Rusiya prezidenti Vladimir Putin fevralın 21-də xalqa müraciətində Ukraynanın separatçı bölgələrini - "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nı müstəqil dövlət kimi tanımaq qərarına gəldiyini elan etdi. Bununla da "DXR" və "LXR"in 8 il əvvəl başlayan Ukraynadan qoparılması prosesi başa çatdı. Ukraynanın separatçı bölgələrinin müstəqil dövlət kimi tanınması prosesi isə bir neçə gün öncə Rusiya Dövlət Dumasında başlamışdı. Dövlət Dumasındakı "müxalif" Kommunist Partiyası "DXR" və "LXR"in müstəqilliyinin tanınması ilə bağlı dövlət başçısına müraciət olunmasını təklif etmişdi. Kommunistlərin təklifi Dövlət Dumasının 351 üzvü tərəfindən dəstəkləndikdən sonra sənəd dövlət başçısına göndərildi. Bu proses baş verərkən bir çox təhlilçilər bunun bir şantaj olduğunu, Ukraynanın separatçı bölgələrinin müstəqil dövlət kimi tanınmasının Rusiyanın maraqlarına cavab vermədiyini qeyd edirdilər.
Fevralın 21-də "DXR" və "LXR"in müstəqilliyinin tanınması ilə bağlı Rusiya Təhlükəsizlik Şurasında müzakirənin keçirildiyi haqqında məlumat yayıldı. Müzakirə ilə bağlı yayılan görüntülər Rusiya rəhbərliyində vahid mövqenin olmadığını üzə çıxarsa da, məcburiyyət qarşısında vahid mövqedən çıxış etməyə çalışdıqları hiss olunurdu. Yayılan görüntülərdən aydın olurdu ki, prezident Təhlükəsizlik Şurasının üzvlərindən birmənalı mövqe tələb edir. Təhlükəsizlik Şurasının bəzi üzvlərin isə birmənalı mövqe bildirməkdən yayınmağa çalışdıqları, yalnız prezidentin təzyiqləri altında "DXR" və "LXR"in müstəqilliyinin dərhal tanınmasına tərəfdar olduqlarını ifadə etmələri aydın görünürdü. Onu da qeyd edək ki, Təhlükəsizlik Şurasının iclasından telekanallarda yayımlanan görüntülərinin də "senzura"dan keçdiyi aşkar görünür. Belə görünür ki, prezident Vladimir Putin "DXR" və "LXR"in müstəqilliyinin tanınmasının kollektiv qərar olduğunu nümayiş etdirməklə yanaşı, çox ciddi nəticələri olacaq qərarın məsuliyyətini də Təhlükəsizlik Şurasının üzvləri ilə bölüşməyə çalışıb.
Təhlükəsizlik Şurasının iclasından sonra prezident Vladimir Putin xalqa müraciət edərək "DXR" və "LXR"in müstəqilliyinin tanınmasını elan etdi. Bununla da dekabr ayının ortalarından gərilən Rusiya Qərb münasibətləri yeni mərhələyə qədəm qoymaqla Ukraynaya qarşı hərbi müdaxilənin də startı verildi. Çünki "DXR" və "LXR"in müstəqilliyinin tanınmasından dərhal sonra prezident Vladimir Putin həmin "dövlət"lərin təhlükəsizliyinin təmin olunması üçün bu ərazilərə Rusiya ordusunun bölmələrinin daxil olmasına da göstəriş verib. Bununla da Rusiya "DXR" və "LXR"in ilhaqını rəsmiləşdirdi. Ancaq bu, prosesin başa çatması deyil. Əksinə, daha təhlükəli prosesin başlamasıdır.
Çünki Təhlükəsizlik Şurasının bəzi üzvləri "DXR" və "LXR"in müstəqilliklərinin tanınmasının yetərli olmadığını, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin tamamilə "azad olunması"nın zəruriliyini vurğulayırdılar. Qeyd edək ki, "DXR" və "LXR" Ukraynanın Donetsk və Luqansk vilayətlərinin yalnız 25 faizini əhatə edir. Belə görünür ki, Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan digər 75 faizini də "azad" etməyə çalışacaq. Prezident Vladimir Putinin xalqa müraciətindən doğan ümumi qənaət isə ondan ibarətdir ki, Rusiya dövlət başçısı, ümumiyyətlə, Ukraynanın dövlət kimi mövcudluğunu qəbul etmək istəmir. Rusiya prezidentinin Ukraynanın Rusiya torpaqları hesabına bolşeviklər, Lenin tərəfindən yaradıldığını dönə-dönə bəyan etməsi Vladimir Putinin "DXR" və "LXR"lə kifayətlənmək istəməyəcəyini göstərir.
Rusiyanın Ukraynaya qarşı iddialarının artdığı bir zamanda qarşı tərəfdən güzəştsiz mövqe səsləndirilib. Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna torpaqlarını heç kimə verməyəcək. Bu haqda prezident Vladimir Zelenski xalqa müraciətində bəyan edib. Ukraynanın tanınmış ictimai-siyasi xadimləri isə xalqı vətəni müdafiə etmək üçün ayağa qalxmağa çağırırlar. Ukrayna prezidenti xalqa müraciətinin ardınca Qərb liderləri diplomatik danışıqlara başlayıb. Prezident Vladimir Zelenski ilk telefon danışığını Böyük Britaniyanın baş naziri Boris Consonla gerçəkləşdirib. Böyük Britaniyanın baş naziri Boris Conson prezident Vladimir Zelenskini əmin edib ki, London Ukraynaya əlavə hərbi yardım göstərəcək.
"DXR" və "LXR"in müstəqilliklərinin tanınması ilə Rusiya və Qərb arasında da münasibətlər gərginləşib. ABŞ prezidenti Co Bayden "DXR" və "LXR"in müstəqilliklərinin Rusiya tərəfindən tanınmasından sonra ilkin sanksiya qərarına imza atıb. Bundan sonra bu qondarma respublikalara sərmayə qoymaq, ticarət etmək qadağan olunur. Sanksiya haqqında prezidentin imzaladığı fərmanda deyilir ki, Moskvanın bu addımı "Rusiyanın Minsk razılaşmalarına uyğun öhdəlikləri" ilə ziddiyyət təşkil edir və sülh, sabitlik və Ukraynanın suverenliyinə təhlükə yaradır. Sənəddə bildirilir ki, bununla da ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaranıb. ABŞ-ın ardınca Böyük Britaniya və Avropa Birliyi də ilk sanksiyalar tətbiq ediblər.
"DXR" və "LXR"in müstəqilliklərinin tanınması Rusiyada biznesin və iqtisadiyyatın çöküşünə start verib. Rusiyanın bütün aparıcı şirkətlərinin səhmləri sürətlə ucuzlaşır, rubl dəyərdən düşür. Hər kəs anlayır ki, bu, yalnız başlanğıcdır. Rusiyaya qarşı sanksiyalar ard-arda gələcək və Rusiyada sosial-iqtisadi vəziyyət sürətlə pisləşəcək. Ukrayna ilə müharibə əleyhdarları prezident Vladimir Putini sərt tənqid etməyə, istefaya çağırmağa başlayıblar. Sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə hakimiyyət əleyhinə çıxışların güclənəcəyi də proqnozlaşdırılır.
"DXR" və "LXR"in müstəqilliklərinin Moskva tərəfindən tanınması Qərbin Ukraynanı daha sürətlə silahlandırmasına səbəb olacaq. Artıq bu proses başlayıb. Böyük Britaniya və Litva Ukraynaya hərbi yardım göstərəcəklərini bəyan ediblər. Bütün Qərb dövlətlərinin anoloji addım atacaqları şübhəsizdir. Ukraynanın güclənməsinin və Rusiyanın daxilində hakimiyyətə qarşı çıxışların qarşısını almaq üçün rəsmi Moskva daha böyük hərbi münaqişə başlatmaq məcburiyyətində qalacaq. Aydın görünür ki, bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasındadır və daha bir addım müharibənin başlaması demək olacaq.
çap et