Ukraynadakı son hadisələr dövlətlərin xarici siyasətinin hansısa ümumbəşəri maraqlara, ülvi dəyərlərə deyil, müəyyən milli maraqlara xidmət edən realist yanaşma üzərində qurulduğunu təsdiq etdi. Bu səbəbdən də, yaxın vaxtlara qədər əsasən idealist baxışlara köklənən Qərb mediasında artıq siyasi realizmin beynəlxalq münasibətlərdəki aparıcı rolunu etiraf edən fikirlərə tez-tez rast gəlmək olur (1).
Müasir realizm XX əsrdə iki dünya müharibəsi arasındakı dövrdə meydana gəlib (2). Ötən yüzilliyin ikinci yarısında əsas qlobal güclər olan ABŞ və keçmiş SSRİ arasında gedən "Soyuq müharibə" beynəlxalq münasibətlərdə güc və ərazi amillərinin rolunu qabardan realizmi Hans Morgentau, Kennet Uolts və başqalarının nəzəriyyələrində aparıcı cərəyana çevirmişdi.
Lakin SSRİ-nin dağılması və kapitalist qütbün qalib gəlməsi 1990-cı illərdə idealizmin qəfildən özünə geniş yer tutmasına səbəb oldu. Qərbin kommunizm üzərində qələbəsini Frensis Fukuyama "tarixin sonu" adlandırdı, digər liberal və neo-konservativ tədqiqatçılar da SSRİ və Yuqoslaviyanın parçalanmasından sonra genişlənən demokratikləşmə dalğasından ruhlanaraq, qərb liberal demokratiyasının tezliklə dünyanın hər yerində bərqərar olacağına ümid bəslədilər. Onlara görə, yeni dünya nizamı dövlətlərarası münasibətlərin rəqabət deyil, əməkdaşlıq üzərində qurulması ilə səciyyələnir. Buradan çıxış edərək, optimistlər dövlətlərin siyasətində realizmi köhnəlmiş, yeni dünya reallıqlarına uyğun gəlməyən yanaşma tərzi kimi görürdülər (3).
Həmin dövrdə Qərb siyasi liderləri də yeni dövrdə geosiyasətin rolunu inkar edirdilər. Məsələn, ABŞ-ın keçmiş prezidenti Bill Klinton 1992-ci ildəki çıxışlarının birində siyasətdə güc faktorunu önə çəkənlərin fikirlərinin yeni dövrlə uzlaşmadığını söyləmişdi. Klinton bundan beş il sonrakı nitqində isə "XX əsrin böyük dövlətlərinin ərazi siyasətinin XXI əsrdə də üstün olacağı" ideyasına qarşı çıxırdı və faktiki olaraq geosiyasətin aktuallığını inkar edirdi (3).
Lakin "Soyuq müharibə" sonrası eyforiya uzun sürmədi. Xüsusən də, beynəlxalq terrorizmə qarşı illərdir ki, aparılan mübarizəyə baxmayaraq, terror təhlükəsinin artması, "Ərəb baharı" adlanan demokratikləşmə dalğasının fiaskosu, Sakit okeanın Asiya sahillərində müharibə təhlükəsini artıran konfliktlər və bütün bu münaqişələrin tənzimlənməsində BMT-nin qeyri-funksionallığı dünyanın heç də beynəlxalq hüququn prinsiplərinə deyil, ayrı-ayrı güclərin geosiyasi maraqlarına uyğun idarə olunması barədə iddiaları artırdı.
Buna baxmayaraq, idealistlər də asanlıqla təslim olmaq fikrində deyillər. Onlar çox zaman siyasətin pərdəarxası məqamlarını önə çıxaran realistləri "konspiroloq", onların yanaşmalarını "konspirasiya nəzəriyyəsi" adlandırır, bununla da realizmə söykənən tədqiqatları qeyri-ciddi və qeyri-elmi göstərməyə çalışırlar. Lakin Qərb dövlətlərinin Yaxın Şərqdəki müharibələrdə iştirakını "demokratiya quruculuğu" adlandıran liberallar elə həmin dövlətlərin Ukraynadakı son hadisələr qarşısında passiv dayanmasına izahat verməkdə çətinlik çəkirlər. Ukraynanın bütün dünyanın gözü qarşısında, ölkənin qanunlarına zidd olaraq parçalanması və aparıcı dövlətlərin və beynəlxalq təşkilatların buna adekvat reaksiya verə bilməməsi beynəlxalq hüquq sisteminin gücə və maraqlara tabe olduğunu təsdiqlədi.
Təsadüfi deyil ki, Ukrayna olayları beynəlxalq münasibətlər nəzəriyəsində realist baxışların yenidən dirçəlişinə və "geosiyasətin qayıtması" barədə düşüncələrin meydana çıxmasına şərait yaradıb (4).
Lakin bir çox realistlərin daim səsləndirdikləri fikir ondan ibarətdir ki, geosiyasət heç zaman öz əhəmiyyətini itirməyib. O, kapitalizmin kommunizm üzərində qələbəsindən sonra da dövlətlərin xarici siyasətinin hərəkətverici gücü olaraq qalıb. Məsələn, Avropa İttifaqının və NATO-nun şərqə doğru genişlənməsi, ərəb dünyasındakı hadisələrə müdaxilələr məhz "demokratiya quruculuğu", "insan haqlarının qorunması", "beynəlxalq terrorçuluqla mübarizə" kimi adlar altında həyata keçirilən xarici siyasətin, qlobal geosiyasi mübarizə və qarşıdurmaların davam etməsinin təzahürüdür.
Eyni zamanda, Ukrayna hadisələri ilə bağlı açıq hal alan Qərb-Rusiya qarşıdurması bir çoxları tərəfindən həm də "Soyuq müharibə"nin qayıdışı kimi qiymətləndirilir (5). Deməli, birinci "Soyuq müharibə"nin başa çatması bəşəriyyətin böyük hissəsini müharibə və konfliktsiz firavan həyat barədə xoş xəyallara qərq etsə də, ikinci "Soyuq müharibə"nin başlanması qlobal miqyasda ayıldıcı effekt verib. Bu o deməkdir ki, beynəlxalq münasibətlərdə ikiüzlü, haqsız siyasət barədə acı həqiqətlər indi daha aydın etiraf olunur. Belə nəticə çıxarmaq olar ki, Hegelin, Marksın, daha sonra Fukuyamanın dünyada yalnız bir ideologiyanın və idarəetmə sisteminin qələbə çalaraq bütün alternativlərini birdəfəlik sıradan çıxarması, beləliklə də "tarixin sonunun gəlməsi" fikrini qəbul etmək mümkün deyil. Bəşəriyyət mövcud olduqca fikir ayrılığı, ziddiyyət, mübarizə və qarşıdurmalar yaşanacaq və deməli, tarix də davam edəcək.
Hülya Məmmədli
Crimea Proves Political Realism is Still Dominant / www.guardianlv.com, 23 mart 2014
William C. Wohlforth. Realism and the End of the Cold War / International Security, Vol.19, No 3, 1994-95, pp. 91-129
John J. Mearsheimer. Realism, the Real World, and the Academy, in Michael Brecher and Frank P. Harvey, eds., Realism and Institutionalism in International Studies. Ann Arbor: The University of Michigan Press, 2002, pp. 23-33
The Return of Geopolitics / Foreign Affairs, may-iyun 2014 nəşri
Yeni "Soyuq müharibə": mif, yaxud reallıq? / www.newtimes.az, 30 aprel 2014
çap et