525.Az

Əsrin qorxulu bəlası - miyopiya


 

Əsrin qorxulu bəlası - <b style="color:red"> miyopiya  </b>

Hazırda dünyada təxminən 1,4 milyard insan miyopiyadan əziyyət çəkir. Alimlərin hesablamalarına görə, 2050-ci ilə qədər dünya əhalisinin yarısının, yəni 5 milyard insanın görmə qabiliyyəti zəif olacaq. Eyni zamanda, dünya əhalisinin 10 faizində miyopi dərəcəsi güclənəcək ki, bu da tam korluq riski ilə əlaqələndirilir.

Azərbaycanda da göz xəstəliklərindən əziyyət çəkən uşaqların sayı durmadan artır. Bunu statistik rəqəmlər də təsdiqləyir. 15 il bundan öncə - 2007-ci ildə 18 yaşına çatmamış uşaqlarda göz və gözün əlavə aparatının xəstəliyi 17790 nəfərdə aşkarlanmışdırsa, 2015-ci ildə bu rəqəm 31823 nəfərə yüksəlib. 2019-cu ildə isə göz xəstəliklərindən əziyyət çəkən uşaqların sayı bir qədər də artaraq 42 170 nəfərə çatıb.

Valideyn Arifə Quliyeva deyir ki, oğlu Murad 3 yaşından eynək istifadə edir. Artıq 4 ildir Murad eynəyin  yardımı ilə görür.  Həkimlər uşağın zəif görməsinin səbəbi kimi ananın hamiləlikdə stress keçirməsini qeyd edirlər. 

Dördüncü sinif şagirdi Mirhəsən də eynək taxır. Anası deyir ki, Mirhəsənin gözündəki zəiflik birinci sinfə hazırlıqla bağlı həkim müayinəsi zamanı aşkarlanıb. Mirhəsənin oxuduğu sinifdə 5 şagird onun kimi eynəkdən istifadə edir. Uşaqlar daha əvvəlki illərdən fərqli olaraq eynəkli sinif yoldaşlarını gülüş hədəfinə çevirmirlər. Sinifdə eynək taxanların sayı artdığından indi o biri şagirdlər də bunu normal qarşılayırlar. 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda Gözün Patalogiyası şöbəsinin həkimi, oftolmoloq Nigar Həsənova deyir ki, Asiya ölkələrində bu bir bəla kimidir: "Sinqapurda 16 yaşına çatmamış əhalinin 80, Tayvanda 85, Yaponiyada isə 87 faizi miyopdur. Onlarda erkən yaşlardan uzağı görmə zəifliyi qeydə alınır. Bunun səbəbi həmin ölkələrdə texnoloji avadanlıqlardan istifadənin geniş yayılması, o ölkələrin özünün müasir texnoloji avadanlıqlar istehsal etməsidir. Adları çəkilən ölkələrdə həmin qurğular istehsal edildiyindən onlarda texnoloji avadanlıqların qiyməti daha ucuzdur ki, bu da telefon, kompyuter və planşetlərə uşaqların əlçatanlığını asanlaşdırır. Təəssüf ki, artıq bu tendensiya Azərbaycanda da müşahidə olunur". 

Son illər uşaqlarda rast gəlinən miyopiyanın artmasına gəlincə, Nigar Həsənovaya görə, tədqiqatlar göstərir ki, buna səbəb uşaqların qapalı həyat tərzi keçirməsidir. Həkim deyir ki, aparılan araşdırmalar zamanı rayon yerlərində yaşayan uşaqlarda miyopiyaya az təsadüf olunur. Buna səbəb orada uşaqların göz işlədikcə uzağa baxması, təbiətin qoynunda çox vaxt keçirməsidir. Şəhər yerində isə vəziyyət tamamilə başqadır. Burada uşaqlar, daha çox vaxtını komputer arxasında keçirirlər. Son illərdə pandemiya şəraiti də miyopiyanın artmasını sürətləndirən səbəblərdəndir. Digər bir məsələ isə valideyn diqqətsizliyidir. Uşaqlarda göz zəifliyini ciddiyə almayan, vaxtında həkimə müraciət etməyən valideynlər var. Bu da problemin daha da dərinləşməsinə şərait yaradır. 

Təhsil eksperti Kamran Əsədov son illər şagirdlər arasında eynək taxanların sayının  kəskin şəkildə artmasına bir sıra amillərin təsir göstərdiyini bildirib: "2020-ci ilin mart ayından dərslər məsafədən - distant olmaqla keçirilir. Onlayn şəkildə təşkil olunan dərslərdə iştirak üçün şagirdin komputeri, planşeti, telefonu olmalıdır. Ötən zaman ərzində dərslərin belə təşkili də uşaqlarda göz xəstəliklərinin artmasına təkan verdi. Buna qədər isə orta ümümtəhsil məktəblərində istifadə olunan dərsliklərin müasir standartlara cavab verməməsi də səbəblər sırasındadır. Vərəqlərin parlaqlığı, mətnlərdə interval azlığı görmənin zəifləməsi ilə nəticələnir.  Bundan başqa məktəblərdə istifadə edilən stol və stulların da şagirdlərin yaş səviyyəsinə uyğunlaşdırılmaması onların görmə məsafəsini qısaldır. Son iki il ərzində uşaqların müxtəlif ölçülü elektron vasitələrlə dərslərə davam etməsi onların sağlamlığına ciddi zərbə vurub". 

Ekspert hesab edir ki, şagirdlər arasında göz məşqlərinin keçirilməsi, fasilələrlə telefondan, televizordan və digər elektron vasitələrdən istifadəyə dair maarifləndirmə işləri aparılmalıdır. 

Oftalmoloqların fikrincə, görmənin qorunması üçün qidalanmaya da diqqət yetirilməlidir. Görmə keyfiyyəti üçün bütün lazımi vitamin və mineralların istifadəsi böyük əhəmiyyət kəsb edir. Görmə qabiliyyətini yaxşılaşdırmaq və bərpa etmək üçün əhəmiyyətli bir üsul da sağlam meyvələrdən, tərəvəzlərdən təzə, təbii formada və şirələrdən istifadə etməkdir. Bu vəziyyətdə ən faydalı yerkökü və alma hesab olunur. Onlar gündəlik pəhrizinizə daxil edilməlidir. Ənənəvi müalicə üsulları kimi həkimlər təzə yerkökü-alma şirəsinə gicitkən suyu əlavə etməyi məsləhət görürlər. Bundan əlavə, kök və soğan şirələrinin qarışığının istifadəsinə əsaslanan sübut edilmiş xalq təbabəti üsulları da var. Herbalistlər isə rue otundan istifadə etməyi tövsiyə edirlər, lakin mümkün allergik reaksiyalar səbəbindən onunla diqqətli olmaq lazımdır. Görmə qabiliyyətini bərpa etmək  üçün ən məşhur xalq üsulları otlarla meyvə və tərəvəzdən istifadə edilməsidir. Məsələn, 5:4:1 nisbətində göyərti və kərəviz suyu ilə qarışdırılmış xiyar suyu çox yaxşı təsir göstərə bilər. Ərik də göz üçün vacib meyvədir, lakin ondan alınan şirə mağazada deyil, təzə hazırlanmalıdır. Əks halda, o, artıq kifayət qədər fayda gətirməyəcək, sadəcə, olaraq gündəlik pəhrizi şaxələndirəcək. Bütün sadaladıqlarımızdan əlavə onu da qeyd edək ki, yalnız oftalmoloqlar görmə qabiliyyətini yaxşılaşdırmaq üçün nəyin lazım olduğunu dəqiq müəyyənləşdirə və həssas bir görüş təyin edə bilərlər. Özünümüalicə isə mənfi nəticələrə gətirib çıxarar. Tibbi tövsiyələrə məhəl qoyulmasa, hətta bəzən şirələr də təhlükəli ola bilər. 

Buna görə də valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar. Vaxtında aşkar edilən miyopiya uğurla müalicə edilir.

Dilşad XAQANİQIZI

 





22.02.2022    çap et  çap et