ABŞ lideri Bayden Rusiyanın addımlarını “işğalın başlanğıcı” kimi xarakterizə edib.
525.az “Hürriyet”ə istinadən xəbər verir ki, prezident Cozef Bayden dünən Rusiyanın Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk vilayətlərinə sülh qüvvələri göndərməsindən sonra Moskvaya qarşı tətbiq olunacaq sanksiyaları açıqlayıb. Ağ Evdəki mətbuat açıqlamasına, “Putinin qərarları Rusiyanın Ukraynaya təcavüzünün ilk addımıdır”, ifadəsi ilə başlayan Bayden, “Rusiya təcavüzünü davam etdirərsə, biz də sanksiyalarımızı davam etdirəcəyik”, - deyə davam edib.
O, iki Rusiya bankını da sanksiya siyahısına saldıqlarını açıqlayıb. Bayden, həmçinin Kiyevə müdafiə xarakterli hərbi dəstək verməyə davam edəcəyini də bildirib:
“Rusiya Ukrayna sərhədlərinə ehtiyat qan və tibbi avadanlıqlar daşımaqda davam edir. Əgər müharibəyə başlamaq istəmirsinizsə, sizə qan lazım deyil. Birləşmiş Ştatlar NATO müttəfiqlərini qorumaqda qərarlıdır. Bizim isə bütün qərarlarımız müdafiə xarakteri daşıyır. Heç bir şəkildə Rusiyaya hücum etməyəcəyik”.
Baydenin mətbuata açıqlamasından diqqət çəkən digər əsas məqam sanksiyaların şamil ediləcəyi sahələr olub. Belə ki, Rusiya dövləti Qərbin maliyyəsinə çıxış əldə edə bilməyəcək. Bununla əlaqədar, Rusiyanın 2 bankı Vneşekonombank (VEB) və Promsvyazbank (PSB) və onun 42 törəmə bankının sanksiya siyahısına daxil edildiyi qeyd edilib.
Maliyyə sanksiyaları Rusiya elitasını və onların Putinə yaxın olan ailələrini əhatə edəcək. Rusiyanın Belarus sərhədlərində hərbi mövcudluğuna cavab olaraq, NATO çərçivəsində Baltikyanı ölkələrdə (Litva, Estoniya və Latviya) səlahiyyətli ABŞ qüvvələrinə əlavə qüvvələr veriləcək. Rusiyadan Avropaya təbii qaz daşıyan “Şimal Axını-2” layihəsi heç bir şəkildə istifadəyə verilməyəcək. Ukraynaya müdafiə silahlarının göndərilməsi davam edəcək”
Sevil Gülməmmədova
çap et