Son zamanlar ölkəmizdə təhsilə maraq xeyli artıb. Xüsusən də xaricdə təhsil almaq istəyi gənclərdə üstünlük təşkil edir. Xaricdə uğurla təhsil alan gənclərə nümunə kimi Nicat Nemət oğlu Mehdiyevi göstərmək olar. O, 1991-ci il iyulun 31-də Bakı şəhərində anadan olub. Orta təhsilə 1997-ci ildə Xətai rayonunda yerləşən 287 saylı "Zəkalar" liseyində başlayıb. 2008-ci ildə məktəbi əla qiymətlərlə bitirib.
Dəqiq fənlərə daha çox üstünlük verib. Ən sevdiyi fənn isə riyaziyyat olub. Sözlərinə görə riyaziyyatın məntiq və dərin düşüncə tələb etməsi onda xüsusi maraq oyadıb. VIII sinifdə məktəbdə keçirilən müsabiqənin sonunda müəllimlərin rəyi ilə məktəbin ən istedadlı 10 şagirdindən biri olaraq mükafatlandırılıb. Orta məktəbi bitirərkən təhsildə qazandığı uğurlara və nümunəvi davranışına görə fəxri fərmanla təltif olunub. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat proseslərinin avtomatlaşdırılması" fakültəsinin "Avtomatika və idarəetmə" ixtisasına daxil olub. 2012-ci ildə həmin istiqamətin "Texniki sistemlərdə idarəetmə və informatika" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Nicatın dediyinə görə bu ixtisası seçməyinin əsas səbəbi texniki elmlərə və müasir idarəetmə sistemlərinə olan marağı olub.
Nicat artıq ilk kursdan elmi məqalələr hazırlamağa və araşdırmalara başlayıb. 2009-cu ildə ADNA-da Konstitusiya Gününə həsr olunmuş 58-ci elmi-texniki konfransda çıxış edib, münsiflər heyətinin müsbət rəyini aldığına görə ali riyaziyyatdan hazırladığı məqalə çap olunub. Həmin il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin elan etdiyi təqaüd müsabiqəsinin hər iki turundan uğurla keçib təqaüdçü olub. İlk turda məntiq imtahanından yüksək nəticə göstərib, ikinci turda isə Neft Şirkətinin mütəxəssislərindən təşkil olunmuş komissiyanın müsahibəsindən uğurla keçib 30 təqaüdçüdən biri olub. Təqaüdçü olmağının üstünlüyü və ali məktəb imtahanlarda göstərdiyi yüksək nəticələrin sayəsində 2010-cu ildə, hələ II kursda oxuyarkən yay müddətində ARDNŞ-nin nəzdində Balaxanı Neft-Qaz Çıxarma İdarəsində "İstehsalatın avtomatlaşdırıması" şöbəsində IX dərəcəli mühəndis kimi işləməyə başlayıb. 2011-ci ildə BDU-nun əməkdaşları ilə birgə hazırladığı və "Günəş batareyalarında heterokeçidlərin tədqiqi" adlı elmi-məqalə Fransanın Strasburqda keçirilən elmi konfransa göndərilib və müsbət cavab alınıb. "Paylanmış İdarəetmə Sistemləri" adlı məqaləsisə Sumqayıt Dövlət Universitetində keçirilən konfransda çap olunub. Həmin il British Petrolium (BP) şirkətinin yay təcrübəsi keçmək üçün elan etdiyi müsabiqəyə müraciət edib. 4 mərhələli və rəqabətli olan bu müsabiqədə ingilis dili, məntiq və şirkətin mütəxəssisləri tərəfindən götürülən müsahibədən uğurla keçib yay təcrübəsi keçməyə haqq qazanıb. ARDNŞ-nin təşkil etdiyi yay təcrübəsinə seçilməyinə baxmayaraq, BP şirkətinə üstünlük verib. Dünyanın ən böyük neft-qaz şirkətində müxtəlif millətlərdən və ölkələrdən olan insanlarla işləmək, yüksək səviyyəli mütəxəssislərlə təcrübə keçmək adi tələbə üçün böyük uğurdur. Burada qrup halında işləmək, təqdimat etmək qaydaları və s. barədə xeyli təcrübələr əldə edib.
Təhsil müddətində verdiyi bütün imtahanlardan əla qiymət alıb. Bunun məntiqi nəticəsidir ki, bakalavr dərəcəsini mümkün ən yüksək orta balla (5.0), fərqlənmə diplomu ilə bitirib. Həmin il kafedra tarixində ilk dəfə olaraq kurs layihələrini təqdimat şəklində təqdim edib və çox yüksək nəticələrə nail olub. Hazırda isə Almaniyada magistr təhsilini davam etdirir.
Nicat bu uğurlarla kifayətlənmir. Asudə vaxtlarında ixtisasıyla bağlı məlumatlar toplayır, biliklərini daha da dərinləşdirir. Bu məqsədlə internetdən istifadə edir, kitablar əldə edir və yeni məqalələrlə maraqlanır. Əlavə olaraq, Xəzər Mühəndislər Cəmiyyətinin (CES) keçirdiyi konfranslarda iştirak edir.
Fəaliyyətiylə bağlı ilk dəfə Neft Şirkətində mühəndis seçildiyi zaman "İki sahil" qəzetində məlumat yayımlanıb. Nicatın sözlərinə görə, bu, onun ilk böyük uğuru olub. Ən böyük istəyisə Almaniyada təhsilini mükəmməl şəkildə başa vurub ixtisasını xırdalıqlarına qədər öyrənmək, qazandığı bilik və təcrübəni ölkəmizdə tətbiq etməkdir. Ona bu yolda uğurlar arzulayır, təhsilini təcrübədə müvəffəqiyyətlə tətbiq etməsini diləyirik.
CAVİD
çap et