525.Az

Salxım söyüd hələ də ağlayır... - Nadir Yalçın yazır...


 

Salxım söyüd hələ də ağlayır... -<b style="color:red"> Nadir Yalçın yazır...</b>

"Niyə birdən yoxa çıxdı o bəxtəvər gülüşlər,
Niyə məni belə yıxdı o bəxtəvər gülüşlər..."
(Dəmir Gədəbəyli)

Nənəm atasının ölümünü düz yeddi gün sonra yad taksi sürücüsündən eşitmişdi. Son illərə qədər heç atası barədə bir kəlmə də kəsməmişdi. Nə danışıbsa, babam öləndən sonra danışıb... Babam deyir, taksiylə kəndə gedirdik, asta səslə sürücüdən soruşdum ki, əmi necədi? Dedi, kişi yeddi gün əvvəl dünyasını dəyişib... Nənəm yeddi yaşından sonra atasının üzünü görməyib, atasının gözü can verənə qədər qapıda olub. Nənəm deyir, taksidən xəbəri eşidəndə evimizə qədər uzanan yol illərə tən oldu. Darvazadan içəri girəndə gördüm, anam həyətdə oturub. Qaçdım qucağına, anam ağladı, ağladı, ağladı...

Kəndimizin ən nisgilli kəslərindəndir nənəm... Nənəmin babası Hacalı kişi repressiyanın qurbanı olub. Nənəm həmişə atasından soyuqqanlılıqla danışıb. Onun tam əksi kimi üzünü görmədiyi babasının sürgün olunmasından yana-yana bəhs edib. Nənəm, atasına olan hiddətindən, üzünü görmədiyi babası üçün bir az da artıq darıxıb. Qürurlu qadındır, çox şeyi demir. Amma mən bilirəm ki, babasının acı taleyi ilə bərabər, atasından, doğulub boya-başa çatdığı ocaqdan da ötrü darıxıb ağbirçək nənəm...

Hacıalı kişi Bulduq meşələrinin yiyəsi olub. Stalin rejimi isə, Hacıalı babamın da, onun torpaqlarının da, bütün nəfəs alan həmvətənlərinin də məhvinə hesablanmışdı. Onun qan qoxan siyasətinin qurbanı olan neçə-neçə işıqlı ziyalının sırasında mənim ulu babam Hacıalı kişi kimi neçə-neçə başı papaqlı, əli təsbehli, ağzı dualı nuranilər də olub.

Cavid əfəndinin Müşkinazı, Əhməd Cavadın Şükriyyəsi, Müşfiqin Dilbəri əfsanəyə çevrilib, onların sevgisi dillər əzbəridir. Onlar sadiqlik mücəssəməsi kimi xalqın ürəyində qərar tutublar. Hacıalı babamın da noxudu kəlağayılı, ağ hörüklü, xanım-xatın həyat yoldaşı - Leyla ana onun yolunu ölənəcən gözləyib. II Dünya müharibəsindən oğlunun qara kağızı gəlsə belə, bu dərdi içində közərdə-közərdə yenə ərinin gələcəyinə ümid bəsləyib.

Nənəm öz nənəsindən - Leyla anadan elə ağızdolusu danışır ki... Həmişə nənəmə sərt cavab verəndə, soyuq danışanda, xətrinə dəyəndə öz nənəsindən söhbət açır. Deyir, mən nənəmi anamdan çox istəmişəm, ona görə ana demişəm - Leyla ana...

Hacıalı babadan heç bir nişanə qalmayıb. Amma onun oğlanlarının, qızlarının şəkli var, nəvələri indi də həyatdadılar, hamısı ilə üzbəüz gəlirik. Onların simasına tamaşa eləyib, xəyalımda, nişanəsi qalmayan Hacıalı babanın portretini çəkmişəm: Bığları burma-burma, saçı seyrək, gözləri qonur, alnında, üzündə kələ-kötür qırışlar, amma o qırışlara rəğmən nurlu, çöhrəsi açıq, yanağı qəmzəli, ürəyəyaxın bir sima...

Hacıalı babamla bir yerdə kəndimizdən başqa bir nəfər də sürgünə yollanacaqmış. Amma o, baş götürüb uzaq rayonların birinə gedib, gözdən itib. Hacıalı babam isə, öz ocağında qərar tutub, heç yerə qaçmayıb. Balalarının yanında həzin sonunu gözləyib. Bəlkə də, getməyə yeri olmayıb. Əlacı olsa, ailəsini də yanına alıb köç edərmiş, fələyin əlindən yaxasını qutararmış. Naəlac qalıb...

Elə bilirəm, Hacıalı babamı aparanda çönüb Bulduq meşələrinə sarı, Kürə tərəf uzun-uzun baxıb, bir yanıqlı ah çəkib, o ah yandırıb-yaxıb Kürün sahilindəki salxım söyüdləri...

Bulduq meşələri dedim... Kəndimizin adıdır Bulduq. 1918-ci ilin iyulunda Qafqaz İslam Ordusunun şimal və cənub qrupu Kürdəmir və Şamaxı ərazisini ermənilərdən azad etdikdən sonra Nuru Paşa onu müşayiət edən əsgər və zabitlərlə birgə o bölgənin çox zəngin və imkanlı bəylərindən olan Kərbəlayi Nəcəfqulu bəyin qonağı olublar və Kür çayının sahilində yerləşən evində gecələyiblər. Səhər yeməyindən sonra durub gedərkən Nuru Paşa Kərbəlayi Nəcəfquluya deyib: "Biz burda da olduq, kəndi türkümüzü bulduq". Kərbəlayı Nəcəfqulu bəy ağ atın belində öz çevrəsi ilə  Nuru Paşanı yola salıb qayıtdıqdan sonra deyib ki, "qərarım qətidir, kəndimizin adı "Bulduq" olacaq".

Həmin ev indi də eyni vəziyyətdədi. Bir daşına belə əl vurulmayıb. O evdə lal bir xanım yaşayır. Hərdən elə bilirəm, bütün sirlər, olanlar, keçənlər onun dilində düyünlənib. Hər şey onun qulağına pıçıldanıb, elə ona görə də, dinmir, danışmır...

Kəndimiz qəbirstanlıqda bitir, nöqtəsi oradı. Leyla ananın qəbrinin üstündəki yazılar ərəb hərfləri ilə yazılıb. Onun yanında iki qəbirlik yer var. Yəqin, biri oğlu, biri də əri üçün... Hacıalı babanın harda basdırıldığını öyrənsəm, o boş qəbir yerlərindən bir ovuc torpaq götürüb onun məzarına apararam. Bir də Kürün sahilindəki söyüdü aparıb orda əkərəm. Ora haradı? Uzaq Sibirmi? Bulduqdan Sibirə uzanan yol qəbirstanlığımızın dərdi boydadı... Hə, Leyla ana öləndən həmin söyüdlər saçlarını Kürə sarı əyib ağlayır...

 





16.02.2022    çap et  çap et