525.Az

"Hələ uzaqlardan yol gəlir gəmim..." - Əhməd Qəşəmoğlunun şeirləri


 

"Hələ uzaqlardan yol gəlir gəmim..." - <b style="color:red"> Əhməd Qəşəmoğlunun şeirləri</b>

Şəhidlərdən əmanətdir bu vətən

Şəhidlərin ruhu var,
Şəhidlərin ahı var,
Şəhidlərin Allahı var
əmanət qoyub getdikləri
vətənin hər yanında -
şəhərində, kəndində, 
yağmurunda, dumanında...

vətənini sevən insanları
şəhidlər də sevir, dua eləyir,
Allahın müqəddəs məqamlarından...

əmanətə xəyanət edənlərin əməllərindən
şəhidlərin qanı damlayır,
onların tamahlarının üstünə...

inləyir şəhidlər,
lənət yağır onlara
Allahın müqəddəs məqamlarından...

***

yağıya köməksən, qardaş?

düşmən toruna düşən 
vətəndaşlarımıza

millətini dedin mənə,
hörmət ilə gülümsədim...
tarixinin şərəfinə
neçə şirin kəlmə dedim.

türkəm, dedim, üz-gözündə
bir əndişə, hiddət gəzdi...
bilirəm, özün də bilmirsən
səni hansı fitnə əzdi...

elə qulağın öyrəşib
sənə türkü pisləyiblər...
niyə pisdi? səbəbini
açıb aşkar deməyiblər.

Türk qüdrətli olub hər vaxt,
çox olub həsəd çəkəni,
bu həsədin ağrısıyla
dalınca nifrin tökəni.

tarixə nizam verib türk,
sənin taleyin qarışıq -
savaşlardan xilas edib
tapmısan belə yaraşıq.

sən də ona qardaş oldun,
tarixin dolambacında.
indi qovurğa qovurur
şeytan dövranın sacında.

türkəm, dedim - üz-gözündə
bir əndişə, hiddət gəzdi...
bilirəm, özün də bilmirsən
səni hansı fitnə əzdi...

***

insanlığın meyarı

dünyanı yaradan bir vaxt gördü ki,
zaman yetişib ki, insan yaransın.
yer üzü adında bu gözəl məkan
əqlin öz gücüylə əqlə tanınsın.
mələklər dad-aman eylədi, fövrən
- qan tökən varlığı neynirsən, Ustad?!
dedi: - bilmirsiniz mən bilənləri,
nahaqdan hay çəkib etməyin fəryad!

insanı yaratdı, çoxalsın ahəng
mələklər bu eşqi çox alqışladı...
bütün canlılardan ayırdı, seçdi
ona öz ruhundan ruh bağışladı.

hər vaxt yer üzündə insanın borcu
hər yerdə ahəngə ahəng verməkdi...
uçurub yıxdığı əməl ilə də
yeni bir ahəngə doğru gəlməkdi.

bütün peyğəmbərlər, dini kitablar
ahəngə səsləyir daim insanı...
əsl insan olan ahəng yaradır
sən bu əməl ilə hər kəsi tanı.

***

Sizcə...
       (Azərbaycanın Təhsil sisteminə məsul olanlara)

...sizcə, bu elin yetirdiyi, 
dünyanın yönünə 
yön verən dahilərimiz -
məsələn, Bəhmənyar, Nizami,
Sührəverdi, Tusi, Nəsimi, Füzulimiz
birinci sinfə gedəndə
bildikləri nə olub?
daha çox sevindikləri,
güldükləri nə olub?

nə qədər olub
çantalarının çəkisi? 
hansı tərzdə,
hansı həvəsdə olub
onlara dərs deyən
müəllimlərin səsi?

...sizcə, öncə
nə öyrədiblər onlara ki,
qəlbləri 
kainata köklənib?
yer üzünə 
məlhəm olan bilikləri
haqq aləmindən gəlib...

***

hər birimizin nuru var o birimizdə
                       
(tələbəlik dostlarıma)

illər öncə, 
           bir-birimizi 
arzularımızın dünyasında
ilk dəfə görüncə,
bir az ürkəklik gəldi əvvəl
boy-buxunumuza, 
üz-gözümüzə, sözümüzə...

sonra doğmalaşdıq,
bir-birimizin oduna alışdıq,
qaynadıq-qarışdıq,
elm yolunda yarışdıq,
nur yağdı üstümüzə....

işıqlarımızı bölüşə-bölüşə
arxa olduq, kömək olduq,
sirdaş olduq, əməldaş olduq... 
düşdük ömür adlı, həyat adlı 
                 sirr dolu bu dənizə....

indi hər birimizin 
doğma bir nuru var,
gəncliyin alovu dolu 
          bir ömür nağılı var 
o birimizdə...
inşallah hələ uzun illər 
uğurlarımız, fərəhimiz
çiçəkləyər
         ömrümüzdə...   

***

Yaranıb qurtarıbmı insan?

Allahın hər işi gözəldən-gözəl,
Amma düşündürür məni bir məsəl.

baxın nizamına bu təbiətin.
belə qüdrəti yox heç bir sənətin...
bəs insan nə üçün bu qədər sərsəm?
əvvəli, sonu yox bu hekayətin...

bəlkə
Allahın yaratmaq istədiyi insan,
yaranıb qurtarmayıb hələ?
bəlkə Allah insanı 
sonatək yaratmayıb?

canımızı, yaraşığımızı
gözəl yaradan Allah,
bəlkə indi də
ağlımızı, qəlbimizi 
gözəl yaratmaqla məşğul?

***

Allah, məni xilas eylə

Sən qurduğun
bir gözəl yer üzü vardı Allah...

qədrini bilmədi insanlar...
ahəngini pozdular,
alimini, müdrikini qırdılar,
yoxsuluna, kasıbına
zülm içində işlədib,
        var-yoxunu soydular.
qanını sordular...

zalım insanlar, tamahkar adamlar 
yer üzünü
yaman günə qoydular!

qan içində çabalayan
bir yer üzü qurdular...

ha çalışdım kömək edim,
biləyimdən, iliyimdən vurdular...

Allahım! yer üzündə 
yolu 
sənin yolunda olan 
                          yer qalıbsa,
məni ora apar,
qalmayıbsa, yaxamı
yer üzündən qurtar...

***

hansı işıqdan doğulmusan?

sən hansı işıqdan doğulmusan?
təzə yarpaqlayan ağacların
üstünə düşən sübh şəfəqləri
                        səndən danışır...

sən hansı işıqdan doğulmusan?
göy üzünün
hansı qatından enib,
yer üzünün
harasından keçib o işıq?

sən hansı işıqdan doğulmusan?
nə ilahi
nur yayırsan hər yana...

tellərin dil aşıb nədən danışır?
baxışın nə ürkək
                  küsür, barışır...
ömründən ömrümə nələr qarışır?
hansı sirrin 
hansı sirrisən belə?

sən hansı işıqdan doğulmusan?

***

Səhər vaxtı, yolunu gözlərkən

Bəlkə yuxudasan hələ, indi sən,
Sağ əlin üzündə, teli pərişan.
Üzündə yuxunun sirli kölgəsi,
Nuruna bürünüb orada hər yan.

Mələklər uçuşur ehmalca, səssiz
Sənə toxuyurlar bir nur çələngi...
Nəsə pıçıldağır dodağın indi,
Sübhün al vədəsi - yanağın rəngi.

Gül kimi yaradıb yaradan səni
Sənə bənzəyən gül, ilahi bir gül.
Yer üzü həsrətdi qədəmlərinə
Oyan, yer üzünə nur içində gəl.

Sübh üzü qalıbdı hüsnünə heyran,
Sənsə yuxudasan, göy üzündəsən.
Yataqda yayılıb tellərin ürkək,
Təbəssüm içində, gül mislindəsən.

Qəlbin arzu dolu, nurundan bəlli,
Mələklər aləmi sənin aləmin,
Hələ şəfəq-şəfəq göy üzündəsən,
Hələ uzaqlardan yol gəlir gəmin.

Fərqli bir aləmin fərqli gözəli,
Qəlbinin hər teli nura köklənib,
Hələ xəbərin yox, bu sübh üzü də
Sənə xeyir-dua verməyə gəlib...

***

İlk dəfə...

Təzəcə adlayıb yaşı on dörddən,
Gözəl cilvəsinə təzəcə girib,
Bəlkə də ömründə birinci gündür,
Qəlbinə eşq odu, gizlincə gəlib.

İlk dəfə çağlayır qəlbində sevgi,
Qorxuyla səksənən gözləri deyir,
Kəsilən nəfəsi, əsən əlləri,
Titrəyə-titrəyə dizləri deyir.

Dünyada hər şeyin rəngi dəyişir,
Hayana baxırsa, diksinir, çaşır.
Gah özün itirir, gah donub qalır,
Gözü yaşla dolur, qaşı tutaşır.

Təzəcə adlayıb yaşı ondörddən,
Gözəl cilvəsinə təzəcə girib...

***

güllərdən gözəl

gülə məhəbbətdən, 
sənə məhəbbətdən
gülə bənzətdilər səni...
güldən doğuldu adın...

böyüyüb boy atdıqca,
mələklərdən yaraşıq, baxış,
                       ifal aldıqca
güllərdən gözəl oldun...

ilahi səsin kimi
güllərin səsi yox ki,
baxışların qədər
gözəl deyil ki, onlar...

bir dəfə ah çəkdin, sənin ahınla
qəlbim elə titrədi...
güllər eləyə bilməz onu,
güllərin yox o qüdrəti...
 

 





17.02.2022    çap et  çap et