525.Az

Şəhid qardaşlar - Kəmalə Abiyeva yazır


 

Şəhid qardaşlar -<b style="color:red"> Kəmalə Abiyeva yazır</b>

Həyat həm gözlənilmədən sevinc yaşadar, həm də gözlənilmədən bir qara daş olub çırpılar qapına, bacana, sakitliyinə... Və ən ağrılısı odur ki, oturub düşünərsən: Bu daş qəfil idimi, həyatın üzümü çöndü? Yanıb, yanıb kül olarsan. Qəfil deyildi heç nə - yanında, gözünün qabağındaydı bu xəyanət daşı.

Kim deyir ki, ermənilərin xəyanətindən xəbərsizdik? Kim deyir ki, bir gün qara daş kimi düşməyəcəkdi həyatımıza? Kim güvənirdi ki, bu dostluğa? Heç kim. Əmin olmadığına güvənə bilməzsən.

Hər birimiz bunu bilirdik. Hamı kimi şuşalılar da bilirdi.Görməzdən gəldiyimiz, qulaqardına vurduğumuz, üzünə baxmadığımız həqiqət bir gün yenə də zorla evimizə, yuvamıza, ürəyimizə təpildi və böyük faciəsinə səbəb oldu...

Ruslanla Nasirin faciəsi kimi: ikisi də Şuşada doğulmuşdu, ikisi də Şuşaya qarışdı.

Altı övladdan beşincisi: Ruslan Hüseynqulu oğlu Bağırov

Hüseynqulu müəllimlə Zərif xanımın ailəsi Şuşanın xoşbəxt ailələrindən idi. 6 övlad böyüyürdü ailədə: Elman,Yelmar, Fərman, Lyudmila, Ruslan, Nasir.

Ailənin 5-ci övladı dünyaya gələndə təbiətin ən gözəl vaxtıydı. Yaz gəlirdi. Şuşa əsrarəngiz gözəlliyə bürünür yazda. Dağı-daşı gül açır mart ayında. Ailənin dördüncü  oğlu 1956-cı il martın 11-də anadan oldu. Hüseynqulu müəllim Puşkin yaradıcılığını sevdiyindən oğluna Ruslan adını verdi. Yeganə qızının adı isə Lyudmila idi.

Ruslan da özündən böyük qardaşları və bacısı kimi ata qayğısı, ana sevgisiylə böyüdü, Şuşa şəhər 4 saylı orta məktəbdə təhsil aldı. Orta məktəbi bitirib Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) qəbul olundu. Ali təhsilini başa vurub öz el-obasına qayıtdı: əvvəlcə Şuşada Mənzil İstismar İdarəsinin müdiri, sonra peşə məktəbində direktor müavini oldu. Bütün gənclər kimi xəyallar quran, sevib-sevilən vaxtı idi. Aşiq oldu. İngilis dili müəlliməsi olan Rəhilə xanımla ailə qurdu. Emil və Zərifin atası oldu. Xoşbəxt idi Ruslan. Şuşanın bir gün od tutub yanacağından xəbərsiz idi. 1988-ci il hadisələri başlayanda ermənilərin ağlasığmaz vəhşiliklər edəcəyindən də xəbərsiz idi.

Ölkədə vəziyyət qarışmışdı. Rusiya 1990-cı ilin yanvarında çiyin-çiyinə verib Sovet Ordusunun tanklarının qarşısına çıxan, 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı düşmən gözündə görürdü. Bu "özbaşınalıq" cəzalandırılmalıydı. Erməniləri dəstəkləməklə cəzalandırıldı Azərbaycan. Qarabağda ermənilər vəhşiyə döndü. Yerli əhali işgəncələrə, kəndlər, rayonlar işğala məruz qaldı. 1992-ci ilin fevralında əsrin faciəsi - Xocalı soyqırımı baş verdi.

Hər kənd, hər qəsəbə isə qorunurdu. Könüllü özünümüdafiə batalyonları yaranırdı. Ruslan da torpağı uğruna döyüşlərə qatıldı. Milli qəhrəman Ramiz Qənbərovun başçılığı ilə yaranan özünümüdafiə batalyonunda rota komandirinin müavini idi baş leytenant  Ruslan Bağırov. Son anacan doğma şəhərini qorudu Ruslan. Rusiyanın Hərbi bazalarından atılan qradlar gözəl Şuşanı alovlara qərq edənə, erməni və rus silahlıları şəhərə girənə kimi döyüşdü Ruslan. Qardaşı Nasir kimi...

Ailənin sonbeşiyi: Nasir Hüseynqulu oğlu Bağırov

1958-ci ilin yasəmən ətirli may ayının 22-də dünyaya gəldi ailənin sonbeşiyi. Ata xoşbəxt idi. Hər qayaya sarılmaq, hər çiçəklə sevincini bölüşmək istəyirdi. Bütün uşaqlar kimi onun da övladları Şuşanın saf suyu, təmiz havası ilə saf, təmiz böyüdülər.

Ailənin yeganə qız övladı - beş qardaşın əziz xələfi Lyudmila xanımın xatirələrindən: "Ən kövrək, ən əziz, şirin və ən ağrılı xatirələrimdir o illər. Ailəmizin böyük hörməti vardı. Xoşbəxt idik. Elə bil Şuşada hamı xoşbəxt idi. Nasir sonbeşiyimiz idi. Elə bilirdik ki, o, hamımızdan sevimlidir. Valideynlərim onun Bakıya getməsinə razı olmadılar. Nasir Şuşada Orta İxtisas Musiqi məktəbində təhsil aldı. Musiqini sevirdi. Gözəl tar çalırdı. Amma tar müəllimi kimi işləyə bilmədi. Həyətimizdə elektrik mişarı ilə işləyəndə ehtiyatsızlıqdan bir neçə barmağını itirdı. Tar çala bilmədi. Sonra mağazada işlədi. Bütün qeyrətli oğullar kimi Könüllü özünümüdafiə batalyonuna yazıldı. Topçu idi. Son anacan Şuşadan çıxmayıb qardaşlarım. Orada olan oğullarımızdan xəbər tuta bilmədik. Doğma yurddan çıxmadılar, Şuşa torpağına qovuşdular. Qardaşlarımı itirəndən sonra meylimizi gəlinlərə, onların  övladlarına saldıq. Onların çətinliyi təkcə atalarının yoxluğu oldu. Rəhilə də, Nərminə də mərd duruşlu, sədaqətli xanımlardı, çox cəfakeş analardı. Övladlarını qəhrəman atalarının adına layiq böyütdülər. Hər biri ali təhsil aldı. Gözəl övladlar oldular.

Nərminə xanım ata ocağında qaldı. Riyaziyyat müəlliməsidi Nərminə. O qədər sadiq xanım oldu ki. Ata yurdumuzu tərk etmədi. Nasirin yadigarları - Fərid və Fəxri baba evində böyüdü. İndi ocağımızda Nasir adı yenidən yaşayır. Fəridin oğlu indi babası Nasirin adını daşıyır. Mən qardaşlarımın xanımlarına -  Rəhilə xanıma, Nərminə xanıma sonsuz minnətdaram. O qədər ləyaqətli xanımlardı ki. Qardaşlarımın xatirəsini müqəddəs tutdular. Biz nə qədər dəstək olsaq da, əsas yük onların çiyinlərində oldu. İndi ikisi də nənədir.

Sizə həyatımın bir parçasını danışıram. 70 illik ömrümün 91-ci ilin avqustuna qədər olan hissəsini ömür sayıram. 91-ci ilə qədər olan qardaşlı, atalı-analı, Şuşalı ömrüm dağıldı sonra.

Qələbədən sonra igid oğullarımızın canlarını fəda etdiyi torpaqları, doğma yerləri gördüm yenidən. Yenə Şuşanın suyunu içdim, havasını ciyərimə çəkdim. Qardaşlarımın son döyüş yerlərinə saatlarla baxdım. Mənə elə gəlirdi ki, yenə o günləri yaşayacam".

Lyudmila xanıma qulaq asanda mənə elə gəlirdi ki, ürəyi danışır. İllərin yanğısını, həsrətini qələbəmizlə söndürən həsrətli səsi həm də çox uzaqlardan 90-cı illərdən gəlirdi, elə bil.

Bütün bu ağrı-acıları mən də yaşamışdım. Bu 30 ili əzab çəkmişdim. Ölənləri-itənləri ürək ağrısıyla düşünürdüm. Torpaqlarımızın düşmən əlində olması cızdağımı çıxarırdı. Amma evindən-ocağından didərgin düşənlərin tüstüsü bir başqadır.

1990-cı illərdə yaranmış Könüllü özünümüdafiə batalyonunun komandiri Fəzail Əsədov: "Mən o vaxt Xalq Təsərrüfatı İnstitutu adlanan ali məktəbi bitirmişəm. Təyinatla Şuşaya göndərildim. Hadisələr başlayanda Şuşa sanatoriyasında baş iqtisadçı işləyirdim. Özüm ağdamlı olsam da, Şuşada yaşayırdım. Onu qorumalıydım. Ölkədə ümumi vəziyyət, gərginlik, pərakəndəlik  bizi çətin duruma salmışdı. Könüllü özünümüdafiə batalyonları yaranırdı. Müxtəlif bölgələrdən uşaqlar vardı. Hamı döyüşürdü. Tofiq Oğuz kimi igidlər vardı. Sadəcə vahid rəhbərlik yox idi. Mən də uşaqları topladım.  O zaman icra başçısı Mikayıl Gözəlov idi, elin qeyrətli, igid oğullarından biriydi.  Ancaq ona güvənirdik. 3 top tapıb gətirmişdi. Ziyəddin, Vahid, Akif, Əbülfət, Zakir, Elbrus, Əhəd, Dərgah, Nizami, Vidadi, Ələmşah, Mehman,Tariyel, yeznə-qayın olan Əlilər, Fikrət, Adil,Təyyar, Vəliəddin, Nasir - ümumilikdə, 20 nəfər var idi dəstəmizdə.  Qax polisləri də bizimlə döyüşürdü. İki qrupa bölünürdük. Nisbətən imkanlı olanlar  döyüşənləri  geyimlə, ərzaqla təmin edirdi. 20 nəfərlə sonacan döyüşdük. Çox nizam-intizamlı batalyonumuz vardı.

Şuşaya hücum olacağını eşitsək də, inanmırdıq. Mayın 7-dən 8-nə keçən gecə güclü artilleriya hücumu, qrad yağışı başladı. Xankəndində Rusiyanın 366-cı polku yerləşirdi. Dayanmadan Şuşaya atəş açırdılar. Hər yer yanırdı. Yenə iki yerə bölündük.

Nasir Xankəndi istiqamətində müdafiədə idi. Onu hədsiz çox istəyirdim, əvvəlcə uzaqlaşdırmaq istədim, getmədi. Bir neçə ay əvvəl onlara getmişdim. Anası Zərif xanım çox narahat idi. Ona dedim ki, nə qədər mən sağam Nasirdən nigaran qalma. Amma olmadı. Çox igid adam idi, qorxmaz idi. Hətta ermənilər Şuşaya girəndə də döyüşüb, öz postunu tərk etməmişdi.

Mən Ruslanın, Nasirin, Birinci və İkinci Qarabağ  savaşında torpaq üçün canından keçənlərin ruhu qarşısında baş əyirəm, döyüşən hər bir oğulun, qazinin qarşısında baş əyirəm. Bu torpağı həqiqətən sevdiyi üçün onu hər an qorumağa hazır olan hər bir kəsin qarşısında baş əyirəm. Onların hər birinin xatirəsi mənim üçün əzizdir. Onları unuda bilmərik. Sevinirəm ki, Mikayıl Gözəlov yenə yaşayır. Övladlarımız böyüdü, oğlu qızımla ailə qurdu. İndi nəvəmin adı Mikayıldır. Mikayıl Gözəlovlar yenidən doğulur və doğulacaq - bu torpağı qoruyacaq İkinci Qarabağ savaşının igidləri kimi".

Şuşa xatirələrini dinləyəndə, yazını yazanda o günlərə yüzüncü, mininci dəfə yenə qayıtdım.

Bilmirəm, düşmən gülləsinəmi rast gəlib Ruslan, ya Nasir? Ya rus hərbçilərinin yandırdığı Şuşanı görəndə ürəklərimi dayanıb sonacan Şuşanı qoruyanlar kimi? Nə qədər ürəklərin dayandığını kim bilir ki?

İki qardaşın yanğısı hələ səngiməyən Lyudmila xanımla söhbətləşəndə dedi ki, illərdir qardaşlarım yuxuma gəlir, həmişə dərdli, qapqara, yaralı görürdüm onları. Qələbədən sonra Şuşaya gedəndə qardaşlarımın son döyüş yerinə baxdım. Bilirdim ki, ermənilər ancaq  Xankəndindən Şuşaya gedən yoldan şəhərə daxil ola bilərdilər. Elə bil, onları gördüm - həmin postda dayanmışdılar, sapsağlam, dimdik dayanmışdılar, gülümsəyirdilər...

 





24.02.2022    çap et  çap et