525.Az

Ənvər Əhmədlə Ağcabədidə son görüş


 

Ənvər Əhmədlə Ağcabədidə son görüş<b style="color:red"></b>

Sevimli tələbələri Səxavət Tağlar və Vahid Tağıyevlə birlikdə Ağcabədi şəhərindəki evində görüşdük bizə çox doğma, əziz olan Ənvər Əhmədlə... İlk dəfəydi ki, kəlmə kəsmədən, söz belə demədən dayanıb baxışdıq. İlk dəfəydi ki, Ənvər müəllim "Bıy, ə, sizin qadanızı alım" - deyə qarşılamadı bizi. Gözlərimizlə hal-əhvallaşdıq. Baxışlarımızla anlaşdıq. İlk dəfəydi ki, dililə demək istədiyinin səmtini tuta bilmədik... Əyilib alnından öpdüm, Allahı, dini, dili, doğmaları yanında həmişə açıq olan alnından. "Tərəkəmə" poemasına yazdığı proloqdan yaddaşımda qalan sətirləri xatırlaya-xatırlaya öpdüm o açıq alından: "Atamın 24 yan keçəsindən tikdirdiyi muxru mənim ilk mərmər sarayım, ilk möhtəşəm həyat beşiyim olub... Zoğal çomağımı, bəlgəmi götürüb zarafat xatirinə çobanlarla qarşılaşdım, qıyxırıq qopardım" yazırdı Ənvər müəllim o proloqda. 

İndi yüngül mələfə belə ağırlıq edirdi zərif, zəifləmiş vücuduna. Çətinliklə xatırlayırdı doğmalarını... "Bir uçulmaz divaram ki!" misrasını yazan əlinin əlimi tutmağa heyi yox idi... 

Lap gənclik illərimdən ruhuma bir köynək daha yaxın olub Ənvər Əhməd poeziyası; sadəliyi, səmimiyyəti, pilə kimi yumşaqlığı, dünyagörmüşlüyü ilə. Dil əzbərim idi bu kövrək misraları: "Götürün yolları səmadan asın, bir ana izi də tapdalanmasın..."

1977-ci ilin söhbətidir... Sənədlərimi ali məktəbə təqdim etmək üçün hazırlaşırdım. Məndən bir neçə gün əvvəl Xankəndində fəaliyyət göstərən Pedaqoji İnstitutunda qəbul imtahanı verəcək sinif yoldaşım fərəhlə danışırdı ki, sənədlərimi qəbul edən şəxs şair idi, adı da Ənvər Əhməd! Aradan illər keçib, ancaq indinin özündə də mən sinif yoldaşımın keçirtdiyi o fərəh hissini unuda bilmirəm. Ona görə ki, dostum o söhbəti elədikcə iç dünyamda qəribə bir qibtə hissi baş qaldırırdı. Yəni, sinif yoldaşım canlı şair görmüş, canlı şairlə ünsiyyətdə olmuşdur. 

Bu, mənim Ənvər Əhməd imzası ilə ilk tanışlığım idi... İkinci tanışlığımıza şeirlər kitabı vəsilə oldu. O kitabda çoban tütəyinin səsi, avazı haqqında bir şeir vardı. Oxuduğum andan heç unutmadım.

Şəxsi tanışlığımız isə Ağcabədi şəhərində, Ənvər müəllimin rəhbərlik etdiyi institutun həyətində baş tutdu.

İmişli rayonundan olduğumu bilən kimi həmən məni bağrına basdı. Üzümdən öpdü. "Anamın torpağındansan sən" - dedi. Dönə-dönə təkrarladı: "Bıy, qadan alım ə, sənin". 

Həyatımın ən üzüntülü, hüznlü günlərində Ənvər Əhməd poeziyası mənim üz tutduğum məkan olub. Çünkü ta uşaqlığımdan yaşadığım mühitin, dağ-aran arası tərəkəmə köç-düşlərinin bütün mənzərəsi onun yaradıcılığında ən kiçik detallarına qədər şəkillənib. Hər dəfə yaddaş dolaylarımda cövlan edən, anidən görünüb yox olan və eyni hərəkətliliklə də yenidən göz önünə gələn ulduzlar kimi həmişə xatirələrimi izləyib Ənvər müəllimin duyğulu şeirləri. Həmişə mənə elə gəlib ki, onun poeziyasının başlıca mövzusu elə mənim özümün taleyim, ömrüm-günüm, yaşantılarımdı. Bu səbəbdən belə doğmadı mənə. İllah da əriş-arğac dağ-aran yollarının köç-düşlərini şəkilləndirən məqamları ilə. İllah da ömrünün bütün məqamlarında ana adına, ana ünvanına bəslədiyi ilahi sevgisi, bağlılığı ilə... Ənvər müəllimin Aran-dağ arası bozqırlara, "süsənli-sünbüllü" yaylaqlara olan sevgisi, bağlılığı həm də anasının adıyla bağlıdı. Deyir ki: "Anamdan qalan xatirə, yadigarlardı o yerlər..." Bu mövzuda silsilə şeirlər yazıb. Hər dəfə o şeirləri yenidən oxuyanda "dünyanın ən ağlar ana şairi" olan Ənvər müəllimin tanıdığım gündən bu yana yaddaşıma hopan səmimiyyətini, kövrəkliyini, doğmalığını böyük minnətdarlıq duyğuları ilə yad edirəm... 

İndi bu susqun halında halını sormağa dilim gəlməyir. 

İndi bu susqun halında Ənvərdən keçən dünyaya deyiləsi sözümün qalmadığına dönüb-dönüb yanıram. Ənvərdən keçən dünyama qəhr etmək istəyirəm.

Gözlərimizlə, baxışlarımızla hal-əhvallaşırıq. Baxışlarımızla halallaşırıq. Bir daha əyilib alnından öpürəm...

 





17.02.2022    çap et  çap et