525.Az

“XAN” nəşriyyatından yeni seriya -“Məşhurlar”


 

“XAN” nəşriyyatından yeni seriya -<b style="color:red">“Məşhurlar”</b>

Fevralın 19-da Sumqayıtda yerləşən “Dədə&Baba” kitab kafesində “XAN” nəşriyyatı tərəfindən kitab blogerləri ilə görüş təşkil edilib.

525.az xəbər verir ki, görüşdə “XAN”ın yeni silsiləsi olan “Məşhurlar” seriyasının təqdimatı da keçirilib.

Görüşdə nəşriyyatın direktoru Səbuhi Şahmursoy, eləcə də baş redaktoru Cavid Qədir çıxış edərək silsilənin yaranma ideyasından, seriyada yer alan, o cümlədən çapı planlaşdırılan kitablardan danışıb, blogerlərin suallarını cavablandırıblar.

Müzakirə şəklində davam edən görüşdə blogerlərə seriyanın ilk dörd kitabı – “Aforizmlər”, “Şah Rux Xan”, “Məktublar”, “Türk sərkərdələri” kitabları, və “Ustad”ın 35-36-cı sayları hədiyyə olunub.

“Aforizmlər” kitabı “Məşhurlar” silsiləsinə aiddir. Bu topluda dünyaca məşhur elm və sənət adamları, filosof və ədiblərin əsərlərindən seçmə aforizmlər yer alıb. Çağdaş Təkamül Nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası Çarlz Darvin, fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosofu, neoklassik fəlsəfə və irrasionalizmin ən önəmli simalarından biri Artur Şopenhauer, ingilis yazıçısı, “Qürur və qərəz” romanı ilə dünya şöhrəti qazanan Ceyn Ostin, marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara, müasir dünya ədəbiyyatında simvolikası və özünəməxsusluğu ilə seçilən yazıçılarından biri Frans Kafka, qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsi, serb əsilli amerikalı ixtiraçı, fizika və elektrofizika üzrə mütəxəssis Nikola Tesla, danimarkalı filosof, teoloq, şair, yazıçı və ədəbi tənqidçi Soren Kirkeqor, alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist Stefan Sveyq, psixoanaliz elminin banisi avstriyalı nevroloqist Ziqmund Froyd kimi dahilərin müxtəlif dövrlərdə yazdığı və səsləndirdiyi fikirlər aforizm həvəskarları üçün əsl tapıntıdır.

“Şah Rux Xan” “Məşhurlar” silsiləsinin ikinci kitabıdır. Bu kitabda oxucular Şah Rux Xanı bir neçə prizmadan tanımaq imkanı əldə edəcək: dünya şöhrətli Bollivud aktyoru, kino şirkəti və kriket klubu sahibi, iş adamı, səxavətli xeyriyyəçi, sevgi dolu həyat yoldaşı, qayğıkeş ata… Bu siyahını xeyli uzatmaq da olar. Bu fenomenal şəxsiyyətin daxili dünyası ilə tanış olmağınız üçün kitabda Şah Rux Xanın müsahibələri və bir sıra çıxışları öz əksini tapıb. Kitab sizi bəzən gülümsədəcək, bəzən heyrətləndirəcək, bəzənsə kövrəldəcək. Onun sözləri ilə desək, “həyatın özü kimi…”

“Məşhurlar” silsiləsində təqdim olunan bu kitaba daxil edilən məktublarda ən müxtəlif məsələlərdən bəhs edilir. Busbekin, Moltkenin və V Georqun məktublarında Avropanın “türk qorxusu”nu aydınca görmək olur. Başçı Sietlın və Baumanın məktublarında insan-cəmiyyət, eləcə də insan-təbiət münasibətləri, Cəmil Meriçin məktublarında sevgi, onun müxtəlif üsullarla ifadəsi, Eynşteynin məktublarında İnsan-Tanrı-Sevgi üçbucağının qəfildən öz daxilində Dünya-Kainat-Elm-İnsani münasibətlər kimi çoxbucaqlılara bölünməsi, Salutatinin məktubunda elm və ədəbiyyat mübahisəsinin həlli qarşımıza çıxır. Nəriman Nərimanovun məktublarında Azərbaycanın sovet işğalındakı ilk illərinə işıq tutulur; ermənilərin xəbis məqsədləri, onlara fürsət yaradan “milli xain”lər haqqında tarixi faktlardan, şəhid şairimiz Ülvi Bünyadzadənin məktubunda isə Azərbaycanın Göyçə yarasından bəhs edilir.

“Məşhurlar” silsiləsində bu dəfə qədim dövrün Türk sərkərdələri ilə tanış olacaqsınız. Türk tarixi min illərdir, sivilizasiyamıza öz möhrünü vurub, qədim və müasir dünyamızın siyasi coğrafiyasının formalaşmasında önəmli rol oynayıb. Öz gücü, igidliyi ilə tarix yazan türk tayfaları böyük dövlətlər yaradıb. Böyük dövlətlərin isə böyük sərkərdələri olur. Bunlardan Alp Ər Tonqa, Tomris, Mete, Attila, Bilgə xaqan ilk sıralarda gəlir. Adları çəkilən sərkərdələrin, cahangirlərin hər biri ayrıca tarix yazıb. Yaşadıqları dövrdən əsrlər keçsə də, qəhrəmanlıqları, cəsarətləri, ağılları, eləcə də tətbiq etdikləri dahiyanə strategiyaları ilə xatırlanır, bütövlükdə türk millətinin iftixarı hesab olunurlar.

 





22.02.2022    çap et  çap et