525.Az

Təhsil müəssisələrində Beynəlxalq Ana Dili Günü


 

Təhsil müəssisələrində Beynəlxalq Ana Dili Günü<b style="color:red"></b>

Ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

525.az xəbər verir ki, məktəblərdə Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

Bakı məktəblərində “Ana dilim qürur mənbəyimdir!”, "Ana dilim-doğma dilim", “Ana dilim şirindir”, “21 fevral - Beynəlxalq Ana Dili Günü”, “Azərbaycan dili-milli varlığımızıdır” və digər mövzularda tədbirlər, inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib.

Bakı Şəhəri üzrə Təsil İdarəsi və yerli icra qurumları əməkdaşlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

Tədbirlərdə şagirdlərə Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, ünsiyyət qurmasında mühüm rol oynaması barədə söhbət açılıb. Bildirilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutur. 

Bundan əlavə, şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.

 





21.02.2022    çap et  çap et