525.Az

“Ukrayna bir daha anladı ki, Qərbə güvənmək olmaz”


 

“Ukrayna bir daha anladı ki, Qərbə güvənmək olmaz” <b style="color:red"> </b>

Xəbər verdiyimiz kimi, dünən Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb. O, Donbasda vəziyyətin kritik həddə çatdığını bəyan edib və Federal Məclisdən lazımi sənədləri ratifikasiya etməyi xahiş edib.  

Putinin bu addımı Qərb ölkələrində birmənalı qarşılanmayıb. Hətta ABŞ prezidenti Cozef Bayden  Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasına investisiya qoyuluşu, həmçinin, bu bölgələrdən ABŞ-a birbaşa və ya dolayı yolla idxal və ixrac fəaliyyətləri qadağan edən fərman imzalayıb. Bəs Putinin son addımı bölgədə geosiyasi vəziyyətə necə təsir edəcək? 

Məsələ ilə bağlı politoloq  Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri Elman Vəliyev 525.az-ın suallarını cavablandırıb.   Politoloq bildirib ki,  Putinin qondarma respublikaların müstəqilliklərini tanıması Avropanın artıq rahat yata bilməyəcəyi deməkdir: 

“Rusiya bir güc nümayiş etdirdi. Burada əsas məqsəd Ukrayna deyildi. Prioritet məsələ Rusiyanın şərtlərinin nə olduğunun bilinməsi və yerinə yetirilməsi idi. Avropa hələ də Rusiyadan asılıdır və enerji problemi ilə üzləşməkdən qorxduqları üçün Ukraynanı tək buraxdı. Ancaq Avropa həm də anladı ki, Rusiya gələcəkdə çox problemlər yaradacaq. Rusiya Ukrayna ilə qanlı müharibəyə girməyəcək. Lakin DXR və LXR-nin müdafiəsini təmin edəcək. Rəsmi Kiyev üçün bundan sonra tək alternativ diplomatiyadır. Ukrayna bir daha anladı ki, Qərbə güvənmək olmaz. Rusiya da bunu izah etməyə çalışdı”.

Ekspert Ukrayna böhranının kritik mərhələyə qədəm qoyduğu zamanda Azərbaycan və Rusiya arasında mütttəfiq münasibətlərin möhkəmləndirilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə orta yolu seçdi və fikirləşirəm ki, bu, düzgün strategiya idi:

“Azərbaycanın xarici siyasətinin əsasını balanslaşdırılma təşkil edir. Çoxqütblük şəraitində Azərbaycanın beynəlxalq mövqeləndirmə strategiyasında başlıca prioritet məsələ əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı əlaqələrdən ibarətdir. Rusiya kimi hegemon bir dövlətlə müttəfiqlik sənədi imzalanması Azərbaycan üçün önəmli məqamdır. Bu sənədi imzalamaqla Rusiyanın Azərbaycana nə qədər önəm verdiyi aydın olur. Çünki Azərbaycanla müttəfiqlik və əməkdaşlıq  etmək istəyən bir xeyli dövlət, təşkilat var. Buna görə də Rusiya onları qabaqlamaq istəyir. Bu müqavilədən əvvəl Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsi imzaladı. Əlbəttə ki, Şuşa bəyannaməsinin şaxələri bundan daha genişdir. Azərbaycanın əvvəl Türkiyə sonra Rusiya ilə müttəfiqlik sənədi imzalaması beynəlxalq aləmdə gücünə güc qatdı. Əminəm ki, bundan Ermənistan olduqca narahat olacaq”. 

Bu sazişin Rusiya-Türkiyə-Azərbaycan münasibətlərinə böyük xələl gətirəcəyini zənn etmirəm. Ancaq Türkiyə ilə Rusiya arasında rəqabət ola bilər. Lakin Azərbaycan Türkiyənin müttəfiqliyini daha üstün tutur.

Sevil Gülməmmədova

 





22.02.2022    çap et  çap et