525.Az

BP Memarlıq və İnşaat Universitetinə üç müasir laboratoriya hədiyyə edib


 

BP Memarlıq və İnşaat Universitetinə üç müasir laboratoriya hədiyyə edib<b style="color:red"></b>

Bu gün BP təlim və tədris vasitələri və proseslərini yeniləməkdə dəstək olmaq məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) üç müasir laboratoriya hədiyyə edib.

525.az “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bunlar Mühəndis Sistemlərinin və Qurğularının Tikintisi fakültəsinin nəzdində fəaliyyət göstərəcək tam təchiz olunmuş elektronika və elektrik mühəndisliyi, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri və “Ağıllı ev” laboratoriyalarıdır.

“Çox məmnunuq ki, universitet indi artıq öz tələbələrinə yeni laboratoriyalarda quraşdırılmış müasir avadanlıq, elektron vasitələr və innovativ sistemlərdən istifadə etməklə daha geniş öyrənmə, tədqiqat və təcrübə imkanları təklif edə biləcək. İnanırıq ki, bu laboratoriyalar bərpa olunan enerji sahəsində enerji baxımından səmərəli həllər təqdim etməyə və bununla da ölkənin enerji keçidi səylərinə töhfə verməyə qadir olan yeni nəsil mütəxəssislərin yetişməsinə kömək edəcək.

Həmçinin çox məmnunuq ki, bu layihə yerli universitetlərlə sıx əməkdaşlığımızın daha da genişlənməsinə xidmət edir. Bu il BP Azərbaycana gəlişinin 30 illiyini qeyd edir. Ötən otuz il ərzində biz onlarla yerli universitetlə əməkdaşlıq edərək, onlara aparıcı beynəlxalq təhsil müəssisələri ilə tərəfdaşlıq qurmağa, beynəlxalq bilik və təcrübələri ölkəyə gətirməyə, innovativ təhsil texnologiyalarını və metodologiyalarını tətbiq etməyə imkanlar yaratmış və ali təhsilin ümumi keyfiyyətinin yüksəldilməsinə dəstək vermişik. Biz əməkdaşlıq etdiyimiz universitetlərlə birgə əldə etdiyimiz nailiyyətlərlə qürur duyuruq və gələcəkdə də bu sahəni ölkədəki sosial fəaliyyətimizin əsas istiqaməti kimi davam etdirəcəyik”, - BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.

Layihənin ümumi dəyəri 294,6 min manat təşkil edir və buraya bütün zəruri avadanlıqların, texniki vasitələrin və proqram təminatının alınması və quraşdırılması, həmçinin laboratoriyaların səmərəli fəaliyyəti üçün tələb olunan bir sıra təlimat kitabçalarının nəşri daxildir.

 





24.02.2022    çap et  çap et