525.Az

Tarix unudulmur: Faciə də tarixdir


 

Tarix unudulmur: <b style="color:red"> Faciə də tarixdir</b>

Ermənistan müxtəlif dövrlərdə müxtəlif üsullarla Azərbaycandan min hektarlarla ərazi almışdı. Bu, Moskvanın Ermənistana - erməniliyə siyasi yarınması idi. Sərhədlərini bu şəkildə genişləndirən Ermənistan Qorbaçov dövründə daha ciddi siyasi təxribatlara meyilləndi, Sovet rejiminin başaçılmazlıqlarından bəhrələnməyə çalışdı. Aqambekyanın Fransanın "Humanite" qəzetinə müsahibəsi ilə açılan bu siyasi riyakarlıq müxtəlif üsullarla və vasitələrlə genişləndirildi. Bu iddia elan edilməyən müharibəyə səbəb oldu. Bu müharibənin ilk şəhidləri Əskəranda Əli ilə Şəhriyar oldu. İki gəncin şəhidliyi xalqımızın torpaq uğrunda döyüşlərinin başlanğıcı oldu. Azərbaycanda milli azadlıq hərəkatını söndürməyi bacarmayan Moskva Azərbaycana qarşı Ermənistan amilindən istifadə etdi. Birinci Qarabağ müharibəsi başladı...

Ermənilər müxtəlif vaxtlarda Azərbaycanın sərhədləri daxilində müxtəlif təxribatlar törədir, kəndləri artilleriya atəşinə tutur, hücum edir, evləri yandırır, camaatı vəhşicəsinə qətlə yetirir, əsir aparırdılar. Azərbaycan Ordusu hələ tam formalaşmamışdı, respublikada hakimiyyət boşluğu vardı, qarşıdurmalar birliyə, monolitliyə imkan vermirdi. Bunlar müharibə şəraitində düşmənin fəallaşmasına imkan yaradırdı...

Birinci Qarabağ müharibəsində düşmən Qazaxın Bağanıs Ağrım kəndində belə bir faciə törətdi (24 mart, 1990-cı il). Bu faciədə 10 nəfər öldürüldü. Meşəli kəndində 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfər öldürüldü (23 dekabr 1991-ci il), Qaradağlı faciəsində 102 nəfər vəhşicəsinə öldürüldü, 108 nəfər əsir düşdü (14 fevral 1992-ci il). Azərbaycanın üzləşdiyi bu faciələrə görə beynəlxalq təşkilatlar da, dünyanın iri dövlətləri də ciddi bəşəri münasibət bildirmədi. İşğalçı dövlət cəzasızlığı sonrakı hərbi fəaliyyətinə vasitə bildi. Havadarlarından həm siyasi, həm də hərbi dəstək alan işğalçı dövlət Azərbaycanın dövlət sərhədləri daxilində təxribatlar, qırğınlar törətməkdə davam edirdi. Dövlət müstəqilliyi təzəlikcə bərpa edilmiş Azərbaycanda dövlət idarəçiliyində yol verilən ciddi nöqsanlar, əsassız qarşıdurmalar düşmənin işğalçılıq niyyətinə şərait yaradırdı. O vaxtlarda Xocalıya şəhər statusu verilmişdi. Bu səbəbdən burda əhalinin sayının xeyli artması düşmənin diqqətini çəkibmiş...

Düşmən dislokasiya yeri Xankəndi olan 366-cı motoatıcı alayın bilavasitə iştirakından bəhrələnirdi, müəyyən mənada, bu alay Ermənistana xidmət edirdi...

Erməni hərbi birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın bilavasitə iştirakıyla, ağır texnikalarla, artilleriya dəstəyi ilə, çoxsaylı hərbi qüvvə ilə Xocalı şəhərinə hücum etdi. Ərazi özünümüdafiə taborları, əhali bu miqyasda hücumun qarşısını ala bilməyəcəkdi. Əhali ev-eşiyindən çıxıb uzaqlaşana kimi döyüşdü. Sonralar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Əlif Hacıyevin, Tofiq Hüseynovun və başqalarının rəşadətli döyüşü camaatın nisbətən uzaqlaşmasına, qırğının az olmasına şərait yaratdı. Xüsusi tapşırıq almış qüvvələr - ermənilər də, 366-cı alayın hücumda iştirak edən hərbi qulluqçuları da şəhərdən uzaqlaşanları ölümdən, əsirlikdən qaçanları təqib edir, onlara çatır, çatanda güllələyir, əsir götürürdülər. Qışın soyuğunda, şaxtasında çöllərə düşən xocalılılar zülmlə Qarqar çayı istiqamətində, Ağdam istiqamətində yıxıla-yıxıla, əzilə-əzilə qaçırdılar.

Həmin gecə ermənilər Xocalını odlmışdı, Xocalı özü boyda ocağa dönmüşdü. Şaxta-sazaq od söndürər, Xocalıda od yayılırdı. Hamı harayla, naləylə, fəryadla oddan qaçırdı. Bilmirdi ki, oddan qaçıb daha dəhşətli oda düşəcəklər. Bu haraylar, nalələr, fəryadlar Xocalıdan uzaqlarda eşidilmirdi...

Dünya müharibələr tarixi belə qəddarlıq, belə vəhşilik görməmişdi. Bunu vəhşiliyin, qəddarlığın ad daşıyıcısı olan, dünyəviliyə, bəşəriliyə düşmən kəsilən ermənilik törədirdi. Bu vəhşilik tarixdə min illərlə nifrətlə xatırlanacaq...

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdandan sonra əsrin faciəsinin soyqırım aktı olduğu beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan edildi. Ümummilli lider deyirdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev isə Xocalı faciəsi haqqında belə deyib: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı qanlı səhifəsidir".

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı kimi bir faciənin unudulmasının mümkün olmadığını bildirib: "Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan və dünyanın onlarla dövlətinin diqqətini çəkən "Xocalıya ədalət" kampaniyası təkcə faciənin tanıdılması missiyası ilə məhdudlaşmır, həm də bu kampaniya faktların zənginləşməsində və dəqiqləşməsində tarixi missiya yerinə yetirir...

Xocalı faciəsinin dəhşətlərini görən 366-cı alayın xüsusi şöbəsinin rəisi, polkovnik Vladimir Savelyev Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və Avropa Şurasına ünvanlandığı hesabatında Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin törədildiyini etiraf edir: "Məndən on addımlıqda güllə yarası almış səkkiz-doqquz yaşında qızcığaza yardım edə bilmədim. Allahın məni cəzalandıracağı o gündən qorxuram. Lənətlənmiş günlər bir-birini əvəz edirdi".

Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin beş-altı yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular".

1992-ci il martın 10-da Rusiya Federasiyasının Prezidenti B.Yeltsinin ünvanına daxili işlər naziri Yerin məktub göndərib, Xocalı hadisəsi ilə bağlı görüşmək istədiyini bildirib, məktuba Xocalı faciəsi ilə bağlı video-kasset də əlavə edib. General Yerin B.Yeltsinə yazırdı: "Xocalıda uşaqları, qadınları və qocaları güllələmişlər. Öldürülənlərin başlarının dərisi soyulmuşdur".

Xatırlamalıyıq ki, o gecə öldürülənlərin əksəriyyəti 2 yaşından 15 yaşına qədər uşaqlar olub...

Asala erməni terror təşkilatının fəallarından olan Vazgen Sislyan da Xocalıda azərbaycanlı uşaqların qətlə yetirənlərin sırasında olub. Yüzlərlə cəlladdan biri kimi, onun da etirafı Xocalı soyqırımının necə baş verdiyini göstərən bir faktdır. O da qeyd edilməlidir ki, Robert Koçaryan Xocalı soyqırımının fəallarından olub, Ermənistanın prezidenti seçiləndən sonra Sislyanı Qarabağ müharibəsinin qəhrəmanı elan edib. Bunlar beynəlxalq məhkəmənin diqqətini çəkəcək, hər bir fakt sənədləşdiriləcək.

Xocalı faciəsinin iştirakçısı Davud Xeyriyan yazırdı, yəni etiraf edirdi: "Martın 2-də "Qafqan" erməni qrupu 100-dən artıq türk meyitini yığıb Xocalıdan təxminən bir kilometr aralıdakı qəbiristanlıqda yandırdı. Axırıncı maşında mən alnından və əlindən yaralanmış on yaşlı qız uşağını gördüm. Sifəti göyərmiş bu qız uşağı aclığa, soyuğa və aldığı yaralara baxmayaraq, hələ də sağ idi. Sakitcə nəfəs alırdı.Ölümləçarpışan balaca qızın baxışlarını unuda bilmirəm. Bir qədər sonra Tiqranyan deyilən əsgər hərəkətsiz qızı götürüb meyitlərin üstünə atdı. Sonra onları yandırdılar. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasından kimsə qışqırır, köməyə çağırırdı. Bundan sonra mən daha yeriyə bilmədim".

Bunlar Azərbaycana düşmən kəsilənlərin etirafıdı. Xaricdə dərc edilən mətbu orqanlar da oxucularına Xocalı faiəsi haqqında gerçək məqalələr təqdim edib: "Erməni əsgərləri yüzlərlə ailəni qırıb-çatıblar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar, insanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə əri, qayını və oğlu qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür". "Times" qəzetində dərc edilən bu informasiya da gerçəkliyə xidmətin təzahürüdür...

Xalqımız Bağanıs Ayrımın da, Meşəlinin də, Qaradağlının da, Ağdabanın da, Xocalının da, ... qisasının alınmasını istəyirdi. Vətən müharibəsində Zəfər qazandıq. Bu Zəfər o faciələrin ağrı-acılarını yumşaltdı, bu Zəfər ağrı-acılara təsəlli oldu...

Xocalı faciəsindən 30 il keçir.

Xocalı faciəsi də digər faciələr kimi unudulmayacaq, tariximizin bir səhifəsi kimi həmişə anılacaq. Anılacaq ki, yeniyetmələr, gənclər Vətəni daha böyük məhəbbətlə sevsinlər. Anılacaq ki, düşmən bu sevgidən daha həssaslıqla çəkinsin, Azərbaycanın dövlət sərhədlərinə yaxınlaşmağa cəsarət etməsin.

Xocalı faciəsi heç zaman unudulmayacaq!

 





23.02.2022    çap et  çap et