525.Az

Xanəndə Bülbülcan "Dəyirmi masa"da anılıb


 

Xanəndə Bülbülcan "Dəyirmi masa"da anılıb<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzi (BMM) "Dəyirmi masa" layihəsinin 2022-ci ildə ilk tədbirini xanəndə, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, Şuşada dünyaya göz açan Bülbülcanın 180 illik yubileyinə həsr edib.

Mərkəzdən 525.az-a bildirilib ki, musiqili-elmi-nəzəri layihə şəklində keçirilən tədbirdə xanəndənin həyat və yaradıcılığı, muğam sənətinə verdiyi töhfələrdən söz açılıb.

Layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.

Tədbiri filologiya üzrə fəlsəfə doktoru, Bülbülcan irsinin araşdırıcısı Gülhüseyn Kazımlı açaraq dövrünün tanınan xanəndəsi olmuş Bülbülcanın həyat və yaradıcılığı haqqında məlumat verib.

"Dəyirmi masa"nın iştirakçıları Əməkdar incəsənət xadimi Aqil Məlikov Bülbülcanın qardaşları Əli və Qəmbər Zülalovlarla bağlı xatirələrini bölüşüb.

Əməkdar artist, tarzən Valeh Rəhimov orta əsrlərdən bu günə kimi Azərbaycan muğamının keçdiyi yola nəzər salaraq Bülbülcanı bu yolun başlanğıcında duran xanəndələrdən biri kimi xarakterizə edib.

Professor Vilayət Quliyev XIX əsrin II yarısında Şuşa ədəbi və mədəni mühiti haqqında məruzə edib.

Xalq artisti, bəstəkar Sərdar Fərəcov Üzeyir Hacıbəylinin Bülbülcanla sənət əlaqələri haqqında danışıb.

Yazıçı, publisist Mustafa Çəmənli çıxışı zamanı xanəndənin yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüb.

Tədbirin sonunda Bülbülcanın nəticəsi Tərlan Zülalov və qardaşı, opera müğənnisi Əli Zülalovun nəvəsi Anar Hacızadə tədbirin təşkilinə görə BMM rəhbərliyinə təşəkkür ediblər.

BMM solistlərinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbir boyu Əməkdar artist İlkin Əhmədov, xanəndələr Hüseyn Məlikov, Vəfa Vəzirova, Nisbət Sədrayeva və Rövşən Bəşirovun ifasında xalq mahnıları və muğamlar səsləndirilib. Xanəndələri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara) və balabanda Rafael Əsgərov müşayiət edib.

"Dəyirmi masa"nın mart ayı buraxılışı Cabbar Qaryağdıoğluna həsr olunacaq.

"İstiqlal arzusu ilə yaşayan şair" işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın "İstiqlal arzusu ilə yaşayan şair" kitabı işıq üzü görüb. Şahmar Əkbərzadə haqqında ilk monoqrafiya olan bu əsər Ədəbiyyat İnstitutunun Elmi Şurasının 16 dekabr 2021-ci il tarixli 8 saylı iclas protokolunun qərarı ilə çap olunub.

"Vətəndaşlıq missiyasının şairanə ifadəsi" adlı ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Kitabın redaktorları yazıçı-publisist Mustafa Çəmənli və Könül Aslanova, rəyçiləri filologiya elmləri doktorları Vaqif Yusifli, Vüqar Əhməd, hüquq elmləri doktoru Habil Qurbanovdur.  128 səhifəlik kitab "Elm və təhsil" nəşriyyatında çap olunub. Monoqrafiya "Özü ilə istiqlal arzusunu aparan şair", "İstiqlal şairləri və Şahmar Əkbərzadə", "Şahmar Əkbərzadənin lirikasında psixologizm", "Türk dünyasının şairi", "Qarabağdan əsən yellər", "Müstəqillik illərində Şahmar Əkbərzadənin publisistikası" bölümlərindən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

 





16.02.2022    çap et  çap et