525.Az

Novruz Məmmədov: ““Maydan”ı yaradan elə Amerika Birləşmiş Ştatlarının özüdür”


 

Novruz Məmmədov: ““Maydan”ı yaradan elə Amerika Birləşmiş Ştatlarının özüdür”<b style="color:red"></b>

Novruz Məmmədov: “Maydan” tipli hadisələrin Azərbaycanda   baş verməsinə dəfələrlə cəhdlər edilib, amma o cəhdlərin  hər biri uğursuzluqla nəticələnib

“Ölkənin daxili işlərinə müdaxilə səfirlərin beynəlxalq aləmdə qəbul edilmiş missiyasına uyğun deyil”

Prezident Administrasiyası (PA) rəhbərinin müavini və və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “525”-ə müsahibəsi

-Novruz müəllim, ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi son müsahibə ilə bağlı nə deyərdiniz?

-Təəssüflə qeyd etmək istəyirəm ki, ABŞ-ın Azərbaycandakı səfiri Rişard Morqnistarın “Azadlıq” radiosuna verdiyi bu müsahibə Azərbaycanın daxili işlərinə bir müdaxilədir. ABŞ və yaxud, hər hansı bir başqa dövlət olursa-olsun, onun səfirinin başqa bir ölkənin daxili işlərinəqarışmaq hüququ yoxdur.

 Azərbaycan üçün belə mövqe qəbuledilməzdir. Eyni zamanda, ölkənin daxili işlərinə müdaxilə səfirlərin beynəlxalq aləmdə qəbul edilmiş missiyasına uyğun deyil. Səfirin bu addımı diplomatik əlaqələr haqqında Byana Konvensiyasının şərtlərinin, yəni, maddələrinin kobud şəkildə pozulması deməkdir.

 

-Səfir məlum müsahibəsində “Maydan” hadisələrinin Azərbaycanda təkrarlana biləcəyinə açıq-aşkar eyham vurur...

-Əslində hamı çox yaxşı bilir ki, “Maydan”ı yaradan elə Amerika Birləşmiş Ştatlarının özüdür. “Maydan” məhz Amerika Birləşmiş Ştatlarının siyasətinin və ayırdığı maliyyə vəsaiti “nəticəsi”dir. Onunla bağlı  dünya mətbuatında da həddindən artıq çoxlu materiallar verilib ki, “Maydan”a nə qədər  xərclənilib... Eyni zamanda, “Molotov kokteyli"nin istifadəsinə də ABŞ dəfələrlə dəstək verir və bununla bağlı faktlar da  mövcuddur.Bununla yanaşı, “Maydan” tipli hadisələrin Azərbaycanda da  baş verməsinə dəfələrlə cəhdlər edilib, amma o cəhdlərin də  hər biri uğursuzluqla nəticələnib. Çünki Azərbaycan o ölkələrdən deyil, çünki Azərbaycandakı daxili və xarici siyasət Azərbaycan xalqının, Azərbaycanın maraqlarını özündə ehtiva edir.

 

“Düşünürəm ki, başqa orqanlar da, başqa rəsmi şəxslər də bu müsahibəyə mövqe bildirə bilərlər və çox güman ki, bildirəcəklər”

 

-Novruz müəllim, səfirin müsahibəsinə rəsmi səviyyədə də və daha sərt formada da cavab veriləcəkmi?

- Əslində mənim bu müsahibəm elə müəyyən mənada səfirin o müsahibəsinə bir cavabdır. Səfir müsahibə verib, mən də bir ölkə rəsmisi kimi ona cavab verirəm. Amma düşünürəm ki, başqa orqanlar da, başqarəsmi şəxslər də bu müsahibəyə mövqe bildirə bilərlər və çox güman ki, bildirəcəklər

“ABŞ-dan fərqli olaraq Rusiya ilə İran Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinə  yüksək qiymət verirlər”

-Səfirin müsahibəsində Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə də bir müdaxilə cəhdi sezilir...

-Bəli,  çox təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatları səfirinin bu müsahibədə qonşu ölkələrlə bağlı səsləndirdiyi fikirlərdə Azərbaycanın qonşu ölkələrlə dostluq və əməkdaşlıq münasibətlərinə bir kölgə salmaq niyyəti və yaxud, cəhdi müşahidə olunur. Əlbəttə, bu da qəbuledilməzdir. Burada xüsusilə Rusiya ilə Azərbaycan arasında, Azərbaycanla İran arasında əməkdaşlıq, dostluq münasibətlərinə kölgə salmağa çalışılır. Bu da ilk dəfə deyil. Əslində ABŞ tərəfindən belə cəhdlər dəfələrlə olub. Çox təəssüflər olsun ki, ümumiyyətlə, Qərbdə belə cəhdlər çox tez-tez müsahidə olunur. Bilirsiniz, özləri guya sanki heç nəyi bilmirlər, amma, məsələn, Azərbaycandan – Bakıdan Tehrana bir yol çəkmək istəsən, Qərb jurnalistləri o zaman dərhal yazacaqlar ki, Azərbaycan Tehrana bir yol çəkib,  bu yol da Türkiyədən və yaxud, Rusiyadan yan keçir. Yəni, bununla da  onlar qəsdən  məkrli birməna ortaya qoyurlar.  Ona görə də bu halları biz qəbul heç cür edə bilmərik. Bizim qonşu ölkələrlə münasibətlərimiz, doğrudan da, yüksək səviyyədədir. Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə kölgə salmağa da ehtiyac yoxdur və ABŞ-dan fərqli olaraq bu ölkələr Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinə də yüksək qiymət verir, onu dəyərləndirirlər, onu daim genişləndirməyə, inkişaf etdirməyə çalışırlar.

 

“Azərbaycanın  güclü  nüfuza , güclü  mövqeyə malik olması və müstəqil xarici siyasət kursu həyata keçirməsi artıq kimlərinsə xoşuna gəlmir”

-Yeri gəlmişkən, Azərbaycanın müstəqil siyasət yeritməsi hələ də  bəzi dövlətlər və qüvvələr tərəfindən həzm olunmur. Səfirin müsahibəsindən də məhz belə görünür...

 

-Azərbaycan 21 ildən çoxdur ki, müstəqil xarici siyasət kursu həyata keçirir. Azərbaycan bu müstəqillik illərində - ötən 23 il  müddətində bütün imkanlarını öz xalqının, ölkəsinin inkişafına yönəldib. Bu nöqteyi-nəzərdən bu gün Azərbaycan həm daxili siyasətində, həm xarici siyasətində güclü bir dövlətə çevrilb, Azərbaycan regionun lideridir. Bu gün bu regionda və ondan daha geniş hüdudlarda baş verən hadisələr hamısı Azərbaycanın çox fəal iştirakı, çoxu isə təşəbbüsü ilə olur. Mən bununla bağlı geniş danışmaq istəmirəm.

Lakin görünür ki, Azərbaycanın belə güclü bir nüfuza, güclü bir mövqeyə malik olması və belə bir müstəqil xarici siyasət kursu həyata keçirməsi artıq kimlərinsə xoşuna gəlmir.  Yeri gəlmişkən, biz 26 ildir Ermənistanla münaqişədə yaşayırıq. Bu münaqişənin həllində Ermənistan artıq Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək. Bəs nə etmək lazımdır? Azərbaycana müəyyən təzyiqlər, təsirlər göstərmək, onu yolundan döndərmək...Ancaq tam əminliklə deyirəm ki, artıq bu təzyiqlər, təsirlər faydasızdır. Artıq Azərbaycanla təzyiq, təhdid dilində danışmaq olmaz və mümkün deyil.Eyni zamanda, dünya artıq doğrudan da, elə bir səviyyəyə gəlib çıxıb ki, ölkələr , dövlətlər bir-birilə çox sıx əlaqədədirlər. Amma bu o demək deyil ki, bu dövlətlər həmişə hansısa ölkələrdənsə, kimlərdənsə asılı olmalıdır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlıq etməyə hazırdır və bunu da bu 23 il ərzində edib, nümayiş etdirib. Amma buna baxmayaraq görün dünyada nələr, hansı hadisələr baş verir? Məgər bunların hamısı ilə bağlı bir müşahidə aparıb, bir təhlil aparıb nəticə çıxarmaq olmazmı?

Bu gün dünyanın 10-dan çox ölkəsində güclü qarşıdurmalar, münaqişələr, müharibələr gedir. Hələ heç birində də bir normal nəticə əldə edilməyib. Böyük dövlətlər nə istəyirlər, onu da edirlər. Bəziləri də “tvitter”də oturub fikirləşirlər və deyirlər ki, məsələn, Ermənistan-Azərbaycan münaqişəsini özünüz həll edin, Azərbaycan özü həll etsin. Axı,  necə ola bilir bütün başqa hallarda istədikləri yerə hərbi qüvvələr, təyyarələr göndərirlər, nə istəyirlər edirlər, amma Ermənistanla münaqişənin həllinə gəlincə, bizə “siz özünüz həll edin, biz də sizinlə razılaşacağıq”-deyirlər?

Bax, bu nöqteyi-nəzərdən biz Azərbaycana olan bu cür münasibəti  başa düşə bilmirik. Nə üçün Azərbaycana qarşı bu dərəcədə ikili standart üzərində qurulan, bir anti-Azərbaycan mövqeyində olan prosesi görməliyik bu dövlətlərdən? Bu, ümumiyyətlə, bizim tərəfimizdən heç cür qəbul edilə bilməz.

 

“Hansısa səfir gəlib burdakı prosesləri təhlil edib, bizə  “bu işi belə, bu işi başqa gür görün”- deyə bilməz”

 

-Ümumiyyətlə, sözügedən müsahibənin tonunun bu qədər  sərt olmasıolması “REAL” Hərəkatının sədri İlqar Məmmədov, həmçinin, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqub, o cümlədən, “Nida”  Vətəndaş Hərəkatının üzvləri barədə  bu günlərdə ağır məhkəmə hökmlərinin çıxarılması ilə bağlı deyil  ki?

- Mətbuata açıqlamamda da qeyd etdiyim kimi, həmin müsahibənin tonunu biz heç cür qəbul edə bilmirik və etmərik. Hər hansı bir səfir olursa-olsun, o, öz səfirliyini etməlidir. Əlbəttə, əfir öz fikrini deyə bilər, amma səfir bizim üçün dərs keçə bilməz. Səfir bizim üçün mentorluq edə bilməz. Səfir gəlib burdakı prosesləri təhlil edib, “bu işi belə, bu işi başqa gür görün”- deyə bilməz. Əslində buna ehtiyac da yoxdur. Hansı ölkənin səfiri olur - olsun, o, belə addım atmamalıdır. Azərbaycan bütün dövlətlərlə, o cümlədən ABŞ-la bərabərhüquqlu, qarşılıqlı surətdə hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətləri qəbul edir. Ona görə yenə deyirəm, bizə  mentorluq etməyə ehtiyac yoxdur.


Kamil Həmzəoğlu

                               

 

 





19.05.2014    çap et  çap et