525.Az

Ahəng və duyğular şairi - Eynulla Mədətli yazır


 

Ahəng və duyğular şairi -<b style="color:red"> Eynulla Mədətli yazır</b>

Əhməd Qəşəmoğlunun doğulub boya-başa çatdığı Vayxır kəndi, kəndin ətəyindən axıb Araza tökülən Naxçıvan çayı, baş tərəfində isə sıralanıb əfsanəvi Əshabi-Kəhf mağarası və Elanlı (Haca dağ) üzərindən Əlincə qalasınadək uzanan əzəmətli dağlar təbi, bədii istedadı olanlar üçün ən yaxşı mənəvi qida mənbəyi və ilham qaynağıdır. Səfalı mədən suyu ilə ölkədə tanınan bu kəndin çoxsaylı yetirmələri içərisində Qəşəmoğlu nəslinə mənsub elm-ədəbiyyat, təhsil xadimlərinin xüsusi yeri vardır. Əhməd Qəşəmoğlunun ömür payına lap gənc yaşlarından sevdiyi riyaziyyat elmi ilə bərabər şeirə, ədəbi yaradıcılığa da təbii sevgi yaranmışdı. Atası Qəşəm müəllim Naxçıvan Muxtar Respublikasının tanınmış ziyalısı və el ağsaqqalı olaraq onlarla, yüzlərlə gəncin həyat yoluna işıq tutduğu kimi, öz vətənsevər və istedadlı övladları ilə də başqalarına yaxşı nümunə idi və bu nurlu şəxsiyyət ilə keçən əsrin 70-80-ci illərində yaxından  ünsiyyətdə olmaq bu sətirlərin müəllifinə də qismət olmuşdu. Oğlu Əhməddən, onun təhsil almağından, şeir yazmağından həmişə fəxrlə danışardı. 

Əhməd Qəşəmoğlu Bakıda və Moskvadakı təhsil illərində, müstəqillik zamanı isə ölkəmizin dövlət, təhsil və elmi qurumlarındakı əmək fəaliyyətləri zamanı da şeirlə nəfəs alıb, bir-birindən maraqlı şeir kitabları ilə poeziyamızda öz yerini tutub. 1980-ci ildə keçmiş SSRİ-nin Tuva Muxtar Respublikasında keçirilən gənc şairlərin XII Ümumittifaq Poeziya Festivalının mükafatçısı olan gənc şair artıq qarşıdakı həyat yolunu poeziyasız təsəvvür etmirdi:

Xəyallarım bulud-bulud
taleyimin dünyasında,
şeir onun şimşəyidi.

Poeziyada Rəsul Rza yoluna üstünlük verən, sərbəst şerin maraqlı nümunələrini yaratmağa başlayan Əhməd Qəşəmoğlunun 2005-ci ildə Rəsul Rza Ədəbi Mükafatına layiq görülməsi heç də təsadüfi deyildi. Bakıda və Moskvada nəşr olunan kitabları ilə o, artıq öz dəst-xətti ilə özünə cığır açan bir şair kimi ədəbiyyata gəldiyini bəyan edirdi:

Qəlbini köklə ahəngə,
Ömrümü gətirmə təngə,
Əhməd düşməz rəngdən-rəngə,
Əhdə vəfa saxlamaq var.

O zamanın gənclik ədəbi nəşrlərində vaxtaşırı dərc olunan Əhməd Qəşəmoğlu eyni zamanda, gələcəyin yenilikçi bir sosioloqu kimi yetişirdi. Xüsusilə, xalqımızın uzun əsrlər boyu istiqlal arzularının gerçəkləşdiyi müstəqillik illərində formalaşan Azərbaycan cəmiyyətində baş verən proseslərə, ənənə və yeniliklərə, bir sıra hallarda da rast gəlinən və ictimai şüuru yanıldan  yad hallara biganə qalmayan şair öz yaradıcılığında vətəndaş və mütəxəssis mövqeyini ortaya qoyurdu:

Qəlbim köklənib ahəngə,
bağ salıram cərgə-cərgə,
girmişəm iblislə cəngə,
bəxt üzə gülə, gülməyə.

Kainatda, təbiətdə və cəmiyyətdə, həmçinin, konkret bir fərddə hər zaman bir nizam, ahəng axtaran şair özü tədricən bir Ahəngyol nəzəriyyəsinin təşəbbüskarına və müəllifinə çevrildi. Bu nəzəriyyəyə görə, Kainat milyon illərdir ki, ahəng prinsipi ilə mövcuddur və fəaliyyətdədir. Kainatın bir hissəsi, zərrəsi olan planetimizdə, hər bir varlıqda gedən proseslər ahəng prinsipi ilə baş verdikdə uğurlu olur. Tədqiqatçı şairin fikrincə, cəmiyyətdə də cərəyan edən hadisə və proseslər ahəng prinsipinə uyğun olmalıdır: 

Dünyada hər zərrədə
hesabsız sirr gizlənib...
dünyada heç bir zərrə
sadəcə, adi deyil...
bir ahəngin içindədi
bu yer üzü, bu göy üzü,
dünya özü...
o ahəngi duya bilmək
bir qismətdi sadə deyil. 

Bu yazımızda Əhməd Qəşəmoğlunun ictimai, ya elmi fəaliyyətindən deyil, onun ədəbi yaradıcılığından, poeziyasından bəzi nümunələrə münasibət bildirmək qəsd edildiyindən onun bəzi şeirlərinə müraciət ediləcək. Onun şeirlərinin başlıca mövzularını, bir çox şairlərimizin yaradıcılığında müşahidə etdiyimiz kimi, bir sıra bölümlərə təsnif etmək olar: kimlik, tale, Vətən dərdi, sevgi-eşq, ahəng, cəmiyyət, insanlıq, bəşərilik və sair. Bir Azərbaycan oğlu kimi öz kimliyini fəxrlə bəyan edən, onunla qürur duyan, eyni zamanda, özünü bəşəriyyətin bir zərrəsi hesab edərək bütün dünyanın və insanlığın vətəndaşı sayan Əhməd Qəşəmoğlu deyir: 

...Qədimlərdən qədim türkəm...
yer üzüdü mənim ölkəm!

Otuz ilə yaxın davam edən, xalqımızın böyük bir qismini qaçqın-köçkünə çevirərək məhrumiyyətlərə salan mənfur erməni işğalı, Vətən torpaqlarının Qarabağ qarışıq böyük qisminin uzun illər düşmən tapdağında inildəməsi milyonlarla vətəndaşımız kimi şairin qəlbini də dağlayırdı. Həmin illərdə şair Vətənə müracətində doğma torpağın azadlığa çıxması üçün özünü qurban deyirdi: 

Hələ yaralısan yurdum...
hələ qan qarışıq göz yaşların
qəlbimizi yandırır udum-udum...
hələ ömrüm, hələ qəlbim didim-didim
Vətənim!
məsud günlərinin uğrunda
ömrümü qurban dedim!

Əlbəttə, şair məğlubiyyətlə barışmır, heç vaxt haqqın-ədalətin qələbəsinə ümidini itirmir, Vətən oğullarını ayağa qalxıb düşmənlə savaşa səsləyirdi: 

Kükrə qan yaddaşınla!
Kükrə öz ağlınla sən!
əz düşmənin başını,
dünəninlə, sabahınla yox,
elə bu çağınla sən!

Əhməd Qəşəmoğlu gözü-könlü tox adamdır. Haqq etmədiyinə qətiyyən iddia etməz, eyni zamanda, haqsızlığa da biganə qalmaz. İki il bundan əvvəl pandemiyanın xoşagəlməz sıxıntısı  şəraitində yetmiş illiyini səs-səmirsiz yola salmış şair sadə, olduqca təvazölü bir elmi işçi həyatını yaşayır, özünün timsalında insanları öz nəfslərinin qulu olmamağa səsləyir. Onun nəzərincə, bir çox ümumbəşəri və milli-mənəvi dəyərlərin aşınmasında, cəmiyyətin təbii ahənginin pozulmasında, ilahi nizamın korlanmasında xudbin və tamahkar insanlar daha çox günahkardırlar:

Tamahdı, tamahdı
qadağan olunmuş ağacın adı,
nəfsdi,
qəlbi tapdayan həvəsdi,
ahəngi pozan hər şeydi...
Şükür Allahım!
qadağan olunmuş ağaclara
əl uzadanda
əlimdən vurdun...

Əhməd Qəşəmoğlu təbiətdə və cəmiyyətdəki, bir sıra qeyri-adi hadisələrin, nizamsızlıqların, xoşagəlməz halların, naqislik və naşükürlüklərin, xaotik dəyişikliklərin, hətta insanların şəxsiyyətlərindəki və əməllərindəki dəyişikliklərin, bir sıra hallarda qeyri-insani, ənənə və mənəvi dəyərlərdən uzaq halların baş verməsini məhz təbii ahəngin pozulması (insan fəaliyyəti nəticəsində) ilə əlaqələndirir və insanları İlahi ahəngə uymağa, onu qorumağa çağırır. Şair, neçə illərdir, bu enişli-yoxuşlu həyat yolunda büdrəmədən addımlayır, ahəngdən kənara çıxmayaraq hər zaman doğru yolu seçməyə çalışır: 

Şeirim xəyal hörgücü,
Tanrım, bax gör düz yığıram?
Bir ahəng var hər çiçəkdə
Yol göstərir, hər çiçək də...
Həyat adlı bu gerçəkdə
Düz getməyə iz yığıram. 

Şair həyata, insanlara və təbiətə sevgisində də fərqlidir. Belə şeirləri daha çox onun "Eşqdən o yana" (Bakı, "Elm və təhsil", 2020) kitabında yer almışdır. Burada yer alan şeirlərində onun daha çox həyat və dünyanın gedişatı barəsində fəlsəfi düşüncələri, ilahi nizamın - ahəngin hikmət və sirrləri poeziya müstəvisində bədii şərh olunur. Sonunda, şairin gəldiyi nəticə çox yerində və məntiqidir: 

Bu eşqdən, o yana nə var?
sirlə dolu qaranlıqlar
Allah hökmü sonsuzluqlar,
yerəm, göyəm?
bilmədim ki...
Bildiyim bilsəniz nədi?
hər qəlb ahəngə təşnədi...
hələ yer üzü bilmədi?
bildim bəyəm?
bilmədim ki...

Belə baxanda, əslində, eşqə qədər uzun bir yolçuluq olsa da, istəkdən, meyldən, sevgidən, məhəbbətdən keçib eşqədək yüksələndən sonra insana elə gələr ki, eşqdən o yana, daha yer yoxdur. Amma şair öz dərin hisslərinin ifadə edərkən daha maraqlı bir üsul seçir, eşqə ilahi neməti kimi baxır, həm də onun bir insanlıq və aşiqlik sınağı olduğuna inanır: 

Mənə
"Eşq olsun!" dedin...
mən indi eşq içindəyəm...
üzdən belə sakit, dinməz...
qəlbimdəsə
Allah bilir, nə gündəyəm... 
Yaxud bir başqa şeirində şair öz sevgisini belə ifadə edir: 
Mən bu qəfil sevdaya
baxıram, ürkə-ürkə,
bu Allahdan bir paymı,
ya imtahandı bəlkə. 

Hər bir şair öz şeirlərində yaşayır, onun kimliyini müəyyən edən, cəmiyyətdəki və ədəbiyyatdakı yerinin, həyata baxışının, insanlara münasibətinin, hiss və duyğularının ən doğru ifadəçisi onun  eirləridir. Əhməd Qəşəmoğlu cəmiyyətin problemləri ilə məşğul olan bir sosioloq kimi, uzun illərdir aparıcı elmi işçi kimi çalışdığı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda nə qədər sakit, öz aləminə qapılmış kimi görünsə də, ümumən narahat adamdır, elmi araşdırmalarında yeniliyə can atan tədqiqatçıdır, ədəbi yaradıcılığında nikbin ruhlu, özünün də ifadə etdiyi kimi, işıq əhvallı, qəlbi ümid dolu şairdir: 

Mən bir işıq seliyəm,
milyon illər arxasında
haqqın nizamına, ahəngə
içilən anddan,
arzular odundan
axan işıq seliyəm...
sən axar çaysan, dövran...
məni aldadammazsan!
axar sulara qatıb
aparammazsan... 

Əhməd Qəşəmoğlu cəmiyyəti narahat edən, düşündürən problemlərə müntəzəm olaraq ölkəmizin televiziya kanallarında, müxtəlif kütləvi informasiya vasitələrində, xüsusən sosial şəbəkələrdə öz prinsipial mövqeyini bildirən, yaramazlıqları kəskin tənqid etməkdən çəkinməyən, faydalı və gələcəyə ünvanlanan təklif və tövsiyələr verən mütəxəssisdir. O, şeirlərində də lirik təhkiyələri və xitabları ilə, tənqidi xarakterli irad və məzəmmətləri ilə ətraf aləmin proseslərinə öz şair münasibətini cəsarətlə ifadə edir. Ana Vətənə sevgi dolu müraciəti də bu qəbildəndir: 

Barın-bəhrən, sərvətin,
təbiətin, niyyətin
nurdan gələn bir paydı,
dünyaya nur yayanım,
doğma Azərbaycanım!

Ömrünün 72-ci qışını bu günlərdə yola salan Əhməd Qəşəmoğlunun daim axtarışda olan elmi təfəkkürü kimi, şair qəlbi də sevgi ilə doludur, hələ yazacağı nə qədər  şeirləri vardır və bunların artıq azad Vətəni vəsf edən,vətən övladlarını daim Vətəni sevməyə və qorumağa sövq edən, insanlığa səslənən ürəyəyatan sevgi və vətən  şeirləri olacağına əminik.

 





28.02.2022    çap et  çap et