525.Az

Meksikanın "Jurnalist ovu" hekayəsi - Natəvan Abdulla yazır


 

Meksikanın "Jurnalist ovu" hekayəsi  -<b style="color:red"> Natəvan Abdulla yazır</b>

Yeni ilin ilk günlərindən birində silah səsləri eşidən 16 yaşlı qızcığaz çox keçmədi evlərinin önündə atasının cansız bədəni ilə qarşılaşdı. Qızcığazın atası maşınında başından vurularaq öldürülən 49 yaşlı meksikalı foto-jurnalist Margarito Martinez idi.

Bu, Meksikada nə ilk, nə də son qətl hadisəsidir. 2022-ci ildə Martinezdən əvvəl bir, ondan sonra iki həmkarı vəhşicəsinə qətlə yetirilib. Ötən il isə Meksikada 7 jurnalist suiqəst nəticəsində öldürülüb. Bu qətillər artıq Meksika üçün adi haldır. Ümumilikdə 2018-ci ildən bu yana Meksikada 48 jurnalist qətlə yetirilib. Hətta, keçən ilin dekabrında adı açıqlanmayan bir hökumət rəsmisi demişdi ki, Meksikada fəallara və jurnalistlərə qarşı cinayətlərin 90 faizi cəzasız qalır. Yəqin, bu qəbildən olan qətillərin ardı-arxasının kəsilməmə səbəbi də məhz işlənmiş cinayətlərin cəzasız qalmasıdır.

Bəs, ölkədə ard-arda baş verən və əhalinin etirazları ilə müşayiət olunan, buna rəğmən qarşısı alnmayan "Jurnalist ovu" nədən qaynaqlar?

Məsələ ilə bağlı "525"ə danışan media eksperti Azər Həsrət kolumbiyalı bir jurnalistin gecə yarısı Bakı küçələrində gəzişərkən keçirdiyi hisslərdən bəhs edir. Bu hadisə ordakı jurnalistlərin ruh halını və həyat tərzini anlamağa kifayət edir: "2004-cü ildə Bakıda böyük bir beynəlxaq tədbir keçirmişdik. Əllidən çox ölkədən qonaqlarımız var idi. Onların arasında istər beynəlxalq, istər milli jurnalist təşkilatlarının rəhbərləri də yer alırdı. Latın Amerikası ölkələrindən də xeyli qonağımız vardı. Qonaqlarımızla restoranda şam yeməyi yedikdən sonra Bakı küçələrində gəzintiyə çıxmışdıq. Gecə yarısı idi. Kolumbiyadan olan bir həmkarımız heyrətlə ətrafa baxıb təəccüblənirdi. Ondan niyə belə narahat olduğunu soruşdum. O da qayıdıb məndən soruşdu ki, niyə küçələrdə polis yoxdur? Cavab verdim ki, buna nə ehtiyac var? Əgər bir narahatılığınız varsa, polis çağıra bilərik.  "Yox, axı burda terror filan ola bilər. Biz jurnalistlər belə gəzirik, başımıza iş gələ bilər..." - dedi. Adamlar öz ölkələrində o durumda o qədər bu qorxuyla yaşayıblar ki, elə bilirlər başqa ölkələrdə də elədir".

Qeyd edək ki, Meksika əslində Azərbaycan üçün çox da populyar sayılmayacaq qədər uzaq bir bölgədir. Dünyanın ta o başıdır. O ölkə və orada baş verlənlər haqqında Azərbaycanda elə də geniş məlumat yayılmır. Bu da başadüşüləndir. Çünki istər Meksika olsun, istərsə də ona yaxın ölkələrlə bizim əlaqələrimiz çox da geniş sayılmaz. Buna baxmayaraq, Meksikada Azərbaycan səfirliyi fəaliyyət göstərir. Ekspertin sözlərinə görə, bu səfirlik öz fəallığ ilə digər səfirliklərimizdən də fərqlənir.

Ekspert qeyd edir ki, jurnalistlərin qətli məsələsi artıq həmin ölkə üçün adi hal alıb və ard-arda baş verən bu hadisələr heç də təsadüf deyil: "Orada elə bir il olmur ki, media nümayəndəsi öldürülməsin, basqınlar, oğurluqlar, adam qaçırma halları olmasın. Həmin ölkə də bir çox Cənubi Amerika və Latın Amerikası ölkələri kimi narkotik ticarətindən əziyyət çəkir. Yəni həm narkotik maddələrin istifadəsi, həm də ki böyük və güclü narkotacirlərin bu ölkədə olması nəticə etibarilə kriminal durumun acınacaqlı səviyyəyə çatması vəziyyəti bu həddə gətirib çıxardır. Jurnalistlər bir qayda olaraq bu cür böyük cinayət əməllərinin izinə düşür, araşdırmalar aparır, bu və ya digər şəkildə həmin cinayətlərə bulaşmış adamlarla bağlı məlumatları ictimailəşdirir, yaxud da ictimailəşdirməyə cəhd göstərirlər. Təbiidir ki, onlar da həmin o böyük cinayətkar dəstələrin hədəfinə gəlirlər. Bu hal istər Meksikada, istərsə də ona qonşu olan ölkələr üçün xarakterikdir. Orada jurnalistlərin, xüsusilə də narkotacirlər, yaxud da onların arxasındakı qüvvələr tərəfindən məhv edilməsi adi haldır".

Qeyd edək ki, Meksika hakimiyyəti on ildən artıqdır, narkotik kartellərinə qarşı sərt müharibə aparsa da, bu yolda çox az uğur qazana bilib. Hər il on minlərlə insan, o cümlədən, siyasətçilər, tələbələr və jurnalistlər münaqişələrdə öldürülür. Hökumətin kartellərə müharibə elan etdiyi 2006-cı ildən bəri ölkədə üç yüz mindən çox qətl hadisəsi baş verib.

Ümumiyyətlə, narkotacirliyin və cinayətkarlığın bataqlığına çevrilmiş Meksika, Kolumbiya və ətraf ölkələrdə ağır cinayətkarın və narkotik tacirlərinin mövqeyi 1980-ci illərin sonlarından etibarən güclənməyə başlayıb.

Məşhur narkokral Pablo Eskobarın vaxtında Kolumbiya narkomafiyası ABŞ bazarına tam nəzarət edirdi. Həmin illərdə kokain Karib hövzəsi vasitəsiylə ABŞ-a aparılırdı. 1990-cı ilin əvvəllərində isə ABŞ uzun müddət apardığı mübarizənin nəticəsi olaraq Kolumbiya narkokartellərinin əsas tranzit qapısı sayılan Karib kanalını bağladı. Nəticədə kokain industriyasının liderliyi Kolumbiya kartellərinin əlindən çıxdı və vaxtilə onlara kuryelik edən meksikalı dəstələr topdansatışçılara çevrildilər.

İnstitusional İnqilab Partiyasının (PRI) hakimiyyətdə olduğu onilliklər ərzində Meksikada kartellər böyüdü və beləcə,  Meksika küçələri yoxsulluq, qüdrətli narkokartellər, korrupsiya və küçə quldurlarının savaş meydanına çevrildi. Bu partiyanın təkhakimiyyətliyi 2000-ci ildə sona çatdı və Milli Fəaliyyət Partiyasından (PAN) Visente Foks prezident seçildi. Bununla da kartellərin dövlət üzərindəki nəzarəti və gücü sarsıldı. Həmin nəzarəti yenidən bərpa etmək üçün güclü cinayətkar dəstələr hökumətə qarşı zorakılıqlarını artırdılar. 2006-cı ildə hakimiyyətə gələn Felipe Kalderon isə ölkədəki narkokartellərə qarşı sözün əsl mənasında müharibə başlatdı. Onun hakimiyyəti illərində (2006-2012) bu istiqamətdə demək olar ki, ciddi irəliləyiş oldu.

Hazırda Meksika narkotacirlər, kartellər və terrorçu qruplara qarşı milli təhlükəsizlik güclərindən istifadə edir. Silahlı qarşıdurmalar isə daha çox ölüm və zorakılıqla nəticələnir.

Bütün bu cəhdlərə baxmayaraq, ekspertlər narkotiklə mübarizədə ciddi uğurların əldə edilməməsinə səbəb olaraq həm yerli, həm də beynəlxalq qüvvələri göstərirlər. Meksikadakı kartellər qazandıqları böyük gəlirlərin bir hissəsini hakimlərə, polislərə və siyasətçilərə "sus payı" olaraq verirlər. Onlar həm də hakimiyyəti əməkdaşlığa məcbur edir, dövlət məmurlarına qarşı sui-qəsd təşkil edirlər.

 





24.02.2022    çap et  çap et