525.Az

Doğulduğu kənddə şəhidin adına bulaq kompleksi açıldı


 

Doğulduğu kənddə şəhidin adına bulaq kompleksi açıldı<b style="color:red"></b>

Xalqımız öz qəhrəmanlarını unutmur, onları ürəyində, yaddaşında yaşadır, əziz xatirələrini daim yad edir, gələcək nəsillərin də xatırlaması, ibrət alması üçün bu şərəfə şeir, hekayə, mahnı ithaf edir, abidə kompleksləri yaradır. Birinci Qarabağ savaşı fədailərindən 44 günlük zəfər dolu Vətən müharibəsi şəhidlərinə qədər həmin ehtiram və anım daim qorunub saxlanılır, ömrünü el-obaya, Vətənə bağışlayanlar cismən yoxluqlarına baxmayaraq, ruhən yaşayır, əbədiyyət fatehlərinə dönürlər.

Zaqatala gəncləri də torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmişə ön sırada dayanmış, ölkə rəhbərliyinin bütün əmr və çağırışlarına hazır olmuş, tarixi Zəfərimizə böyük töhfələr vermişlər. Məhz həmin vətənpərvərliyin nəticəsidir ki, rayonun 196 sakini Birinci, 33 nəfər isə İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə yüksəlib. Çoxsaylı müharibə iştirakçıları və qazilər hər hansı məsələylə bağlı rayonda fəaliyyət göstərən müvafiq qurumların diqqətindədir.

Vətən müharibəsinə könüllü qoşularaq canını fəda edən gənclərdən biri də Zaqatalanın Muğanlı kəndində doğulub böyümüş Xəlilli Nicat Əli oğludur. 

Şəhidimizin doğma yurdunda onun adını daşıyan, unudulmaz xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib. 

İlahiyyatçı Elşən Musayev giriş sözü ilə şəhidin ömür və döyüş yolu barədə danışaraq, şəhadətin fəlsəfəsi, İslam dinində şəhidlik məqamının önəmi barədə məlumat verib.    

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qalibiyyət dolu Vətən müharibəsindən söhbət açaraq, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, rəhbər-xalq birliyi, insanların aşıb-daşan vətənpərvərlik duyğuları, eləcə də Vətəni azad görmək əzminin cəbhədəki uğurlu əməliyyatların və qazanılan qələbələrin əsası olduğunu söyləyib: "Bununla da Azərbaycan məğlubdan qalibə çevrildi, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdi, öz şərtlərini diqtə eləməyə başladı... Həmin tarixi Zəfərdə digər vətən övladları ilə yanaşı, şəhid balamız Nicatın da payı var. Ruhu şad olsun, onu belə mərd, cəsur, doğma məmləkətə sevgi ilə böyüdüb tərbiyə edən valideynlərinə təşəkkür edirəm! İstər şəhid ailələri, istərsə də qazilər və digər müharibə iştirakçıları dövlətimizin mütəmadi qayğısı ilə əhatə olunublar. Şübhəsiz ki, cənab Prezidentin rəhbərliyi ilə Qarabağda gedən böyük quruculuq işləri və nəticədə sakinlərin yurd-yuvalarına qayıtması zəminində şəhidlərimizin ruhu daha da sevinəcək".      

Kənd ziyalılarından Firəngiz Əhmədova, Muğanlı orta məktəbində şəhid Nicatın müəllimi olmuş Nəsib Yusifov və başqaları Azərbaycanın daim sülhməramlı siyasət yeritdiyindən, hələ torpaqlarımız düşmən tapdağında qalan vaxtlarda ölkə rəhbərliyinin dəfələrlə sülh və diplomatik yollarla münaqişənin həlli təkliflərindən danışaraq, Cəbrayıl və Tovuz istiqamətlərindəki təxribatlardan sonra səbrimizin tükəndiyini, Nicat kimi minlərlə gəncin döyüşə atıldığını, cəbhədə qəhrəmanlıq göstərdiklərini bildirdilər.

Məktəblilər şəhadət zirvəsinə yüksələnlərin ölməzliyini, Vətən müharibəsi qəhrəmanlarının igidliyini vəsf edən şeirlər təqdim ediblər.   

Sonda şəhidin ruhuna dualar oxunub.

Xatırladaq ki, Xəlilli Nicat Əli oğu 9 dekabr 1994-cu ildə Zaqatala rayonunun Muğanlı kəndində doğulub. 2020-ci il sentyabrın 29-da könüllü şəkildə Vətən müharibəsinə qatılıb, Kəlbəcər, Ağdam, Ağdərə, Goranboy rayonlarının düşməndən təmzlənməsində şücaət göstərib. 9 oktyabrda Goranboyun Gülüstan kəndi istiqamətindəki döyüşlərdə şəhidlik məqamına yüksəlib. Cənab Prezidentin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. 

Allah rəhmət eləsin.

Qurban CƏBRAYIL

 





22.02.2022    çap et  çap et