525.Az

Bu yol məşhurluğamı aparır?


 

Bu yol məşhurluğamı aparır? <b style="color:red"></b>

Yenədə yuxusuzluq... Anam deyir, yatmasam başım xarab olacaq. Bacım da deyir, şizofrenik olacam – aptekdə işlədiyinə görədir yəqin, tez dərmanlardan söz salır: “şizofreniya üçün dərmanlar çox bahalıdır, mən onları alan deyiləm”.

 

Axı, yuxum gəlmirsə, mən neyniyim?

 

Atam yuxusuzluğumdan xəbərsizdi. Bir dəfə oyanıb gördü ki, divanda oturmuşam. Soruşdu ki, niyə yatmırsan? Deyəndə yuxum gəlmir, atam mənə bir məsləhət verdi: “kitab oxu, yatacaqsan” ... Adi insan kitab oxuyanda beyni, gözləri yorulur və o yatmaq istəyir. Mən isə kitabı bitirməyənə kimi yata bilmirəm. Yəqin yuxusuzluğum belə yaranıb. Kitabı bitirib pəncərəyə baxıram ki, səhər açılıb...

 

Düzünü desəm, kitab oxumağı sevmirdim, dərslik və ensiklopediyaları görməyə gözüm yox idi... Bir zarafat da eləyim:  bu kitabları əlimə alanda yuxum gəlirdi. Amma indi anlayıram ki, bu dünyada nəsə qazanmaq istəyirsənsə, çox oxumalısan. Güclü qadın olmaq üçün çox şey bilməlisən...

 

Çoxları deyir, güclü qadının arxasında güclü kişi dayanır (bunu deyənlərin əksəriyyəti kişilərdi). Qadınlar da borclu qalmayıb, deyirlər ki, güclü kişinin arxasında güclü qadın dayanır.  Hər kişinin və hər qadının arxasında güclü bir insan dayanıb – Ana. Və həmin ana güclü olsa, uşağı da güclü böyüyəcək (Ailələrin çoxunda belədi). Deməli, belə nəticəyə gəlmək olar ki, həm güclü kişinin, həm güclü qadının arxasında dayanan insan qadındı. Bəlkə də qadınam deyə belə düşünürəm...

 

Güclü qadınlar adətən məşhur olur. Elə məşhur qadınlar var ki, onların arxasında doğurdan da güclü kişi dayanıb. Amma mənim o qadınlara “güclü” deməyim gəlmir. Əgər o “məşhur” qadın güclü kişisiz heç nə əldə edə bilmirsə, deməli, zəif qadındı. Demirəm qadın hər şeyi çətinliklə əldə eləməlidi, amma tək etməlidi. Məşhurluğa aparan yolda güclü kişilərin də rolu var, amma sadəcə, “şans” kimi bir rol. Bəlkə də səhv düşünürəm...

 

Özümə kimya  dərsliyi almalıyam... Bəlkə onu oxuduqdan sonra yuxum gələ. Yoxsa belə düşüncələrlə mən heç vaxt məşhur ola bilməyəcəm...

 

 





19.05.2014    çap et  çap et