525.Az

Etnoqraf alimin 60 yaşı tamam olur - Foto


 

Etnoqraf alimin 60 yaşı tamam olur -<b style="color:red"> Foto</b>

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

AMEA naxçıvan Bölməsinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev diqqətə çatdırıb ki, bölmədə fəaliyyət göstərən, ömrünü Naxçıvanşünaslığın tədqiqinə həsr edən alimlərin 60, 65, 70 və 75 illik yubileylərinin keçirilməsi artıq ənənə halını alıb. Belə tədbirlərin keçirilməsi elm adamlarına göstərilən diqqətlə yanaşı, həm də gənc tədqiqatçılar üçün stimul mənbəyidir.

Akademik yubilyarın həyat və elmi fəaliyyətinə nəzər salaraq bildirib ki, A.Qəhrəmanova AMEA Naxçıvan Bölməsindəki fəaliyyəti dövründə özünü məsuliyyətli elmi işçi, elmə böyük həssaslıqla yanaşan tədqiqatçı və verilən bütün tapşırıqları yüksək bacarıqla yerinə yetirən əməkdaş kimi təsdiq edib. Səbəbkarın sahib olduğu insani məziyyətlərdən söz açan bölmə rəhbəri söyləyib ki, əsl Azərbaycan qadınına xas bütün mənəvi keyfiyyətlər etnoqraf alimdə təzahür edir.

İsmayıl Hacıyev səmərəli elmi fəaliyyəti və anadan olmasının 60 illiyi münasibətilə Aytəkin Qəhrəmanovanı AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Aytəkin Qəhrəmanova haqqında bir neçə söz” başlıqlı məruzəsində alimin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Məruzəçi bildirib ki, Aytəkin Qəhrəmanova 1962-ci ildə Şahbuz rayonunun Kəndşahbuz (indiki Şahbuzkənd) kəndində ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsilini burada başa vurduqdan sonra zəhmətsevər gənc 2 il üzümçülük sovxozunda çalışıb. 1980-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq və biblioqrafiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şöbə müdiri, NDU-nun “Qeyrət” nəşriyyatında redaktor, Naxçıvan Qarnizonunun tam orta məktəbində müəllim və kitabxana müdiri, Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, İ.Qasımov adına Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin müdiri kimi məsul vəzifələrin öhdəsindən layiqincə gəlib. A.Qəhrəmanova 2019-cu ilin iyun ayından AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsində fəaliyyətini davam etdirir.

A.Orucov tədqiqatçının elmi fəaliyyətindən söz açaraq qeyd edib ki, onun 2010-cu ildə uğurla müdafiə etdiyi “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı dissertasiya işi bir etnoqraf kimi inkişafının göstəricisidir. A.Qəhrəmanova qısa müddətdə ərsəyə gətirdiyi 1 monoqrafiya, 30-dan artıq elmi məqaləsi ilə etnoqraf alim kimi formalaşdığını sübuta yetirmişdir. O, hazırda nəşrə hazırlanan “Naxçıvan etnoqrafiyası” ikicildliyinin və Şahbuz rayonunun tarixi ilə bağlı kitabın həmmüəlliflərindən biridir. Ekspedisiyalarda nümayiş etdirdiyi yüksək peşəkarlıq, daim araşdırmaq həvəsi, bu sahədə göstərdiyi yorulmaz fəaliyyəti ilə gənc tədqiqatçılar üçün nümunədir. 

Məruzəçi onun şəxsiyyətinin mühüm keyfiyyətlərini xarakterizə edərək xeyirxah insan, vətənpərvər ziyalı, zəhmetkeş qadın, övladlarına bağlı ana kimi səciyyələndirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Arxeoloji xidmət şöbəsinin müdiri, dosent Zeynəb Quliyeva, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədov və yubilyarın qızı Nigar Abdullayeva tədbirdə çıxış ediblər. Çıxış edənlər A.Qəhrəmanovanın bir alim və Azərbaycan qadını kimi mənəvi keyfiyyətlərindən, onun elmə, ədəbiyyata bağlılığından bəhs edib, alimə ürək sözlərini, xoş arzularını çatdırıblar.

Sonda yubilyar Aytəkin Qəhrəmanova göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

 

 





16.02.2022    çap et  çap et