525.Az

Şanlı nəslin sorağında: Heydər ağa Şahtaxtinski haqqında mühüm qeydlər


 

Şanlı nəslin sorağında: <b style="color:red"> Heydər ağa Şahtaxtinski haqqında mühüm qeydlər</b>

Tariximizdə iz qoyan şəxsiyyətlərdən biri də Heydər ağa Heydər ağa oğlu Şahtaxtinskidir. Onun haqqında əvvəlki bəzi yazılarımızda qısaca məlumat vermişik. İndi isə bu barədə daha ətraflı söz açmağımıza imkan yaranıb. 27 dekabr 2018-ci ildən başlayaraq Heydər ağa ilə bağlı ardıcıl axtarışlar aparmışıq. Buna əsas səbəb isə onun Finlandiyada yaşayan nəvəsi Rostislavın telefon zəngi və yazdığı məktublar olub. İnternetdə rast gəldiyi məqaləni (rus dilində) oxuyan və həmin andan məni axtaran, telefon nömrəmi tapıb zəng edən və səmimiyyətlə, doğma səslə danışan Rostislavın zəng vurduğu gün də xatirimdədir: Cümə axşamı, 27 dekabr, saat 13:16.

O zənglə ifadə olunan təsirli, xeyirxah arzunun işığı ilə bir müddət axtarışlar apardıq və bu yazı da həmin axtarışların nəticəsidir.

Lap əvvəldən bizi axtarışlara sövq edən sənədlərdən biri - 1916-cı ildə Heydər ağa Şahtaxtinskinin Tiflisdən Naxçıvan Barışdırıcı Məhkəməsinə yazdığı ərizədir.              Bu ərizə çox maraqlı tarixi sənəddir. Ərizənin mətni geniş olduğundan, biz o ərizəni bütövlükdə çap edə bilmirik. Ancaq daha vacib məsələlərdən bəhs edən və bir sıra dolaşıqlıqları çözə bilən məqamlara toxunacağıq.

Heydər ağa ərizəsində yazır: "2459 №-li doğum şəhadətnaməsindən görünür ki, mənim ata babam Hacı Vəli ağa Şahtaxtinski 20 mart 1911-ci ildə Naxçıvan şəhərində vəfat edib. Onun hazırda iki oğlu - İbrahim ağa və Kərim ağa, üç qızı Hürübanu, Sona xanım və Səkinə xanım sağdırlar.

Həmçinin, onun nəvələri, rəhmətlik böyük oğlu Əliqulu ağanın övladları və ikinci oğlu Heydər ağanın (doğum şəhadətnaməsinə əlavə olunan sənəddə (№2549) onun vəfat etdiyi tarixdə yazılıb: 20 mart 1889-cu il) oğlu - mən Heydər ağa da sağıq.

Yuxarıda adları çəkilənlər faktiki olaraq Hacı Vəli ağanın bütün əmlakını idarə etməkdədirlər. Müsəlman varislik hüququna görə (Fəraiz) miras ancaq sağ övladlara çatır, nəvələrə isə yox. Şəriətə görə onların varislik hüququ buraxılıb".

Bu ərizədə o, ata babası Hacı Vəli ağanın Şahtaxtı kəndində olan əmlaklarının siyahısını da göstərib.

Heydər ağanın atası, polis məmuru, kollej qeydiyyatçısı və tərcüməsi Heydər ağa haqqında məlumat verək. Araşdırmalar zamanı tapılan arxiv sənədlərindən biri belə adlanır: "İstifadə olan kollej reqistratoru Heydər ağa Hacı Vəli ağa oğlu Şahtaxtinskinin Naxçıvan qəza polis idarəsində 9-cu dərəcəli məmur təyin edilməsi haqqında". Sənədlər 25 yanvar 1884-cü ildən 16 mart 1884-cü ilədək toplanıb. Sonra isə dəftərxanaya verilib. 8 vərəqdən ibarətdir. Bu sənəddə (Attestatda) dəftərxana rəisinin familiyası və imzası da qeyd edilib: Şahtaxtinski. Bu imza həmin vaxtlar Qarsda işləyən İsa Sultan Şahtaxtinskinin imzasıdır.

Burada Heydər ağanın işə düzəlməsi üçün yazdığı ərizə, aldığı cavablar və attestat da əlavə edilib.

Heydər ağa Şahtaxtinskinin həyat yoldaşı Nazlıbəyim (sənədlərdə adı Zeynəbağa xanımdır) Naxçıvanın tanınmış mənsəb sahiblərindən biri, istefada olan hərbçi, mayor Şəfi (Şəfaulla, Şəfiəli kimi də yazılıb sənədlərdə-müəllif) ağanın qızıdır. Məşhur ziyalı, maarifçi və hərbçi Məmmədqulu bəy Kəngərlinin bacısıdır.

Qeyd edək ki, axtarışlar nəticəsində Zeynəbağa xanımla bağlı xeyli yeni məlumatlar və sənədlər tapdıq. Yeri gəldikcə bunlar haqqında məlumatlar verəcəyik. Hələliksə qeyd edək ki, böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşirin rusca yazdığı xatirələrində Nazlıbəyimlə bağlı yazılanlar ilkin məlumatlardır. Yəni arxivlərin bəzi fondları Sovet illərində qapalı olduğundan Nazlıbəyimlə bağlı ətraflı məlumatlar tapmayan tədqiqatçılar Həmidə xanımın yazdığı "Mirzə Cəlil haqqında xatirələrim"ə əsaslanmışlar.

Həmidə xanım öz xatirələrində yazır: "Mirzə Cəlil 1900-cü il iyun ayının 13-də ikinci dəfə evlənərək, Məmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanımı (onun əsil adı Zeynəbağa xanımdır) almışdır. Nazlı xanım əvvəllər Əliqulu Şahtaxtinskinın arvadı olmuş və ondan Heydər adlı on yaşlı bir oğlu var imiş...."

Araşdırmalar nəticəsində tapılan maraqlı sənədlərdən biri də "Naxçıvan şəhər sakini Zeynəbağa xanım Şəfi ağa qızı Kəngərlinskayanın nikah şəhadətnaməsinin verilməsi haqqında sənəd"dir. Bu sənədlə yazılanlardan məlum olur ki, Nazlı xanım (Zeynəbağa xanım) ilk dəfə Heydər ağa Hacı Vəli ağa oğlu ilə ailə qurmuşdu. Lakin 1889-cu ildə Heydər ağa faciəli surətdə həlak olmuşdu. Bu faciə haqqında sənədlərdə məlumat olmadığından biz də heç nə deyə bilmirik. Heydər ağanın faciəli ölümündən sonra oğlu dünyaya gəlir və atasının şərəfinə Heydər ağa adını verirlər.

Heydər ağa Heydər ağa oğlu Şahtaxtinski 1 iyul 1889-cu ildə Naxçıvan şəhərində doğulmuşdu. Anası Zeynəbağa xanımın kədərli taleyi onun ata, ana babalarının və nənələrinin yanında yaşamasına səbəb olub. Tapılan sənədlərdən ata babası Hacı Vəli ağanın nəvəsinə böyük miras ayırdığını da öyrənirik.

Aparılan axtarışlar göstərir ki, Heydər ağanın anası Nazlı xanım (Zeynəbağa xanım) Mirzə Cəlillə ailə qurandan sonra Heydər ağa əsasən atalığı Mirzə Cəlilin və dayısı Məmmədqulu bəy Kəngərlinin himayəsində yaşamışdı.

Heydər ağanın orta təhsil almasında dayısı, ali təhsilli hərbçi, hüquqşünas, görkəmli maarifçi, İrəvanda ilk müsəlman qız məktəbinin banisi Məmmədqulu bəyin çox böyük xidmətləri olub. Lakin 1905-ci ildə dayısının Batumda faciəli ölümündən sonra Heydər ağa ata qohumlarının və ana nənəsinin himayəsində yaşamalı olur. O vaxtlar və sonralar yazılanlardan görünür ki, Mirzə Cəlil həmin təlatümlü günlərdə Batuma gedib və cənazənin, həmçinin Heydər ağanın Tiflisə gətirilməsində yaxından iştirak edib. O, Məmmədqulu bəyi başçısı Nazlı xanımın yanında dəfn etdirib, Heydər ağanı oğulluğa götürüb.

Məmmədqulu bəy haqqında Həmidə xanım Cavanşirin, akademik İsa Həbibbəylinin və digərlərinin də kitablarında ətraflı məlumat vardır. Qeyd edək ki, Heydər ağa Mirzə Cəlilin ona doğmalığını heç vaxt unutmayıb. Və oğlu Apollonla son görüşündə Həmidə xanımın ona bağışladığı kitabı saxlamaq üçün ona verib. Həmin kitabın avtoqraflı səhifəsi qürbətdə yaşayan varislərin şəxsi albomunda saxlanılır.

Heydər ağa Heydər ağa oğlu Şahtaxtinskinin 1910-1915-ci illərdə Moskva Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alması haqqında sənədlər vardır. Məsələn, Odessa polis idarəsi rəisinin 23 avqust 1910-cu ildə Moskva Dövlət Universitetinin rektoruna yazdığı məlumatda bildirilir ki, Heydər ağa Tiflisdə və Odessada yaşadığı illərdə özünün yaxşı əxlaqi keyfiyyətləri ilə rəğbət qazanıb. Müttəhim olmayıb və siyasi hadisələrdə adı qeyd olunmayıb. Heydər ağanın Kamal attestatı və universitet diplomu da axtarışlar nəticəsində tapılmışdır.

Onun oğul nəvəsi Rostislavın yazdığı məktubda Heydər ağanın bizə məlum olmayan ömür səhifələri var ki, onları da yazımıza daxil edirik. Heydər ağa Heydər ağa oğlu Şahtaxtinski inqilabdan, yəni 1917-ci ildən əvvəl, Almaniyada Leyspiq universitetində oxuyarkən polyak qızı Mariya Qritseviçlə tanış olur. Nəvəsinin dediyinə görə rəsmi olmasa da evləniblər. Bu ailə izdivacından 1930-cu ildə oğulları anadan olub. Apollan həmişə atasını yaxşı xatırlayırmış. Baxmayaraq ki, Heydər ağa tutulmasın deyə 1938-ci ildə yaşadığı Leninqrad şəhərini tərk etmişdi. Həbslərdən yan keçmək üçün Bakıya qohumlarının yanına getmişdi.

Heydər ağanın nəvəsi Rostislavın yazdığı məktubdan:

"Atam Apollon 1939 yaxud 1940-cı ildə Bakıda atası ilə görüşmüşdü. Atamın xalalarımdan biri Qazaxıstana sürgün edilmiş dayısının (yaxud əmisinin) yanına gedirmiş. Atam da onunla birlikdə Qazaxıstana yola düşüb. Ata ilə oğul Bakıda görüşəndə Heydər ağa əlindəki kitaba bir neçə cümlə yazıb oğluna verir. Atam həmin kitabı qoruyub-saxlamışdı. Təəssüf ki, atam Apollon sonralar daha heç vaxt atası Heydər ağanı görə bilməyib. Atamın polyak qohumları şəhadətnamədə Heydər adını dəyişib Matvey yazdırmışdılar. Amma İkinci Dünya müharibəsində Apollon Heydəroviç yazdırır bütün sənədlərdə. Mənim atam uzun illər babam haqqında, onun dəfn olunduğu yer və sair haqqında axtarışlar aparırdı. Çox təəssüflər ki, sağlığında heç nə tapa bilmədi. Atam keçən il dekabrın axırlarında dünyadan köçdü. Mən özüm Finlandiyada yaşayıram. Anam Qalina Şahtaxtinskaya isə hələ Sankt-Peterburqda yaşayır. Ailə albomumuzu o saxlayır. Mən hökmən o fotoşəkilləri sizə göndərəcəyəm. Ola bilsin ki, siz onları tədqiqatlarınıza əlavə edərsiniz. Mənim daha bir qardaşım var. Adı Stanislavdır. Sankt- Peterburqda yaşayır".

Gördüyümüz kimi tale Heydər ağanı uzun illər qürbətdə yaşadıb. O, harada hüquqşünas kimi işləməsindən asılı olmayaraq Azərbaycanı və onun ayrılmaz hissəsi olan Naxçıvanı layiqincə təmsil edib. Sovet hakimiyyəti illərində Heydər ağa Xalq məhkəmələrinin şurasında məsləhətçisi kimi də çalışıb. Aldığımız məlumata görə o, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətdə olduğu vaxtlarda da fəal çalışanlardan biri olub. Bu illərdə milli papaqda olan fotoşəkli də vardır. Sovet hakimiyyəti illərində Tiflisdə və Moskvada Azərbaycan nümayəndəliklərində də çalışması haqqında məlumatlar diqqətimizi çəkir. Bu istiqamətlərdə axtarışlarımızı davam etdirmək niyyətindəyik.

 





21.02.2022    çap et  çap et