525.Az

Tariximizin qara səhifəsi: Qarabağda Xan ailəsinin torpaqları necə zəbt olundu?


 

Tariximizin qara səhifəsi: <b style="color:red"> Qarabağda Xan ailəsinin torpaqları necə zəbt olundu?</b>

Sovet dövründə tarix dərsliklərində Şimali Azərbaycanın 1813-cü ildə işğalını bizə Rusiyaya birləşmə kimi təqdim edənlər, bu hadisə ilə yurdumuzda sülhün, əmin-amanlığın yaranmasını önə çəkirdilər. Halbuki Rusiyanın Cənubi Qafqaza gəlişindən sonra başqa bir formada milli faciələrimizin əsası qoyuldu.

Bəlalarımız 1804-cü ildə Gəncə istila edilib Cavad xan öldürüldükdən sonra başlandı. Bir il sonra Qarabağ xanı İbrahimxəlil xan məcburən "Kürəkçay müqaviləsi"ni imzalamaqla general rütbəsini, rus təbəəliyini qəbul etdi. Daha bir il bir ay keçmədi ki, 12 iyun 1806-cı ildə İbrahimxəlil xan 17 nəfər ailə üzvü ilə birlikdə Şuşa yaxınlığındakı Xan bağında mayor Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. Baş verən vəhşiliyi "malalamaq" məqsədilə, üç ayın tamamında Mehdiqulu xan Cavanşir Qarabağ xanı kimi atasının yerinə gətirildi.

Lakin zaman keçdikcə Tiflisdə oturan Qafqaz canişinliyi Qarabağ xanlığını zəiflətmək üçün bütün müstəvilərdə cəhdlər etdi - həm siyasi, həm də iqtisadi cəhətdən onu sıxışdırmağa başladı. Təzyiqlərdən cana doymuş Mehdiqulu xan yaxınlarını başına yığıb, 1822-ci ildə Arazdan cənuba adladı. Bu fürsətdən yararlanan Çar hökuməti həmin ildən xanlığın ləğvini elan etdi.

Əlbəttə, xanlığın ləğvi ilə Qarabağ mahalının sıxıntıları bitsəydi, dərd yarı idi. Altı il də keçdi, 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra, on minlərlə erməni ailələri mahalın ən səfalı, münbit torpaqlarına köçürülüb, yurdumuzun daimi "baş ağrısı"na çevrildilər.

Bu dövrdə Tiflisdəki Qafqaz canişinliyinin köhnə rəhbərliyi yenisi ilə əvəz edildi. Yeni canişin, Mehdiqulu xanla danışıqlar aparıb, fərqli vədlər verərək onu Qarabağa qaytara bildi. 1845-ci ildə Mehdiqulu xan Cavanşirin vəfat etməsi ilə onun bütün daşınmaz əmlakının - mülklərinin, torpaqlarının ixtiyaratı arvadı Bədircahan bəyimə və yeganə varisi olan 13 yaşlı Xurşid Banunun vərəsəliyinə keçdi. Bildiyimiz kimi, Bədircahan bəyim Uğurlu xan Ziyadoğlu Qacarın qızı, Gəncə xanı Cavad xanın nəvəsi idi. Xandan qalan mülk və torpaqları qamarlamaq uğrunda aparılan mübarizədə istər Bədircahan bəyimin, istərsə də Xurşid Banunun bu zamandan bəri başları qovğadan əskik olmadı. Bir tərəfdən müxtəlif  bəhanələrlə xan ailəsinin torpaqlarını kiçiltmək istəyən hakimiyyət, digər tərəfdən qızışdırılıb meydana çıxardılan qohum-əqrəbalar ilbəildən yeni iddialarla torpaq və mülk mübahisələri aparırdılar.

Azərbaycan Dövlət Tarix Arxivində qorunan "General-mayor Mehdiqulu xan Cavanşir Qarabaqski" fondunun "Xankəndi torpaqlarının  xəzinədən ödənməklə Minqrel alayına icarəyə verilməsi haqqında Qafqaz Ordusu Baş Qərargah rəisi ilə yazışmalar" adlı saxlama vahidində (f.123, siy.1, sax.vah.3) barəsində bəhs etdiyimiz mülk və torpaq sahələri ilə bağlı hallar sənədlərin şahidliyi ilə geniş əks olunub.

Sənədlərlə ətraflı tanışlıqdan sonra belə məlum olur ki, Baş Qərargahı Tiflisdə yerləşən Qafqaz Ordusunun "Minqrel alayı" Qarabağın Canyataq kəndi ətrafında yerləşirmiş. Lakin ərazinin kəskin, xoşagəlməz iqlimi burada yaşayan hərbçi ailələrinin narazılığına səbəb olurmuş və ailələr burada yaşamaq istəməyib xidmət yerlərini dəyişməyə çalışırlarmış. Yaranmış vəziyyət Qafqaz canişini Mixail Vorontsovu narahat edir, o alayın Qarabağda nəinki zəifləməsini, əksinə möhkəmlənməsini istəyirmiş. Bunun üçün, şahmat oyununda olan sayaq, gələcəyə hesablanmış "at gedişi" etdi. Mehdiqulu xan Cavanşirin vəfatından bir il sonra, 24 noyabr 1846-cı ildə xanın dul qadını Bədircahan bəyimə ən gözəl müraciət ifadələri ilə "şanlı məktub" göndərdi. Məktubda Xankəndindəki xan ailəsinə məxsus torpaqların bir hissəsini pulu xəzinədən ödənməklə Qarabağdakı Minqrel alayına icarəyə verilməsini xahiş edir və sonda onun hökumətin bu arzusuna qarşı olmayacağına ümid etdiyini bildirirdi.

Mülkiyyət hüququndan savayı bir gücü olmayan dul qadın razılaşmayb nə edə bilərdi? Vorontsov hələlik icarə adı ilə xan ailəsinin torpaqlarının bir hissəsinin mənimsənilməsinə nail olmaqla yanaşı, həm də alayı Xankəndinə yerləşdirib ordusunu Şuşa yaxınlığında gücləndirmiş olurdu.

Beləliklə razılığa gəlinir ki, xan ailəsinə məxsus torpağın 1800 desyatin hissəsi xəzinədən hər il 400 gümüş pul ödənməklə Minqrel alayına icarəyə verilir. Canişin tərəfindən hər ilin əvvəlində icarə pulunun hərbi büdcə tərəfindən ayrılması tapşırılır. Amma yazılanlar çox vaxt bir qayda olaraq kağız üzərində qalırdı. Bu səbəbdən idi ki, 1848-ci ilin yaz aylarında Bədircahan bəyim mülklər və torpaqlar barədə bir çox belə mübahisəli işləri yoluna qoymaq üçün Xurşid Banunu da yanında götürüb Tiflisdəki canişinliyə getmək məcburiyyətində qalmışdı.

Ancaq danışıqlara baxmayaraq, icarə haqqının ödənilməsi heç də deyildiyi kimi vaxtında ödənmirdi. Bədircahan bəyimin Baş Qərargah rəhbərliyinə çoxsaylı şikayət məktublarında "pulun əksərən gecikdirilməsini, bəzi hallarda isə bu gecikmənin iki ilə çatdığını" görürük.

Bədircahan bəyim dünyasını dəyişəndən sonra davam edən şikayət məktublarını yazmaq, icarə haqqını tələb etmək Xurşid Banunun üzərində qalır. İllər ötdükcə rus hərbçilərinin özbaşınalıqları bu məktublarda özünü daha qabarıq göstərir. Məlum olur ki, onlar tədricən, nəzərdə tutulan ərazilərdən də əlavə, torpaqlar mənimsəməyə başlayıbmışlar. Hərbçi ailələr üçün nəzərdə tutulan evləri və ya sahələri hərbçi olmayan başqa şəxslərə satırmışlar. Həmin ərazidə kənar şəxslər dükanlar və digər binalar tikirmişlər, bu da torpaq mülkiyyətçisi kimi haqlı olaraq Xurşid Banunun narazılığına səbəb olurdu.

Sözügedən saxlama vahidindəki maraqlı sənədlərdən biri də 1866-cı ildə Xurşid Banu tərəfindən yazılan xüsusi izahat tələbinə görə 1 fevral 1867-ci ildə Tiflis şəhərində Dairə ştabının 5-ci şöbəsinin hazırladığı məruzədir. Məruzədə, Vorontsovun Bədircahan bəyimə yazdığı məktubdan başlamış, Xurşid Banunun son məktubunadək, bütün təfərrüatlar xatırlanır və qeyd edilir ki, razılaşma xüsusi müqavilə şəklində deyil, eyni zamanda icarəyə götürülmüş torpaqlardan necə istifadə ediləcəyi haqqında tərəflər arasında heç bir öhdəlik olmayıb. Ona görə də, qanuni əsas olmadığından, "knyaginya Usmiyevanın (Xurşid Banunun - R.Y.) şikayəti əsassızdır və iradları qəbuledilməzdir".

Bu dövrdə, artıq Xurşid Banunun yuxarı cəmiyyətdə əvvəlki mövqeyi zəifləmişdi. O, Usmiyevdən, demək olar ki, boşanmışdı. Usmiyevin özünü isə Tiflisdən, bütövlükdə Qafqazdan uzaqlaşdırmışdılar. Daha bir neçə il keçəcək, Xurşud Banu gah papaqçı, gah da şəxsi faytonçusu olduğu deyilən kasıb şuşalı Seyid Hüseynə ərə gedəcəkdi. Elə bundan, ikinci dəfə ərə getmədən sonra da Xurşid Banunun ömrünün faciəli günləri başlandı. Usmiyevdən olan uşaqları ilə ikinci ərindən olanlar arasında baş verən təfriqələr, qalan varidat, mülk və torpaq sahələri uğrunda gedən mübarizələr ağır nəticələr verdi... İşğalçıların "parçala və hökm sür" siyasəti məqsədinə çatdı.

Haqq söz imiş ki, dünyanın malı dünyada qalacaq. Xan ailəsinin yeganə varisi olsa da, ömrünün sonuna kimi bütün maddi var-dövlətini itirən Xurşid Banunun yeganə qazancı xeyirxahlığı və ədalətli nəticəsində layiq görüldüyü böyük xalq məhəbbəti və günümüzdə də rəğbətlə oxunan ədəbi irsi oldu.  

 





18.02.2022    çap et  çap et