525.Az

Küveytdə kino və kinematoqrafiya - Sədaqət Kamal yazır


 

Küveytdə kino və kinematoqrafiya -<b style="color:red"> Sədaqət Kamal yazır</b>

Küveytin ilk tammetrajlı filminə nəzər salsaq, bizim keçmiş kinematoqrafımızla oxşar klişe, yəni qəlib dramaturgiya, süjet, konflikt və digər analogiyalar görəcəyik. Şərqin patriarxal ruhunun dominantlığı bu filmdə ərəb ölkəsi rakursunda verilsə də, ekrana köçürülən faciə yoxsulluq həddində yaşayan insanlara doğma və təsirlidir; xalq dilində desək, ağlamalı kinodur.

Belədir süjet: Kasıb bir tikə çörək dalınca ağır zəhmətə qatılaşır, sevdiyi qızı almaqçın pul yığmaq istəyir, lakin sevdiyi qızı ailəsi döyə-döyə varlı bir yaşlıya ərə verir. Sonda, qazanc dalınca dənizin dibində mirvari çıxarmağa yollanan oğlunun ölüm xəbərinə nalə çəkən ananın tamaşaçının duyğularını yerindən oynadan fəryadı bürüyür ekranı.

1972-ci il istehsalı, "Qəddar dəniz" ("Bas ya Bahr") adlı bu film müasir dünyanın ən varlı ölkələrindən biri olan Küveytin neft bumundan əvvəlki halını əks etdirir. Ekranlara çıxdığı gündən etibarən, dünyanın ən mötəbər kinofestivallarında yüksək mükafatlar qazanan bu film, hətta "Oskar" nominasiyasına da təqdim olunan ekran əsərləri sırasındadır.

“Qəddar dəniz” filminin afişası

 

Bir çoxlarımızın yanında ərəb kinosundan söhbət açanda, bu ölkələrin kinematoqrafını geridəqalmış kimi təqdim etmək stereotipi üzə çıxır. Halbuki dünya kinosunun dəyərləndirmə rakursundan baxanda, onlar "Oskar"a bizdən çox -çox qabaq iddialı ediblər. Biz öz kinomuzla müqayisə etsək, ərəblərin "Oskar"a yaxınlığını, onların Amerika, Avropa, bizim isə Rusiya-SSRİ çərçivəsində dəyərləndirməylə bağlı olduğunu təsdiq etməliyik. Sadə bir fakt isə odur ki, ərəb ölkələrinin ən irəlidə gedən Misir kinoindustriyası dünyada Şərqin Hollivudu adıyla şərəfləndirilir.

Yuxarıda adını çəkdiyim, Küveytin ilk tammetrajlı filminin rejissoru, ötən il dünyasını dəyişmiş Xalid Əl-Siddiqin özü də Amerikanın Kaliforniya Universitetində təhsil almışdı. Rejissorun "Qəddar dəniz" adlanan filminin dəyəri isə onun məhz milliliyində idi. Bu dəyəri qazanmaqçın Qərbin kino sənayesindəki texniki imkanlardan istifadə edilmişdi. Belə ki, 70-ci illərdə bizim kinomuzçun əlçatmaz olan sualtı çəkilişlər bu filmin məziyyətlərindən biridir. Filmdəki mürəkkəb sualtı çəkilişlər bu gün də Küveytin sənədli kinosunda material ola bilir.

Küveytin neft bumundan əvvəlki iqtisadiyyatını, xalqın milli adət- ənənələri çərçivəsində işıqlandıran bu film dünya kinosunda həm də etnoqrafik ekran əsəri kimi dəyərlidir.

Xalq artisti Həmidə Ömərova ilə Küveyt Milli Günü ilə bağlı mərasimdə

 

Yenə də Amerika dəyərinə, yəni Amerikanın məşhur kino tənqidçisi Rocer Evertin film haqda söylədiklərinə diqqət yönəldək. O yazırdı: "Qəddar dəniz" təkcə onun rejissoru Xalid Əl- Siddiqin özünün deyil, həm də ölkəsinin ilk tammetrajlı filmidir. O, Cənubi Kaliforniyada aspiranturanı bitirib film çəkməkçin Vətəninə qayıtdıqda, o vaxtın dəbdə olan əyləncəli filmlərindən birini çəkməyə şirniklənməyib, maneələr dəf edə bildi. Rejissor, Küveytin illər əvvəlki köhnə kəndli həyatını çəkməyi dəyər bilərək, bu ritmə sadiq qaldı. Belə ki, film çox qəribə sətiraltı emosional təsirə malikdir. Filmdəki personajların bir-birinə mühafizəkarcasına, demək olar ki, ayinlərə uyğun yanaşmasına baxmayaraq, ekranda onların hissləri daha təsirli tərzdə ifadəsini tapır".

Həqiqətən, özünəməxsus üslubu var filmin. Belə ki, burda hadisə bəzən hərəkətdə olan, bəzən də fotolardakı kimi donmuş kadrlarla irəliləsə də, sakit və dinamikadan kənar görüntülər tamaşaçının hiss və duyğularını daha da coşdurur, daha doğrusu, ekrandakı sakitliklə tamaşaçı hisslərinin təlatümü arasında təzad yaranır. Bu isə, ekranda verilən faciənin mahiyyətini dərindən anlamağa kömək edən bir rejissor tapıntısı adlana bilər.

Faciə... Əgər bu filmi Küveytdəki keçmiş xalq həyatının tarixi bir güzgüsü kimi dəyərləndirsək, onda müasir dünyanın ən varlı ölkələrindən biri sayılan Küveytin, bugünkü zəngin həyat tərzinə hansı ağrı-acılar bahasına qovuşduğunun fərqinə varacağıq. Təbii ki, bu inkişaf həm də onun kinematoqrafına aiddir.

Belə ki, əvvəllər Qərb kinosunun imitasiyası olan (bayaq qeyd etdiyimiz kimi, ilk dəfə "Qəddar dəniz"in rejissoru, öz həmkarlarından fərqli olaraq, bu yolla irəliləməyə "yox" dedi) Küveyt kinematoqrafı bu gün daim inkişafda olan kino sənayesinə söykənir.

Həmçinin, bir islam ölkəsi olaraq, Küveyt dövləti Ümumdünya Müsəlman Ölkələri Liqasının qərarlarından da kənarda saxlamır kinosunu. Bu baxımdan, bir faktı xüsusi qeyd edim. 1976-cı ildə Suriya əsilli, məşhur Hollivud rejissoru Mustafa Akkadın çəkdiyi "Allahın elçisi Məhəmməd" filminin çəkilişlərinə öz büdcəsindən pul ayıran Küveyt, sonradan Müsəlman Liqasının bir sıra səbəblər əsasında verdiyi qərara görə yardımını dayandırmışdı. Diqqətə çatdırmaq istədiyim digər maraqlı fakt isə, Akkadın bu məşhur filminin çəkilməsində Liviyanın keçmiş lideri Qəddafinin önəmli roludur. Sonra Qəddafi Akkadın digər bir filminə, islamın müsbət rolunu dünyaya car etmək istəyən "Çöl aslanı"nın reallaşmasına da 35 milyon dollar yardım etmişdi.

Müsəlman ölkəsi kinosu olaraq, Küveyt kinematoqrafında qadın aktrisalar mövzusundan da yan keçməməliyik.

Küveyt kinosunun formalaşmasında görkəmli rol oynayan bir neçə aktrisanın adını çəkərkən, aktrisa, yazıçı, kinoprodüser kimi sevilən Həyat Əl-Fahadın adını xüsusi vurğulamalıyıq. O, məqalənin əvvəlində haqqında söhbət açdığımız "Qəddar dəniz" filmində baş rolun - Ana obrazının ifaçısıdır.

Həyat Əl Fahad ərəb dünyasının korifey kino sənətkarlarının üçündən biri sayılır. Hazırda 73 yaşın içində olan bu xanım sənətkarın adı mətbuatda son vaxtlar pandemiya problemiylə bağlı çox hallandı. Belə ki, əhalisinin böyük əksəriyyəti miqrantlardan ibarət olan Küveyt dövlətində miqrant məsələsi hələ də həssas məsələ olaraq qaldığından, Həyat Əl-Fahadın müsahibə verərkən söylədiyi bir cümləni əldə dəstavüz edən mətbuatda aktrisa rasizmdə günahlandırılmışdı. Aktrisa müsahibə zamanı söylədiyi "miqrantları səhrada yerləşdirmək vacibdir" fikrindən imtina etmədən, bildirdi ki, qətiyyən rasistlik meyli yoxdur onun bu təklifində, sadəcə, pandemiya dövründə ölkənin tibbi mühafizəsini təmin etməkçin, miqrantlara səhrada modul tipli xəstəxanalar tikilməsini vacib sayır.

Aktrisa Fouz Əl-Fahad

 

Bəli, göründüyü kimi, Küveyt kinosunun tarixini yazan, "Qəddar dəniz" filmində söhbət açılan ədalətsizliyə qarşı fəryad edən Ana obrazıyla məşhurlaşmış Həyat xanım, ölkəsində qayda-qanunların tətbiqində də, adı kimi həyati rol oynamaq iddiasındadır bu gün.

Küveytin digər məşhur aktrisası isə "Körfəz ekranının Sinderellası" tituluyla tanınan Suad Abdulladır. İraq əsilli bu aktrisa əsasən, seriallarda çəkilir. Ümumiyyətlə, Küveytdə, tammetrajlı bədii filmlərdən çox, seriallar çəkilir. Bununla yanaşı, Küveyt kinematoqrafı film istehsalında yenə də ilkə imza ata bilib. Bu, 2019-cu ildə, özünün "Royal Tale " şirkətində, rejissor Abdulla Əl-Vazzanın animasiya janrında çəkdiyi "Falafel arabası" adlı qısametrajlı filmdir. Ötən ilin "Oskar" nominasiyasına təqdim olunan ilk Küveyt animasiya filmi kimi, bu film 2021-ci ilin digər beynəlxalq kinofestivallarında da yüksək dəyərləndirildi.

Bu rejissorun 2021-ci ildə çəkdiyi "Xaos üzərində yüksəlmə" qısametrajlı filmi də layiqli qiymətini almış uğurlu ekran əsəridir.

Gənc nəsil xanım rejissorlardan Farah Əl-Həşim Küveytin kino ictimaiyyətində öz çəkisi olan rejissor və jurnalistdir. Onun yaratdığı Kino Evi "Beyrutda yerləşsə də, xanım əsasən, Küveyt və Livan sənətkarı kimi tanınır. Belə ki, Beyrutdakı Kino Evindən o, Küveyt üzrə distansion kino dərsləri verir. Amerika, Fransa, İngiltərənin kino cameəsində özünün "Beyrutda səhər naharı" filmilə məşhur olan Fərəh Əl Həşimin bu əsəri, həmin ölkələrdə miqrant həyatı yaşayan bir neçə livanlının evsizlik, həyat, ölüm, yurd sevgisi və mühüm həyati problemlərilə bağlı söhbətləri əsasında qurulub. Yüksək dəyərləndirilən "Beyrutda səhər yeməyi" tammetrajlı bədii-sənədli filmi, uğurlarına baxmayaraq, rejissorun öz vətəni Küveytdə film festivalına buraxılmamışdı. Qeyd edim ki, bu qadağa filmdə alkoqollu, açıq-saçıq kadrları ixtisar şərtlərilə bağlı olmuşdu. Bəli, bir islam ölkəsi olaraq Küveytdə alkoqol qadağan edilmiş mövzudur. Bura açıq -saçıqlıq qadağasını da əlavə etsək, tam müsəlman kinosu sərhədini təsvir etmiş olacağıq. Lakin Qərbin kinosu, demokratik mühiti ilə sıx əməkdaşlıq edən Küveyt kinosunda buna asanlıqla nail olmaq mümkündürmü? Axı dəllalların nə milləti, nə də dini-imanı olur. Buna görə də Küveytin hüquq-mühafizə orqanları ideoloji sahənin ən güclü təbliğat vasitəsi olan kinematoqrafda senzuranı vacib sayır. Bir neçə il öncə, tanınmış aktrisa Haya əl-Şubai porno elementlər təbliğ edən bir paylaşımına görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Keçmiş səfir Səud Əbdüləziz Əl-Rumi ilə, Küveytin Milli Gününə həsr olunmuş mərasimdə - 2017-ci il

 

Qadağalardan biri də İsrail kinematoqrafına münasibətdə mövcuddur. Bu günlərdə İsrailin məşhur aktrisası Qal Qadotun baş rol ifaçısı olduğu "Nildə ölüm" filminin Küveyt kinoteatrlarında göstərilməməsi barədə hökumətin verdiyi qərarı buna misal göstərmək olar. Bu aktrisanın adı Fələstinə qarşı vuruşan İsrail ordusuna rəğbəti ilə əlaqədar hallandığından, o, Küveyt ictimaiyyətinin qəzəbinə tuş gəlmişdi. Xalq senzurasının gücünü nümayiş etdirən bu faktı açıqlayarkən bildirməliyik ki, Amerikanın "20-ci əsr Foks" studiyasının istehsalı olan filmlərə Küveyt kinoteatrlarında qadağa olmasa da, məhz israilli aktrisanın filmdə baş rol almasını həzm etməyən xalq, öz etirazını reallaşdıra bilib, filmin ekranlarda qadağasına nail olmuşdu.

Bununla bir daha vurğulamaq lazımdır ki, Küveytdə film nümayişinə senzura ictimaiyyətin nəzarətilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu, həm də kinoteatrlar şəbəkəsinin bu ölkənin zəngin iqtisadiyyatının dəstəyi ilə təşkilinə imkan yaradır. Yəni varlı küveytli kinoteatrlara gələrkən özünə qarşı diqqət və qayğıdan razı qalmalıdır. Hələ 1954 -cü ildə əsası qoyulan "Cineckape" Küveytdə bu problemləri reallaşdıran milli kino şirkətidir. Kino zalında əyləşib filmə tamaşa etmək istəyən müasir tamaşaçı hansı rahatlığı xəyal edə bilərsə, Küveyt kinoteatrlarında bu rahatlıqlar tam təmin edilib. Bu isə zəngin Küveytin özüylə fəxr etməsinin bir atributudur. Çöldəki qızmar istidən qurtulmaqçın da ən yaxşı istirahət mərkəzləridir bu kinoteatrlar.

Məqaləmin əvvəlində Küveyt kinematoqrafından misal verərkən, bir müsəlman ölkəsi olaraq kinomuza yaxın ştrixlərinə diqqət yetirmişdim. Ona görə də, bu xüsusda, əsas bir məsələyə də toxunmaq istərdim. Bu, müsəlman adət-ənənələriylə bağlı bir məsələdir ki, artıq 21-ci əsrdə həm bizdə, həm də onlarda tam geridəqalmışlıq əlaməti kimi qəbul edilir. Belə ki, həm bizdə, həm də onlarda dünənə kimi mühafizəkar ailələrdə gənc qızların aktrisa olmaq arzuları beşiyindəcə boğulurdu. Ancaq göründüyü kimi, qadın böyük qüvvə olaraq, artıq qadağaları dəf edə bilib, ekranları ələ almaqdadır hər iki ölkədə. Küveytdə aktrisaların ekrana gözəllik bəxş etmək kimi bir üstünlüyü də var. Belə ki, dünyanın gözəllik yarışmalarının qalibləri, tanınan modellər də var bu aktrisaların sırasında. Yəni ekrana bu sahələrdən gələn aktrisalar azlıq təşkil etmir.

Bu sırada gözəl sənətçilər Ema Şahı, Amal Əl- Avadhini, Fouz əl-Fahadı və bir çox digərlərini misal çəkmək olar.

       

Aktrisa Amal Əl-Avadhi                                                         Aktrisa Ema Şah

 

Ancaq bununla yanaşı, müsəlmançılıq, onlarda olduğu kimi bizdə də öz ampluasını əldən vermir. Yəni qadının öz gözqamaşdıran fəaliyyətini reallaşdırmasını, daha doğrusu, aktrisa olmasını, ailə daxilindəki lay divarı yarıb irəli çıxması kimi də təsəvvürdə canlandırmaq olar.

Yeri gəlmişkən, kino siyasətimizlə müqayisəni də vurğulamağım yerinə düşərdi. Hazırda Küveyt kinoteatrlarında nümayişinə qadağa qoyulan, yuxarıda haqqında danışdığım "Nildə ölüm" filmi, bizim kinoteatrlarda fevral ayından etibarən ətrafına böyük tamaşaçı kütləsi toplamağa başlayıb və çox təriflənir. Ancaq bu fakt Azərbaycanla Küveytin dostluğuna qəti xələl yetirməyən bir ştrixdir.

(Qeyd: Məqalə 25 Fevral - Küveyt Dövlətinin Milli Günü münasibətilə hazırlanıb)

 





24.02.2022    çap et  çap et