525.Az

Zamanın tələbi: rəqəmsal transformasiya - Osman Gündüz yazır


 

DÖVLƏT BU SAHƏYƏ DAHA ÇOX RESURS AYIRMALIDIR

Zamanın tələbi: rəqəmsal transformasiya -<b style="color:red"> Osman Gündüz yazır</b>

Bir müddət öncə Prezident İlham Əliyev gənclərlə görüşdə dördüncü sənaye inqilabının təsirləri, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə əlaqədar bəzi peşələrin yaxın illərdə aradan qalxacağı ilə bağlı məsələyə yenidən toxunub və bundan dolayı atılacaq addımlara diqqət yönəldib.

Düşünürəm ki, aidiyyatı qurumlar bu məsələlərə ciddi diqqət yetirməli, bu çağırışlara uyğun strateji yanaşmalar ortaya qoyulmalıdır.

Çoxları elə düşünür ki, yaxın gələcəkdə yox olacaq peşələr daha çox xidmət, nəqliyyat, məişət xidməti və s. sahələrlə əlaqəli olacaq. Yəni, elə təəssürat yarana bilər ki, yalnız bu sektorlarda işləri robotlar və kompüter tətbiqləri, süni intellekt həlləri və s. icra edəcək.

Əslində isə dünyada baş verən tendensiyaları izlədikdə görürük ki, məsələ daha ciddidir. 

Süni intellekt və rəqəmsallaşma, böyük dataların analizi və emalı əsasında formalaşan rəqəmsal həllər ən yüksək səviyyələrdə bir sıra peşələri yox etməkdədir.

Məsələn, bəzi ölkələrdə artıq cinayət işlərinə baxılması prosesində süni intellekt həllərindən istifadə olunmasına başlanıb.

Yəni, prokurorun işini artıq hansısa bir kompüter proqramı icra edir.

Robot-prokuror cinayətkar haqqında toplanan data əsasında, minlərlə parametrləri bir anda analiz etməklə qərar verir.

Ümumiyyətlə, müşahidələr göstərir ki, bir çox ölkələrdə son zamanlar dövlət sektorunda korrupsiyanın qarşısının alınması və effektivliyi artırmaq məqsədilə süni intellektdən istifadə getdikcə güclənir.

Xatırlayıram ki, Ukraynada, nə vaxtsa cinayət törətmiş şəxslərin yenidən cinayət törətmə ehtimalını müəyyənləşdirmək üçün KASSANDRA adlanan süni intellekt həlli yaradılıb. Bu isə o deməkdir ki, probasiya sahəsindəki, Ədliyyə sistemindəki peşələrə də süni intellekt və rəqəmsallaşma ciddi təsir göstərəcək. 

Belə real işlər, süni intellektə əsaslanan həllər sürətlə artmaqdadır. Datalar daha çox toplandıqca hazırlanan süni intellekt həlləri də getdikcə təkmilləşəcək.

Düşünürəm ki, aradan qalxacaq köhnə və tələbat yaranacaq yeni peşələrlə bağlı Prezidentin çağırışı olduqca aktualdır.Bu istiqamətdə ölkəmizdə ciddi tədqiqatlar aparılmalı, xarici təcrübə öyrənilməlidir. Bu tendensiyanı ciddi olaraq izləmək lazımdır.

Əgər zamanında bu sahədə beynəlxalq tələbləri nəzərə alaraq işlər görməsək, kadrlar hazırlamasaq, peşəkar formada ixtisasartırma və s. təşkil olunmasa, bizi gələcəkdə daha ciddi problemlər gözləyəcək. 

Bir yandan işsizliyin artması, digər tərəfdən isə yeni çağırışlara uyğun kadrların tapılmaması qarşıdakı illərdə həllini gözləyən əsas problemlərdən olacaq.

Əsas diqqət isə bütün sahələrin rəqəmsal transformasiyasına yönəldilməlidir. Yəni, gələcəkdə seçiləcək istənilən peşə üçün İT əsas rol oynayacaq, istənilən peşə sahəsi, mütləq olaraq İT və kompüter sahəsi ilə bağlı olacaq.

Odur ki, ölkəmizdə bu sahənin inkişafına, bütün sektorlarda rəqəmsal transformasiyaya, universitetlərin rəqəmsallaşmasına və müasir tələblərə uyğun kadrlar hazırlamasına diqqəti artırmaq lazımdır. Dövlət bu sahəyə daha çox resurslar ayırmalıdır.

 





20.02.2022    çap et  çap et