525.Az

Azərbaycan Cümhuriyyəti Hökumətindəki və Parlamentindəki polyaklar


 

Azərbaycan Cümhuriyyəti Hökumətindəki və Parlamentindəki polyaklar<b style="color:red"></b>

Azərbaycanın Xalq Cümhuriyyəti dövründə Sosial Təminat naziri olan Viktor Viktoroviç Klenevski 1883-cü ilin fevralında Yelizavetpol (Gəncə - red.) şəhərində anadan olub. Milliyyətcə polyak olan Klenevski, Universitet təhsili almışdı və ixtisasca hüquqşünas idi.

V.Klenevski Universitet təhsilini bitirdikdən sonra Tiflisdə dövlət işində çalışmışdı. O, burada Qaçqınların işlə təmin edilməsi üzrə şöbə müdiri, Tiflis Dairə məhkəməsinin üzvü olmuşdu. Tiflisdə Qafqaz cəbhəsindən olan qaçqınların işi ilə məşğul olur, onların işlə təmin edilməsinə çalışırdı. Klenevski o dövrdə bu sahədə artıq yüksək nüfuz qazanmışdı. Bu nüfuzunun nəticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə onu Sosial Təminat (Himayə) Nazirliyində Qaçqınlarla iş üzrə idarəyə rəis təyin edirlər. Onun Azərbaycana dəvətində hökumətdə nazir olmuş K.Lizqarın rolu var idi.

V.Klenevski 1918-ci ilin dekabrında nümayəndə heyətinin başçısı kimi Zəngəzura və Qarabağa gedib qaçqınların vəziyyəti ilə tanış olmuş, onların ağır, dözülməz vəziyyətinin aradan qaldırılması ilə bağlı təcili tədbirlər görülməsi üçün hökumətə geniş məruzə hazırlamışdı. Onun bu məruzəsi parlament üzvləri arasında da geniş yayılmışdı.

V.Klenevski 1919-cu ilin martın 14-də N.Yusifbəylinin təşkil etdiyi ikinci (ümumi sayca beşinci) Hökumət kabinetində Slavyan-Rus Cəmiyyətinin təmsilçisi kimi Sosial Təminat (Himayədarlıq - red.) naziri təyin olundu. O, bu vəzifəni 1919-cu ilin dekabrın 24-nə - hökumətin istefasına qədər icra etdi.

Nazir vəzifəsində çalışarkən xeyriyyəçilik fəaliyyətinə üstünlük verir, kimsəsiz uşaqların qayğısına qalır, hökumətin yığıncaqlarında, idarəçilik xarakterli toplantılarda iştirak edirdi.

V.Klenevski nazir olaraq Azərbaycan Parlamentində ilk dəfə 1919-cu ilin 14 iyulunda keçirilən 55-ci iclasında çıxış etdi.

H.Ağayevin sədrliyi, Ə.Cövdətin (Pepinovun - red.) katibliyi ilə keçirilən iclasda 13-ə qədər məsələ müzakirəyə çıxarıldı. Müzakirə edilən 12-ci məsələdə Ermənistandan olan müsəlman qaçqınlarına, 13-cü məsələdə isə Zəngəzur qaçqınlarına yardım nəzərdə tutulurdu. Hər iki məsələ üzrə əsas məruzəçi Ə.Əmircanov idi.

Bu məsələlər ətrafında M.Rəfiyev, R.Ağabəyov, H.K.Sanıyev, S.M.Qənizadə, A.Aşurov, A.Kazımzadə, M.Hacıbabayev çıxış etdilər.

M.Rəfiyevin ikinci dəfə çıxışından sonra söz Sosial Təminat naziri (sədr onu belə təqdim edir: Ümumi Xeyriyyə naziri) Klenevskiyə verildi. O, çıxışında dedi: "Hökumət bütün gücünü qaçqınlara köməyə sərf edir. Ancaq necə kömək etmək? Onların özlərini saxlaması üçün ən aşağı yaşam xərci ilə təmin etməliyik. Aşağı yaşam xərci hazırda ayda 600-800 rubl həcmindədir. Göründüyü kimi, heç bir dövlət, o cümlədən, Azərbaycan indiki vaxtda bu qədər pulu sərf edə bilməz. Əgər minimumdan hesablasaq, buna 40 milyon rubl sərf etmək lazımdır. Himayədarlıq Nazirliyinin (Sosial Təminat - red.) vəzifəsi bir tərəfdən qaçqınların yaşamağını təmin etmək, digər tərəfdən bütün yollar axtarıb təsərrüfatı bərpa etməkdir. Ən başlıcası onları işləməyə öyrətmək və məcbur etməkdir. Nazirlik də hazırda Qarabağda emalatxana şəbəkəsi təşkil edir. Burada çıxış edən natiqlərdən birinin "emalatxana yalnız kağızda mövcuddur" deməsi düzgün deyildir. Ona görə ki, Nazirlik bu emalatxanaların açılmasına yeni başlayıb və artıq Ağdamda, Bərdədə açılıb, hazırda Qarabağda açılır".

V.Klenevski çıxışında başçılıq etdiyi Nazirliyin qaçqınları işlə təmin etmək imkanlarını araşdırdığını, onların ərzaqla təmin edilməsi və cəmiyyətin faydalı üzvünə çevrilməsi ilə bağlı çalışdığını qeyd etdi.

O bildirdi ki, Nazirliyin səlahiyyətinə aid olmasa da, Xankəndində xəstəxana açılıb və Səhiyyə Nazirliyinə təqdim ediləcək.

V.Klenevski Zəngəzurda həkimin, feldşerin sayının az olmasını onların aldıqları 670 rubl həcmindəki aşağı miqdarda olan maaşla izah etdi. Qeyd etdi ki, bundan ötrü həkimlərin maaşları artırılmalıdır. O bildirdi ki, səhiyyə dəstələrinin də təşkilinə başlanılıb. Və ilk olaraq Qarabağda yaradılacaq. V.Klenevski eyni zamanda Şamaxıda 15 qida məntəqəsi və xəstəxananın açıldığını, tezliklə dağılmış evlərin bərpasına başlanılacağını qeyd etdi. O, Suraxanıdan Mərdəkana qədər yolun çəkilməsi üçün 3,5 milyon rubl lazım olduğunu da söylədi.

V.Klenevski çıxışının sonunda qaçqınların öz yerlərində qalması üçün Daxili İşlər və Əmək nazirliklərinin təmsilçilərindən, eləcə də yerlərdəki nüfuzlu adamlardan və parlament üzvlərinin birindən ibarət olan komissiya yaradılmasını təklif etdi.

V.Klenevski Azərbaycan Xalq Cümhuriyyətində F.X.Xoyskinin 1918-ci ilin 26 dekabrında təşkil etdiyi Hökumət kabinetində Ərzaq naziri vəzifəsini icra etmiş K.Lizqarın ən yaxın dostu idi. Onların hər ikisi 1918-ci ildə Tiflisdə əsası qoyulmuş Slavyan-Rus Cəmiyyətinin üzvləri idi.

Bu cəmiyyət 1918-ci ilin dekabrın 7-də Müttəfiq qoşunların komandanına vurduğu 315 saylı teleqramda Azərbaycan Parlamentinə beş nəfər üzv göndərməsi haqqında məlumat vermişdi.

1919-cu ilin dekabrında N.Yusifbəylinin başçılıq etdiyi Hökumət kabineti istefa verdikdən sonra V.Klenevski də nazir vəzifəsindən uzaqlaşdı. Bundan sonra o, əvvəl Petrovsk şəhərinə getdi, Azərbaycan naziri kimi əks-kəşfiyyat tərəfindən həbs edildi. V.Klenevski iki gün həbsdə saxlanıldı, sonradan Rostov şəhərinə yola salındı. Burada onun məqsədi iş tapmaq idi. O burada bir müddət xəstələndi və 1920-ci ilin mayında Don-Rostanın (Rusiya Teleqraf Agentliyinin Don Vilayət şöbəsi) məsul əməkdaşı kimi çalışdı. Sonra Tiflisə ezamiyyətə göndərildi.

V.Klenevski Bakıdan kənarda Fövqəladə Komissiyanın 1238 saylı orderi ilə əməkdaş Mirko tərəfindən 18 noyabr 1920-ci ildə Vladiqafqazda həbs olundu. O, həbs ediləndə həyat yoldaşı Klavdiya Andreyevna 30 yaşında, qızı Kseniya isə 8 yaşında idi.

V.Klenevski 1920-ci ilin dekabrın 1-2-si arasında Bakıya gətirildi. Dekabrın 3-də isə onu AzFK-nın müstəntiqləri sorğu-suala çəkdilər. Ona qarşı irəli sürülən əsas ittiham Azərbaycan Xalq Cümhuriyyətində nazir olması idi.

Ağır istintaq proseslərindən sonra onu bolşeviklərlə əməkdaşlıq etməyə razı saldılar. Bundan əlavə, onun özü də bu məzmunlu müraciəti 1920-ci ilin 12 dekabrında FK sədri Xanbudaqova ünvanladı.

1920-ci il dekabrın 25-də AzFK-nın müstəntiqi Ponomaryov "Müsavat naziri" kimi ittiham olunan V.Klenevskinin həbsdən buraxılması haqqında qərar çıxardı.

V.Klenevskinin həbsdən sonrakı həyatı haqqında məlumat öyrənmək mümkün olmadı.

Stanislav Stanislavoviç Vonsoviç (1889-?) Azərbaycan Parlamentində polyak komitəsinin nümayəndəsi olub. O, 1889-cu ilin mayın 8-də zadəgan ailəsində doğulub. Peterburq Universitetinin Hüquq fakultəsini bitirib. Çar Rusiyası ordusunda zabit olaraq xidmət edib.  S.S.Vonsoviç Polşanın Bakıdakı Konsul agentliyinin katibi vəzifəsini yerinə yetirib. Azərbaycan Parlamentində Qanunvericilik komissiyasının katibi kimi çalışıb. 1920-ci ilin avqustun 14-də rus bolşevikləri tərəfindən həbs edilib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində S.S.Vonsoviçə aid olan PR-20193 saylı istintaq işindən məlum olur ki, o, 1920-ci ilin dekabrına qədər həbsdə saxlanılıb. S.S.Vonsoviç həbs edilərkən həyat yoldaşı 28 yaşında, oğlu Stanislav isə 5 yaşında olub.

S.S.Vonsoviç istintaqa verdiyi ifadədə Bakıda çoxdan yaşadığını və buradakı polyakların hamısını tanıdığını bildirmişdi.

S.S.Vonsoviç sonradan həbsdən azad edilib.

Polşa əhalisinin nümayəndəsi olaraq S.S.Vonsoviç Azərbaycan Parlamentində (1918-1920) belə bir bəyanatla çıxış etmişdi: "Polşa əhalisi adından, Parlament üzvlərinin simasında Azərbaycanda yaşayan bütün xalqları, sədrlik hüququ ilə bu hakimiyyətin tamhüquqlu daşıyıcısı olan Parlamenti, eləcə də çətin dövrlərdə dövlət quruculuğunun ağırlığını öz çiyinlərində daşıyan bütün şəxsləri və təşkilatları salamlayıram.

Əhalinin kiçik bir qrupunun nümayəndəsi olaraq, Parlamentdəki siyasi partiyaların qüvvələr nisbətini və onların vəzifələrini özüm üçün kifayət qədər araşdırmadan, buradakı işimdə riayət edəcəyim davranış xəttinə dair ətraflı bəyannamə təqdim etməyi mümkün hesab etmirəm. Bununla belə, özümün buna münasibətimin ümumi cəhətlərini izah etməyi özümə borc bilirəm.

Azərbaycan Respublikası adlanan dövlət quruluşu, hələ ki, hüquqi görkəm almamış sosial-tarixi yaranış amilidir, buna görə də, ilk növbədə, Azərbaycanın dövlət orqanlarının hakimiyyət hüdudlarını və səlahiyyətlərini müəyyən etmək və onların qarşılıqlı münasibətlərini tənzimləmək lazımdır. Parlament hökuməti seçərkən ona bütünlüklə hakimiyyəti yox, yalnız icra hakimiyyəti verməli və onun üzərinə özü qarşısında məsuliyyət qoymalıdır.

Yalnız hökuməti seçməklə və ehtimal olunan təsis yığıncağının toplanmasına qədər qanunvericilikdən kənarlaşmaqla Parlament, istənilən tərəfdən hakimiyyət iddialarının cərəyan etdiyi hazırki dövrdə son dərəcə zəruri olan mənəvi nüfuzdan hökuməti məhrum etmiş olar. Daha sonra, dövlət vəzifələrinin icrasına başlayarkən Parlament daxili sülhün bərqərar olması məqsədi ilə, ilk növbədə, istər ictimai, istərsə də şəxsi hüquq sahəsində qanunun gücünü möhkəmləndirməlidir. Bu istiqamətdə Azərbaycan Respublikasının yaranmasından əvvəl mövcud olan qanunvericiliyinin ardıcıl surətdə ötürülməsi qaydasını və hüdudlarını müəyyən edən hüquq normalarının yaradılması son dərəcə zəruridir.

Hüquq qaydasının mənafeyi çərçivəsində, vətəndaşların sərbəst fəaliyyətinin bütün sahələrini dövlət müdaxiləsindən təcrid edən möhkəm hüquqi zəmanətlərin yaradılması da çox vacibdir. Bu zəmanətlər şəxsiyyətin və ictimaiyyətin inkişafını təmin edir. Dövlətin sosial vəzifələrinin geniş demokratik əsaslar üzərində həyata keçirilməsini tam dəstəkləyərək və bu vəzifələrin qanunvericilik yolu ilə həyata keçirilməsini arzulayaraq düşünürəm ki, hazırda cərəyan edən hadisələr səbəbindən bu vəzifələr öncül mövqe tutmamalıdır, çünki hakimiyyət uğrunda gərgin sinfi mübarizə gedərkən elementar hüquqi qaydalar mövcud olmadan geniş sosial islahatları dövlət miqyasında həyata keçirmək olmaz, çünki bu, dövlətdə məhvedici mərkəzdənqaçma qüvvələri yarada bilər. Xalqların özünü müəyyənləşdirməyə başlaması sonuncu beşillik müharibə zamanı bəşəriyyətin fəthinə çevrilsə də, son dərəcə qeyri-müəyyən olaraq qalır. Bu başlanğıca istənilən məzmunu sığışdırmaq olar, amma mənim fikrimcə, bu başlanğıc mədəni fəthlə tanına bilər, çünki bu, o mənada anlaşılmalıdır ki, heç bir millət başqa bir millətin istibdadına məruz qala və onun köləsinə çevrilə bilməz, hər bir millət öz ərazisinin hüdudları çərçivəsində özünün müstəqil siyasi mövcudluğunu təmin etməli, bu zaman həmin ərazidə məskunlaşmış digər xalqların siyasi hüquqlarına təsir göstərməməli və məhdudlaşdırmamalıdır. Yalnız bu mənada xalqların özünü müəyyənləşdirməsinin başlanğıcı müasir mədəni bəşəriyyət üçün məqbul hesab edilə bilər və bu, müstəqil siyasi məişətə malik olmaq istəyən hər bir millət tərəfindən həyata keçirilməlidir. Əminəm ki, Azərbaycanda say baxımından üstünlük təşkil edən xalq gələcəkdə dövlət quruculuğunda başqa yol tutmayacaq, Azərbaycanda məskunlaşmış bütün xalqlarla dostluq şəraitində birgə çalışaraq həqiqi demokratik və müstəqil dövlət yaradacaq və bu dövlət qonaqpərvərcəsinə Avropa xalqları ailəsinə qəbul ediləcək.

Bir daha Azərbaycanda məskunlaşmış bütün millətləri salamlayıram! (Alqışlar)".

 





18.02.2022    çap et  çap et