525.Az

Ukraynanın sabahı - Rafiq Əliyev yazır


 

PROQNOZ VƏ EHTİMALLAR

Ukraynanın sabahı -<b style="color:red"> Rafiq Əliyev yazır</b>

Hələ 2014-cü ildə Ukraynada hakimiyyətə Qərb yönümlü siyasətçilər gələrkən bu ölkənin federativlik əldə edəcəyini və yaxud da bir neçə kiçik dövlətə parçalanacağını demişdim. Bildirmişdim ki, Ukraynanın ərazi bütövlüyünün qorunub-saxlanılmasının yeganə yolu ölkənin federallaşdırılmasıdır. Dünya təcrübəsində kifayət qədər belə nümunələr mövcuddur. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, İsveçrə Konfederasiyası buna ən parlaq misaldır. Bu siyahını Meksika, Braziliya, Hindistan, Argentina ilə uzatmaq da olar...

Amma görünür, Qərbin yeni Ukrayna hökuməti qarşısında qoyduğu vəzifə tamam başqa idi - ölkə daxilində gərginlik yaratmaq, Rusiya ilə münasibətləri korlamaq, tarixi qədim dövrlərə gedib çıxan bütün ticari-iqtisadi, mədəni, ictimai-siyasi əlaqələri pozmaq. Bu cəhd özünü böyük bir ölkənin zor gücü ilə ukraynalaşdırılması ilə təzahür etməyə başladı. Xatırladaq ki, nasionalizm, daha dəqiq desək, radikal-nasionalizm və ultrasağ şovinizm 1933-cü ildə Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlişindən sonra yaranmış nasizm və neofaşizm bataqlığına yuvarlanmaq üçün böyük potensiala malikdir. Özü də bu ssenarini Ukrayna təkbaşına deyil, Qərb dövlətlərinin köməkliyi ilə yazdı. Hələ Yuşenkonun idarəçiliyi dövründə ölkədə ukraynalı milli mənsubiyyətli vətəndaşların sayında böyük artım müşahidə olunmağa başlamışdı. Nasionalizm bütün ideyalardan önə keçmişdi. Elə o zaman Ukraynada vahid rəsmi ideologiya yaranmağa başladı. Nasional-şovinist şüarların arxasınca düşən xeyli ukraynalı gənc nəsildə də başqalarına qarşı nifrət hissi aşılamağa çalışdılar və bugünkü hadisələr göstərir ki, istədiklərinə nail oldular. Hazırda ölkəni idarə edən nasionalistlər nəinki Ukrayna, hətta bütün Avropa üçün böyük təhlükəyə çevrilib. Artıq Avropada kapitalizm öz inkişaf imkanlarından tamamilə məhrum olub. Kapitalizmin öz yerini başqa ictimai-siyasi sistemə verməkdən savayı çıxış yolu qalmayıb. Kapitalizmsiz Avropa dönəminin zamanı gəlib çatıb. Avropanın siyasi elitası öz xalqlarına onların layiq olmadıqları həyatı yaşadır.

Kapitalistlər rəzil əməllərinə, qeyri-insani hərəkətlərinə, yaratdıqları amansız sosial-iqtisadi sistemə dəbdəbəli don geyindirməkdən ötrü hazırda daha çox təhlükəli siyasi-hərbi oyunlara əl atır, müharibələr törədir, qanlı münaqişələr yaradır, milyonlarla günahsız insanları aclıq və səfalətlə sınağa çəkirlər. Süni şəkildə problemlər yaradaraq bəşəriyyətin diqqətini mühüm məsələlərdən, yaratdıqları kapitalizm sisteminin bədnam, bəşəriyyətə zidd reallıqlarından yayındırmağa ciddi cəhd göstərirlər. Bu gün bütün Avropa kredit, borc, sələmçilik bataqlığında boğulur. Kapitalizmi tezliklə yeni ictimai-siyasi sistem əvəzləməsə, Qərbdə ciddi inqilab qaçılmaz olacaq. Avropa, eləcə də Amerika, NATO ölkələri Ukraynanın bu gün başına gələn hadisələri dərk etməli və nəticə çıxarmalıdır.

Hələ ki Rusiya ilə Ukrayna arasında şiddətli döyüşlər davam edir. İki gün əvvəl başlanan hərbi əməliyyat nəticəsində hər iki tərəfdən itkilərin olduğu bildirilir. Hazırda Ukraynanın şərq bölgələrində partlayışlarla müşayiət olunan atışmalar gedir. Təəssüf ki, Qərbin və ABŞ-ın Ukraynanı Donbass və Luqanskda öz vətəndaşlarına qarşı müharibə aparmağa təhrik etməsi, onu silahla təmin etməsi və siyasi dəstək verməsi hakimiyyəti "çaşdırdı". Ukrayna hakimiyyəti Qərbin, xüsusilə ABŞ-ın əlində Rusiyaya qarşı bir alət oldu. Rusiya hərbi nöqteyi-nəzərdən çox güclü dövlətdir. Rusiyada olan hərbi texnika ABŞ-da, ola bilsin ki hələ 10 ildən sonra yaranacaq. Hadisələrin gedişatına nəzərə salsaq görərik ki, ABŞ və Çin Rusiyanın öz hərbi qüdrətini nümayiş etdirməsini çoxdan arzulayırdı. Bunun üçün də ən əlverişli şərait məhz Ukraynada yaranmışdı. Qərb var gücü ilə bu dövləti müharibəyə təhrik etdi. Rusiya artıq öz sərhədində yaranmış təhlükəyə susa bilməzdi. Əgər Rusiya bu müharibəyə başlayıbsa, deməli, öz hərbi və iqtisadi gücündən əmindir. Hazırda Qərbin Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq etməkdən savayı, gücü heç nəyə çatmır. Ukraynanı savaşa təhrik edib ona vədlər verən Qərb bu gün dəstəyi yalnız bəzi Rusiya vətəndaşlarının bank hesablarına məhdudiyyət qoymaq, kimlərisə öz ərazisinə buraxmamaq, müəyyən sanksiyalar tətbiq eməklə göstərir. Ukrayna amansız döyüş meydanında özündən qat-qat güclü rəqiblə təkbətək qalıb. Avropa bu gün Rusiyaya qarşı açıq-aşkar müharibə aparmaq gücündə deyil, çünki özü iqtisadi böhran içərisindədir. Avropada yetkin siyasi lider olmadığından o, ABŞ-ın əlində bir alət kimi istifadə olunur. Təəssüf ki, Azərbaycan üçün yaxın dost olan iki dövlət - Rusiya və Ukrayna bu gün kimlərinsə güdazına qurban gedir. Bir xalqı müharibəyə təhrik etmək, günahsız insanların qanının tökülməsinə səbəb olmaq beynəlxalq cinayətdir. Bu gün Ukraynada baş verənlərə görə təkcə bu ölkənin siyasi rəhbərliyi deyil, Avropa və ABŞ da məsuliyyət daşıyır.

Dönə-dönə təkrar edirəm, biz heç bir dövlətdə qan tökülməsini istəmirik. Bir neçə gün əvvəl Rusiya ilə müttəfiqlik müqaviləsi bağlamışıq. Ukrayna xalqı ilə isə bizi qədim dostluq, qonşuluq əlaqələri birləşdirir. İllər boyu bir ittifaqın tərkibində yaşamışıq. Düşünürəm ki, bu savaş uzun müddət davam etməyəcək. Vaxtilə mənim irəli sürdüyüm fikirlər, yəni Ukraynanın federativ dövlətə çevrilməsi baş tutsaydı, bu gün günahsız insanların qanı tökülməzdi və ölkəni idarə etmək daha asan olardı. Dövlətin və xalqın təhlükəsizliyi prezidentin əlindədir. Əgər bu gün o, bir qədər çətinliyə düşən kimi gah ABŞ-a, gah Avropaya üz tutursa, demək ki, özü müstəqil qərar vermək iqtidarında deyil.

Bizə dost olan Ukrayna xalqının bu gün belə bir təhlükəyə atılmasını ürək ağrısı ilə qarşılayırıq. Amma nə qədər böyük bir faciə olsa da, bu, bütün dünya üçün tarixi dərs olacaq. Vaxtilə 79 gün ərzində Yuqoslaviyanın NATO qüvvələri tərəfindən dağıdılması hələ də yaddan çıxmayıb. Eləcə də İraq, Liviya. Bu gün "beynəlxalq hüquq" deyib bağıranlar niyə o zaman həmin dövlətlərə dəstək olmadılar, kənarda durub onların məhvini seyr etdilər?! Biz uzun illər müharibə şəraitində yaşamış bir xalqıq. Kimliyindən asılı olmayaraq, heç vaxt heç yerdə heç kimə qarşı müharibə tərəfdarı olmamışıq və olmayacağıq da. Çünki özümüz bunun acısını dadmışıq. Təbii ki, biz 30 illik danışıqların bir nəticəsi olmadığını görüb bu addımı atmağa məcbur qaldıq. Bu gün Rusiya ilə Ukrayna arasında gedən savaş da 8 illik danışıqların nəticəsiz qalması səbəbindən atılmış addımdır. Qərb bu iki dövlətin ortaq məxrəcə gəlməsinə imkan vermədi. Nəticədə təkcə Rusiya ilə Ukraynanın yox, bütün dünyanın düzəni pozuldu.

Ümid edək ki, bu savaş sonda Qərb ilə Rusiya arasında yeni müharibənin başlanmasına səbəb olmayacaq. Əks halda hər kəs dərin peşmançılıq hissi yaşayacaq. Amma düzü inanmıram ki, hər kəsə qarşı etirazını sanksiyalarla nümayiş etdirən Avropa müharibə aparmaq yolunu tutsun. Bizim proqnozlarımız, çağırışlarımız nə qədər xarici dillərə tərcümə edilib, xarici mətbuatda çap olunsa da, təbii ki, Avropa ölkələrinə qədər gedib çatmır. Amma ən azından səsimizi öz həmvətənlərimiz eşidir. Bir daha deyirəm ki, Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Biz müharibə tərəfdarı deyilik və iki dost, qardaş ölkənin tezliklə razılığa gəlməsinə ümid bəsləyirik.

İllərdir, mətbuatda millətçiliyin, şovinizmin nə qədər təhlükəli olması barədə yazılarlarla çıxış edirəm. Şükürlər olsun ki, Azərbaycanda heç vaxt belə problem yaşanmayıb. Biz tolerant dövlət olaraq hər zaman dünyada nümunə olmuşuq. Ukraynanı isə bu uçuruma gətirib çıxaran məhz millətçilik ideologiyası oldu.

Bir daha qeyd edirəm ki, bu savaşın uzun müddət davam edəcəyini düşünmürəm. Böyük ehtimalla, sonda Gürcüstan variantına bənzər qərar qəbul olunacaq. Ukrayna və Rusiya danışıqlarının nəticəsi kimi Donetsk və Luqansk regionları müstəqil dövlət elan edəcəklər. Ya da bir çox dünya politoloqlarının səsləndirdiyi kimi, Ukrayna iki hissəyə - Şərqi və Qərbi Ukraynaya bölünəcək: Kiyev Şərqi Ukraynanın mərkəzi kimi qalacaq və Rusiya tərəfindən himayə olunacaq. Millətçi ukraynalıların daha çox yaşadıqları Qərbi Ukrayna isə yenə də Qərbə meyl göstərəcək.

 





27.02.2022    çap et  çap et