525.Az

Qərib türklərin nakam şairi - İlim Səfil


 

Qərib türklərin nakam şairi - <b style="color:red"> İlim Səfil</b>

Ahıska türklərinin mədəniyyət xadimi və şairi İlim Səfil (İlim Şahzadayev) əslən Altunqala-Koblıyan bölgəsinin (indiki Adıgün rayonu) Pulate kəndindəndir. Əzəmətli hərbi istehkam olan Altunqala ilə tanınan bu bölgənin Caklı bəyləri 1267-1268-ci illərdə buranı Ahıska atabəyliyi elan edib və 1578-ci ildə Osmanlının gəlişinə qədər 310 il onun faktiki müstəqilliyini qoruyub saxlayıblar. Gürcülərin Saataqo - Atabəylər yurdu adlandırdığı Ahıska Atabəyliyi sülaləsinin son nümayəndəsi, Almaniya təhsilli Osman Sərvər Atabəy XX əsrin əvvəllərində Ahıska türklərinin milli qurtuluş savaşına öndərlik edib, xalqı erməni-bolşevik qırğınından qurtarıb və sovetlərin gəlişi ilə Türkiyəyə köçərək millət vəkili seçilib.

1944-cü il sürgünü ərəfəsində Pulate 200 evdən ibarət mühafizəkar dağ kəndi olub. Kəndin sakinləri qədim oğuz-qıpçaq sülalərinə gedib çıxan ulu türk soylarından - Qayadədəgil, Hemidağagil, Coşğundədəgil, Təmiroğulları, Əcərəlilər, Dursundədəgil, Yuxalar, Qurtalar, Surolar, Husogil, Səfərağagil, Tahirdədəgil, İşıqdədəgil, Ömürdədəgil, Kuşogil, Üzeyirlər, Durojalar, Yeqanağagil kimi köklü türk sülalələrindən ibarət olub.
Ecazkar təbiəti olan bu yurdumuz Saburtağ, Yalbuz, Baxacax dağları, Qostama, Hamzula, Axaşen meşələri, Pulate çərmüyü, Sabiyetdərə çərmüyü, Qara puvar, Cift puvar, Süd puvar, Dibsiz göl, Cazi gölü ilə əhatələnib. Kənd camaatı Qostamalar, Qıraclar, Gülbaxça, Qamabaxça, Çəyürməbaxça, Ardmulbaxça kimi bərəkəti tarla və bağlar salıb.

Pulatelilər əski türk inancı ilə Şəhidlər və Qəriblər məzarlıqlarına, Əhmədağa, Molla Məhlud, əvliya Abdul dədə, Lazistanlı Xoca türbələrinə tapınıblar. Kəndin Molla Maqsud, Molla Əhməd, Molla Şəmşət kimi xocaları, Sınıxçı Əhməd, Misli əmi, Molla Məhəmməd kimi təbibləri olub.
Sayılıb-seçilən Kuşolar soy-taxımından olan İlimin babası Molla Məhəmməd Səfili - "Koroğlu"nu Vəli Xulufluya söyləyən aşıq və şair, Hacı Zeynalabdin Tağıyevlə dostluq edən üləma, insanlara şəfa verən təbib olub. 1937-ci ildə bolşeviklər tərəfindən həbs ediləndən sonra onunla əlaqə kəsilib və elə həmin il güllələndiyi təxmin olunur. Molla Məhəmmədin qardaşı Maqsud Xoca da savadlı din xadimi olub. 1920-ci illərdə sovetlərin təqibindən Türkiyəyə qaçıb, Posxovun Badele kəndində mollalıq edib. Fəxrəddin Kırzıoğlu Məhəmməd Səfilinin əlyazmalarını 30-cu illərdə Maqsud Xocadan əldə edib. Maqsud Xocanın 1990-cı illərin əvvəllərində Bakıda tanış olduğum oğlu Dəmiralı Kuşu da Türkiyədə imamlıq edib, Ahıska türkləri dərnəklərində çalışıb və Vətən mövzusunda qara sevdalı şeirlər yazıb. 
Belə bir ziyalı nəslinin nümayəndəsi olan İlim 1951-ci ildə Özbəkistanda anadan olub, 1959-cu ildə ailəliklə Azərbaycana köçüb, Saatlının Fətəlikəndində yerləşiblər. Daşkənd Politexnik İnstitutunda oxuyub, 1972-ci ildən əmək fəaliyyətinə başlayıb, 1978-ci ildən Fətəlikənd Mədəniyyət evinin direktoru işləyib. Ahıska türklərinin Vətən mücadiləsinin fəallarından olub, sürgün mövzusunda məqalələr yazıb. Ahıska türkləri "Vətən" cəmiyyətinin mətbu orqanı olan "Vətən eşqi" qəzetinin nəşrində iştirak edib. 

1986-cı ildə folklor səfərlərim zamanı İlim Şahzadayevin nəcibliyinin, şairlik istedadının, alovlu yurd sevgisinin şahidi oldum. Fətəlikənddə məni həvəslə müşayiət edirdi, ağsaqqal və ağbirçəklərlə görüşümə yardımçı olurdu. Onunla köyü gəzərkən ürəkləri sözlə dolu qəriban ağsaqqal və ağbirçəklərlə - Kuşogillərdən Gülcan Süleyman qızı, Hemidağagillərdən Şişə Məhəmməd qızı, Husogillərdən Qayat Rəhman qızı, Üzeyirlərdən Alisultan Məmmədov, Coşğundədəgillərdən Anşa İsmayıl qızı ilə söhbətlərdə nisgilli məqamlar yaşadıq, türk ruhunun qüdrətini və zərifliyini duyduq, qürurlandıq və kövrəldik. Daxilən həssas və kövrək insan olan İlimin zahiri görkəminə sanbal və ağayanalıq xas idi, şair kimi incə təbi və iti qələmi vardı. Babası haqqında eşidib-bildiklərini, mənim xahişimlə, qələmə aldı və özünün "Haxlıma gəldi" şeiri ilə birgə təqdim etdi. Sonradan bunları kitabda çap etdim. Təəssüf ki, vaxtsız əcəl yaradıcılığını davam etməyə qoymadı, əsərlərindən qalanlar elə bunlar oldu. İlim çox yaza bilərdi, ancaq vətənsizlik acısı və sıxıntılar onu üzdü, əlacsız xəstəliyə tutuldu. 2006-cı ildə varlığını saran yurd xiffəti ilə dünyadan nakam getdi, içindəkiləri özü ilə apardı. 

Tarix sanki təkrarlandı - sovetlərin qətl etdiyi babası Məhəmmədin də əsərlərinin əksəri itib-batdı, məzarı da tapılmadı. Bolşeviklərdən qaçıb Türkiyəyə sığınmış Maqsud Xocanın və oğlu Dəmiralı Kuşunun da həyatı vətən xiffətilə keçdi. Bütün bu insani acılar sadəcə fərdlərin deyil, bütöv bir xalqın faciəsidir, məsum türk toplumunun mənəvi soyqırımdır. Təəssüf ki, ondan çox ölkəyə səpələnmiş ahıskalıların milli faciəsi indi də davam edir, nəsildən-nəslə keçir,  yaddaşlara, düşüncələrə, saza-sözə hopur. Bu milli faciəni Ahıskanın Kuşolar sülaləsi də qədərincə yaşayıb. Kuşolar soyunun müxtəlif yerlərdə və dövrlərdə yaşamış üç nümayəndəsinin şeirlərindən aşağıdakı nümunələr ahıskalıların sürgün faciəsinin dərinliyini və həm də türkün vətən eşqinin sönməzliyini, yurda dönüş əzminin sarsılmazlığını aşkarlayır...
Aşıq Məhəmməd Səfilinin gələcəyi fəhmlə görüb 1920-lərdə yazdığı "Qürbət" şeirində deyilir:

Dedim, gönül, sənə, getmə,
Çətin olur yolun qürbət,
Xısım-əğrəbə bulunmaz,
Yüzdə qalur ölün qürbət.

Ataşa yandurma özün,
Ah çekar, qan ağlar gözün,
Qərib yerdə geçmaz sözün,
Qısa eylar dilin qürbət.

Səfili oda yandurur,
Kim su səpər, kim söndürür?
Bin günün birə endürür,
Axır bükər belin qürbət.

Əməkli imam Dəmiralı Kuşunun yazdığı "Dərdə" şeirində isə bu misralar yer alıb:

Çəkməyən nə bilir sürgün dərdini,
Ancaq bilir tərk edənlər yurduni.
Parçaladı cəmiyyəti, fərdini,
Nərdə anam, babam, akrabam nərdə?
Düşmüşüz, kardeşim, çarəsiz dərdə!..

Bu acıyı, bilin, çəkəməz dağlar,
Halimizə insan olanlar ağlar,
Tarumar edilmiş baxçalar, bağlar,
Nərdə bənim yurdum, məskənim nərdə,
Düşmüşüz, kardeşim, şifasız dərdə...

Qərib türklərin nakam şairi İlim Səfil Çahzadayev "Haxlıma gəldi" şeirində yazır:

Həsrətin çekduğum gözəl vətənin 
Abu-havası da haxlıma gəldi. 
Ağladuxca axar gözlərim yaşi, 
Dupduri puvari haxlıma gəldi. 

Uzaxdan baxarsın - yeşil təpəli, 
Yaxına gedərsin, gülli-çiçəkli, 
Qarşında dururdi gəlin ləçəkli. 
Qarli-buzli dağlar haxlıma gəldi. 

Dərənin ədrəfi yem-yeşil xali, 
Çıxanda gəzməyə görükməz ardi, 
Gəzərdi içində avisi, kurdi,
Çamli-namudli meşə haxlıma gəldi. 

Yazın ortasında xarmanlar dolar, 
Küsənlər barışur, toy-bayram olar, 
Güzə yaxın meyvələrin döşrular, 
Pantasi, furuci  haxlıma gəldi.
 

 





17.02.2022    çap et  çap et