Dünyanın ən böyük sərnişin gəmisi “Wonder of the Seas” martın 4-də ilk səyahəti üçün suya eniş edəcək.
525.az “Hürriyet”ə istinadən xəbər verir ki, keçən ay tamalanması başa çatan gəminin Aralıq dənizinə doğru yola düşərək Barselona və Romaya gedəcəyi bildirilib. Səfərin 5-7 gün arasında olacağı vurğulanıb. Təxminən 7 min sərnişin tutumuna malik nəhəng gəminin göyərtəsinin uzunluğu Eyfel qülləsini belə keçir.
“Royal Caribbean” şirkətinə məxsus “Wonder of the Seas” gəmisinin uzunluğu 362, eni isə 64 metrdir. Gəmi 6 998 sərnişin və 2 300 gəmi heyəti tutumuna malikdir.
Nəhəng gəmi sərnişinlərə təqdim etdiyi imkanlarla dəniz üzərindəki tətil məkanını xatırladır. Onun 18 göyərtəsi var və bunlardan 16-sı sərnişinlərə açıqdır. Bu hissələrdə 4 üzgüçülük hovuzu, 20 restoran, su parkı, basketbol meydançası, idman zalı, 1 400 nəfərlik şou zalı və 20 mindən çox real bitki növü olan bağı var.
İlkin planlara görə, 2021-ci ildə başa çatdırılması gözlənilən gəminin tikintisi koronavirus pandemiyası səbəbindən ləngiyib.
Sevil Gülməmmədova