525.Az

Alper Çoşkun: “Türkiyədə Azərbaycanın maraqlarına zidd addım atıla bilməz”


 

Alper Çoşkun: “Türkiyədə Azərbaycanın maraqlarına zidd addım atıla bilməz”<b style="color:red"></b>

"Türkiyənin olmadığı yerdə Azərbaycanın olduğu kimi, eynilə Azərbaycanın olmadığı yerdə də Türkiyə var”

"Somada kömür şaxtasında faciəyə Azərbaycanda böyük diqqət göstərildi. Bu, qardaş kimi həm sevincdə, həm kədərdə şərik olduğunu bir daha göstərdi. Başda prezident, spiker olmaqla Azərbaycan xalqına təşəkkür edirik. Bu dəstək bizi son dərəcə duyğulandırdı”.
 
Bunu “APA TV-nin “Manşet” verilişinin qonağı olan Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun söyləyib. Səfir deyib ki, belə sıxıntılı dövrdə qardaşın dəstəyi çox mühümdür. Səfirin sözlərinə görə, kömür mədənində 284 nəfər həyatını itirib, 18 nəfərin taleyi məlum deyil.
Səfir bu gün məscidlərdə cümə xütbəsi zamanı Soma şəhərində baş vermiş mədən faciəsi qurbanlarının yad edilməsinə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür edib. APA TV-nin “Manşet” verilişinə qonaq olan səfir deyib ki, bəziləri Azərbaycanla Türkiyənin bu yaxınlığını anlamırlar: “Bütün Azərbaycan bu faciəni paylaşdı. Bu, planlaşdırılaraq ortaya çıxmayıb, bu, içdən gəlir”.

Səfir mədənçilik sektorunda işçilərin həyatının qorunması istiqamətində əlavə addımların atılmasına çalışıldığını, bunun araşdırlacağına inamını da ifadə edib: “Türkiyənin yardımla bağlı ölkələrə müraciəti olmayıb. Ancaq bizə bir çox Azərbaycan vətəndaşları yardım etmək istədiklərini bildiriblər. Şeyxülislam Allahşükür Paşazadənin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin belə təşəbbüsü var. Hər kəsə təşəkkür edirik. Bu addımlar qardaş kimi həm sevincdə, həm kədərdə şərik olduğumuzu bir daha göstərdi. Başda prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına təşəkkür edirik. Bu dəstək bizi son dərəcə duyğulandırdı”.

Səfir deyib ki, xalqlarımız bir-birini çox sevir: "Türkiyədə nə olursa olsun, o hadisələrə ən çox diqqət göstərən ölkələrin başında Azərbaycan gəlir. Türkiyə dövlətinin rəhbərləri soruşanda da mən bunu rahatlıqla söyləyə bilirəm”.

Səfir qeyd edib ki, Azərbaycan mətbuatı da həmişə Türkiyənin problemlərinə, o cümlədən Türkiyənin Soma şəhərində kömür şaxtasında baş verən faciəyə həssas yanaşıb, diqqət ayırıb: “Mənim Azərbaycan mətbuatından bununla bağlı hər hansı narazılığım yoxdur”.

Türkiyə səfiri bildirib ki, Türkiyədə Azərbaycan əleyhinə hər addım atıla bilməz: “Türkiyədə bəzi məsələlərə verilən reaksiyalara bəzən Azərbaycanda da fərqli reaksiyalar verilir, Bəzən Türkiyənin siyasətinin dəyişib-dəyişmədi barədə mənə suallar ünvanlanır. Türkiyədə Azərbaycanın maraqlarına zidd addım atıla bilməz. Mən bunu birmənalı bəyan edirəm. Türkiyənin siyasəti Azərbaycanın maraqlarını müdafiə etməkdir. Burada nöqtəni qoyuram və başqa bir şey də söyləmirəm. Cənab prezident lütf edib Praqada söylədiyi fikirdən çıxış edərək deyə bilərəm ki, Türkiyənin olmadığı yerdə Azərbaycanın olduğu kimi, eynilə Azərbaycanın olmadığı yerdə də Türkiyə var”.

İsmayıl Alper Coşkun qeyd edib ki, 1915-ci il olayları ilə bağlı ermənilərin həyata keçirdiyi kampaniya var: “Arxivlərdə araşdırma aparmaq əvəzinə, siyasi qərarlarla Türkiyəyə soyqırımı törətdiyi damğasını vurmaq istəyirlər. Halbuki bizim tarixi mirasımızda belə hal yoxdur. Biz bu istiqamətdə ciddi mübarizə aparırıq, Azərbaycan da bu sahədə bizə ciddi dəstək verir. Beynəlxalq hüquqa əsasən bir olayın soyqırımı kimi tanınması üçün məhkəmə qərarı lazımdır”.

Diplomat Ukraynada baş verən proseslərə də münasibət bildirib. Səfir qeyd edib ki, dünya Ukrayna kimi, Azərbaycanın da torpaq bütövlüyünü dəstəkləməlidir: “Azərbaycan 5, 10 il əvvəlki deyil, beynəlxalq aləmdə nüfuzu artır, böyük layihələr həyata keçirir. Azərbaycan xaricdə səfirliklərinin sayını artırıb, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Artıq Ukrayna olayından sonra dünyada ərazi bütövlüyünə daha həssas yanaşılacağına ümid edirəm. Bölgədə Türkiyə, Azərbaycan və Gürcüstanın ortaya qoyduğu potensial çox vacibdir. Beynəlxalq hüquqa sayğı ilə yanaşılmalıdır”.

İsmayıl Alper Coşkun Türkiyənin Krım tatarları ilə bağlı yetərli addımlar atmaması barədə iddialara da münasibət bildirib: “Türkiyə Krım tatarları ilə bağlı məsələyə böhrandan əvvəl, böhran dövründə də həssas olub. Krımda işğal, yaxud Ukraynanın şərqində baş verənlərinin nəticələrini Türkiyə tanımır. Rusiya Türkiyənin önəm verdiyi, dost saydığı ölkədir. Bu məsələdə ciddi fikir ayrılığımız ortadır. Ancaq Rusiya ilə doğru saydığımızı müzakirə etməyə davam edəcəyik. Bu məsələdə Azərbaycanla da birgə addımlarımız davam edəcək”.

Səfir Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə böyük önəm verdiyini deyib: “Türkiyə həmsədr olsa da, olmasa da ATƏT-in Minsk Qrupunun üzvüdür. Şimali Kipr məsələsi kimi Dağlıq Qarabağ məsələsi Türkiyə üçün çox önəmlidir”.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bu ayın sonunda Azərbaycana gələcəyini deyən səfir qeyd edib ki, bu il Türkiyə parlamentinin sədrinin də Azərbaycana səfəri gözlənilir. O, 2014-cü ildə ölkəmizdə Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısının da keçiriləcəyini xatırladıb.

 





16.05.2014    çap et  çap et