525.Az

Efirimizin "Real"ı - Əflatun Amaşov yazır


 

Efirimizin "Real"ı -<b style="color:red"> Əflatun Amaşov yazır</b>

Dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının qorunması, ordu quruculuğu, demokratik institutların inkişafı, söz azadlığı və plüralizm prinsiplərinə əməl edilməsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, cəmiyyətdə bərabərtərəfli münasibətlərin inkişafı - bütün bunlar və sadalamadığımız bir çox vacib məsələlər var ki, media onların hər birində özünəməxsus təsir gücünə malikdir. Biz zaman-zaman bu gücün müxtəlif təzahür formalarını görmüş və sevinmişik. Görməkdən söz düşmüşkən, bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır və fürsətdən istifadə edib həmkarlarımı təbrik edirəm.

Qısa kəsim, cəmiyyətə təsir gücü ilə seçilən telekanallarımızdan biri - ən gənci barədə söz açacam. Söhbət "Real TV"dən gedir. 14 fevral tarixi isə telekanal haqqında fikirlərimi bölüşməyə bəhanə verir. Əlbəttə yaxşı mənada bəhanə. Bəs bu bəhanə üçün əsas nədir? Yəni "Real TV"ni nəzərimdə xüsusiləşdirən hansı cəhətlərdir?

***

Əvvəlcə onu deyim ki, istedadlı telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi "Real TV" xalq telekanalıdır. O, xalqı formalaşdırmağı, insanları vətəndaş cəmiyyətinin yuxarıda sadaladığım prinsip və normaları naminə səfərbər etməyi bacaran media orqanıdır, mövcud istiqamətdəki səriştə meydanıdır. "Real TV" eyni zamanda jurnalistika prinsiplərindən ümumi maraq və mənafelər naminə bəhrələnmənin məharət və bacarıq örnəyidir.

"Real TV" özünün dəst-xətti ilə Azərbaycan teleməkanı üçün yenilikdir, jurnalistikanın cəmiyyətə təsir gücünün diferensiallaşmış modelidir. Bu telekanal vasitəsilə cəmiyyət peşənin ən müxtəlif janr və xüsusiyyətlərini sezir, onların hər birindəki faydanı, hər birinin konkret ünvanladığı hədəfi əyani şəkildə görmək imkanı əldə edir.

***

Bəli, hədəfsiz fayda olmaz. "Real TV" üçün hədəf dövlətçilik və azərbaycançılıq xəttidir. Telekanal bu məqsədlə yalnız fəaliyyət göstərmir, eyni zamanda döyüşür, mübarizə aparır. Onun efiri dövlətçilik və azərbaycançılıq uğrunda savaş meydanıdır. Bu savaşda hər hansı kompromisdən söhbət gedə bilməz. Bu savaş düşüncələrdə və zehinlərdə böyüyərək bir telekanalın müstəvisindən çıxır, ümummilli xarakter daşıyır.

Telekanalın Azərbaycan mücadiləsində daxil və xaric fərqi yoxdur. O, xarici təpkilərə qarşı daha amansız və barışmazdır. Unutmayaq, jurnalistikada savaş faktlarla zənginləşdiyi halda dolğundur. Mirşahin faktın dolğun təqdimatının özüdür. Onun peşəkarlığı fakta vətəndaşlıq hüququ qazandırır, fakt yaddaşlara hoparaq ideoloji motiv əldə edir. Görünür, Mirşahinin ustalığı da elə bundadır.

***

"Real TV" jurnalistikanın müsahibə janrına yeni nəfəs gətirməsilə də seçilir. Sanki bu janr özlüyündə ayrı-ayrı hissələrə bölünməklə ənənəvi qəlib və klişelərdən tam şəkildə uzaqlaşır. Müsahibələrdə haqqında bəhs edilən mövzunun mahiyyəti çılpaqlığı ilə ortaya qoyulur. Sanki bir əsər oxuyursan və əsərin dramatizmi, gərginliyi insanın iliyinə işləyir. Gərginlik və dramatizmdə həqiqəti tapılır...

Telekanal müsahibələrində obyektiv düşünmək, doğruları görmək, düzgün nəticə çıxarmaq üçün rəy formalaşdırır. Bu rəy ictimai münasibətlər sisteminin tərkib hissəsinə çevrilir. "Real TV"nin müsahibləri sırasında kimlər olmayıb ki? Onların doğru seçimi mövzu rəngarəngliyini də formalaşdırır. Hər müsahibin timsalında onun təmsil etdiyi sahə sanki yeni nəfəs qazanır. İnsanlar həmin sahənin nə dərəcədə vacibliyini, faydalılığını görürlər, bir növ zövqlər şaxələnir və yeni zövq anlayışları meydana gəlir.

***

"Real TV"dən danışırıqsa, onun xarici ölkələrdən reportajlarına da xüsusi diqqət yetirməliyik. O ölkələrdən ki, bəlli inkişaf yolu keçərək müasir dünyada aparıcı rola sahibdirlər. Bəşər övladı isə hər zaman inkişaf və tərəqqi naminə əzmlə çalışır, böyük səylər göstərir. Bu çalışmalar habelə rifahlı, firavan yaşam üçündür. Telekanalın müqayisəli təqdimatları jurnalistikanın o rifahın Azərbaycan modelinə mühüm informativ dəstəyidir.

Ancaq "Real TV"nin xarici ölkələrdəki reportajları yalnız sülhün və sabitliyin, əmin-amanlıq və asayişin hakim kəsildiyi bölgələri əhatə etmir. Telekanalın əməkdaşlarının dünyanın qaynar nöqtələrindən hazırladıqları sujetləri də görmək mümkündür. O nöqtələrdən ki, orada bəşəri dəyərlərə münasibətdə total təhlükələr yaşanır. Məqsəd təhlükənin doğurduğu real vəziyyəti Azərbaycan cəmiyyətinə çatdırmaq, onun ölkəmizdə yaşanmaması üçün bir növ ictimai immunitet formalaşdırmaqdır. Bəli, biz yaxşılardan nəticə çıxardığımız kimi, pislərdən də nəticə çıxarmağı bacarmalıyıq. Axı yalnız düzgün nəticəyə gəlməklə həm də inkişafa doğru getmiş oluruq...

***

"Real TV" Vətən müharibəsi dövründə. Bu, üzərində dayanılmalı ayrıca mövzudur. Əlbəttə, müharibə günlərində bütün cəmiyyət kimi, telekanallarımız, ümumən, media orqanlarımız cəbhəyə köklənmişdi. Ancaq cəmiyyətin cəbhə köklənişində "Real TV"nin xüsusi yeri və rolu vardı. Onun təqdimatlarına tam fərqli dəst-xətt hakim kəsilmişdi. Cəbhənin ən qızğın yerlərindən reportajlar, dərin məzmunlu təhlillər öz yerində. Məni daha çox cəlb edən torpaqlarımızı işğaldan azad etmə əzmi və dirənişindəki böyük ruh yüksəkliyi idi. "Real" bütün detalları nəzərə alır, bütün incəliklərə diqqət yetirirdi. "Real"ın təqdimatlarında şəhid olan Vətən oğulları üçün üzüntü və dərd ictimai motiv qazanaraq milyonlarla ürəyin müqəddəs zəfər naminə gərgin döyüntüsünə çevrilirdi.

"Real TV" ruhlandırır, eyni zamanda ruhdan düşməyə qoymurdu. Müharibə müddətində ermənilərin yaydıqları dezinformasiyalara, xaricdən gələn təpkilərə əks reaksiyalar nümayiş etdirməklə cəmiyyətin vahid amal uğrunda mübarizəsində diriliyini, möhkəmliyini saxlayırdı. Bu yerdə də başlıca vurğulanmalı məqam peşəkarlıqdır. Və peşəkarlıqdan söz düşmüşkən, telekanal Prezident İlham Əliyevin müharibə müddətində dünyanın 30-dan artıq məhşur telekanalına müsahibəsində səsləndirdiyi fikirlərin mükəmməl təhlilini verirdi. Bu təhlillərdə dövlət başçısının söylədiyi hər fikir cəmiyyətin baxışlarında zireh və qalxan olurdu.

Yalnız və yalnız Prezident, Ali Baş Komandan İlham Əliyev. "Real TV"nin "Yalnız O!" filmində dövlət başçımızın Qarabağ hədəfi tam aydınlığı ilə cəmiyyətə çatdırılır. Bu aydınlıqda cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi illərində yetişmiş, Qarabağı görməyən nəsil var. O nəsil ki, Qarabağ naminə son damla qanınadək döyüşdü. O nəsil ki, ölkə rəhbərinin illərdən bəri Qarabağ uğrunda apardığı siyasi və diplomatik mübarizəni yekunlaşdırmaq mücadiləsində canından keçdi. Artıq cənab İlham Əliyev də qalibdir, o nəsil də. Qalib olan bütövlükdə Azərbaycan xalqıdır. "Real TV"nin hazırladığı Vətən ruhlu proqramlarda isə həm qalibiyyətdən doğan qürur və fəxarət hissi var, həm də qalibiyyətə əbədilik gətirilməsinin zərurətini vurğulayan peşəkar məzmun və çağırış.

***

Bu günün "Real TV"si Azərbaycan teleməkanının oturuşmuş media brendidir. Qısa müddət ərzində bu mövqeyə sahib olmaq sıradan məsələ deyil. Əslində, yazımda bununla bağlı məziyyətləri də sadaladım. Hesab edirəm ki, telekanalın keçdiyi qısa fəaliyyət yolu uzun müddətli perspektivlər üçün etibarlı bazadır. Ona da əminəm ki, bu baza yeni axtarışlarla daha da zənginləşəcəkdir. Və bu yolda başda Mirşahin Ağayev olmaqla "Real TV"nin bütün kollektivinə yeni-yeni uğurlar, bol-bol müvəffəqiyyətlər arzulayıram.

 





16.02.2022    çap et  çap et