ətürpədən drel səsi adamın beyninə işləyir.

***

Rusiya Ukraynaya hardan girəcək?..

***

Fəxrəddin Həsənzadə ictimai sektorda çalışan gənclər içərisində öz savadı, biliyi, tariximizə bələdliyi və ayıq münasibəti, təmkini, kübarlığı ilə seçilir. Onun rəhbəri olduğu uğurlu layihələrin bir neçəsində qonaq kimi iştirak etmişəm, qənaətim daha da möhkəmlənib.

Eşitdim, Fəxrəddin subaylığın daşını atır. Gəncləri təbrik edir, möhkəm tellərlə bağlanan, xoşbəxt ailə həyatı arzulayıram.

***

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əfqan Əsgərov 93 yaşında vəfat etdi. Onun "Dədə Bəhmən" trilogiyasına daxil olan romanları, məşhur "Qız atası" və digər pyesləri, povest və hekayələri maraqla qarşılanıb, indi də xoş duyğularla xatırlanır. Əfqan müəllim uzun illər mətbuatda çalışıb, maraqlı publisistik məqalələri dərc olunub.

2019-cu ildə Yazıçılar Birliyində onun 90 illik yubileyi qeyd olundu; yazıçı və jurnalistlər səmimi ürək sözlərini söylədilər, minnətdarlıq duyğularını ifadə etdilər.

Əfqan müəllim fevralın 13-də Yasamal qəbiristanlığında dəfn olundu.

Allah rəhmət eləsin!

***

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatını "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova və klubun rəhbər heyətinə təqdim etdik, "Marsel"lə qarşıdakı oyunda uğurlar arzuladıq.

Dualarımız Sizinlədir!

Qələbəmizə inanırıq!

***

"Tazə gül" yazın, axtarışa verin, 14 fevralın sirrini öyrənin.

***

Axır bu 14 fevral nə günü oldu? Müəyyənləşdirə bildiniz?

 





16.02.2022    çap et  çap et