525.Az

İnsan həşərat deyil...


 

Yazıçı Elçin Hüseynbəylinin “Qəfil getdi” hekayəsi haqqında təəssürat

İnsan həşərat deyil... <b style="color:red"></b>

Azərbaycan dilində kişi sözünün müsbət yöndə xüsusi anlamı var. Bu uca söz yalnız cins mənasında işlənmir. Erkək – nəsilartırandır. Bu hal (erkəklik) kişinin iki vəzifəsindən biridir. Həm də təbiətin buyurduğu təbii və adi vəzifədir. Qeyri-adi olan ikinci vəzifə kişilik sayılır. Evindən tutmuş elinin mənəvi və coğrafi sərhədlərinin qeyrətini çəkənlər, təhlükəsizliyini təmin edənlər cəmiyyət tərəfindən “Kişi” adlı ali xalq titulu ilə təltiflənirlər. Vay o günə ki, yalnız erkək arı taleyi yaşayasan!..

 

Görkəmli yazıçımız Elçin Hüseynbəyli “Qəfil getdi” hekayəsinin (“Ədəbiyyat qəzeti”, 18 aprel 2014-cü il) ruhuna hopan bu fikirləri öz oxucuları ilə bölüşür.

 

Mən ikinci dəfədir ki, Elçinin yaradıcılığı barədə fikir bildirirəm. İlk dəfə “Qarabağ həsrəti, Şahnisə nənə və qurbanlıq Qaraca” hekayəsindən söz açmışdım. İndi də ruhumu silkələyən “Qəfil getdi” ilə üzləşdim. Hər iki əsər yaralı vətən – Qarabağ mövzuludur. Hər iki hekayədə ermənilər tərəfindən baş vermiş ədalətsiz müharibənin ədalətli sonu arzulanır. İşğal olunmuş torpaqlarımız ya sülh, ya da müharibə yolu ilə azad olunmalıdır. Cəmiyyət bunu gözləyir. Hələlik bu gözlənti arzu olaraq qalır. Bəs məsələnin həlli uzananda?.. Bu sualın cavabını Elçin Hüseynbəyli verir.

 

Mövzu ilə əlaqədar bir az gəzişməyə ehtiyac duyuram. Təbiətin içindən doğan ağrı zəlzələlərdir. Bu ağrını yer qatı müxtəlif səviyyələrdə yaşayır. Episentr haradadırsa, ağrının da əsas yükü oradadır. Kim nə deyir-desin, vətən ağrıları və onun daşıyıcıları da belədir. Vətənə vurulmuş yara hamımızındır. Ancaq bu yaranın doğurduğu ağrının içi ilə çölü eyni deyil. Bu günün vətən ağrısını qarabağlılar, həmçinin onların ziyalıları daha dərindən duyur. O cümlədən də, yazıçı Elçin Hüseynbəyli. Hamımız Qarabağ savaşından yazırıq. Elçinin Qarabağ mövzulu yazıları şəxsən mənim yazılarımdan daha inandırıcı, daha ağrılıdır. Ona görə ki, Elçinin qələmi Qarabağ ağrısının episentrində – mərkəzindədir.

 

Gəzişmə hələ bitməyib. İnsan cəmiyyətində baş verən böyük olaylar, xüsusilə, dəhşətli müharibələr hansı məqamda bədii ədəbiyyatın malı olmalıdır? Zamanında, yoxsa hadisə bitəndən, tarixə çevriləndən sonra? Fikir birmənalı deyil. Kimi vaxtında tərpənmənin, kimi də gözləmənin tərəfindədir. Mübahisə də davam edir, yaradıcılıq da. Ağrı köynəyini qələminin əynindən çıxarda bilməyən Elçin dünən də Qarabağdan yazırdı, bu gün də yazır, sabah da yazacaqdır.

 

Artıq termin kimi qəbul olunmuş bir məsələyə də münasibət bildirmək istərdim. Biz qaçqın, köçkün sarıdan da “bol məhsul”a malikik. Bu zümrənin sayı bir milyona çatıb. Xaricilər pul sarıdan milyonçu olanda, biz də didərginlərimizə görə milyonçuyuq.

 

Bu milyonluq qaçqın, köçkün seli, axını nə vaxt öz doğma yurdlarına, ocaqlarına qayıdacaqdır? Deyilənlərə inanmamağa haqqımız yoxdur. Hər gün oxuyuruq, hər gün eşidirik: iqtisadiyyatımız yüksək templə inkişaf edir, ordumuz bölgənin ən güclü silahlı qüvvələridir. Düşməni yerində oturtmaq, torpaqlarımızı işğaldan azad etmək üçün elə bir maneə görmürük. Hamı Ali Baş Komandanın əmrini gözləyir. Bu əmr veriləndə biləcəyik ki, “lazım gələrsə” sözü boşuna deyilmirmiş. Görünür, bizim bilmədiyimiz nəsnə də var. Məhz bu nəsnə məsələnin həllini uzadır. Bəs milyonluq qaçqın, köçkün ordusu bu nəsnəni necə həzm edir? Oxucu bu sualın cavabını “Qəfil getdi” hekayəsindən alır.

 

Ədəbiyyat müəyyən qədər şərtiliklə bağlıdır. Surətlərin xüsusi adlar daşıyıb-daşımaması da bu sıradandır. E.Hüseynbəylinin “Qarabağ həsrəti, Şahnisə nənə və qurbanlıq Qaraca” hekayəsində göründüyü kimi, surətlər mənsub olduğu adlarla çağırılır. “Qəfil getdi”də isə belə deyil. Bu fərq elə bir çatışmazlıq yaratmır. Sadəcə, yazıçı ədəbi priyomlardan hərdən birinə üstünlük verir.

 

“Qəfil getdi”də əsrlərlə davam edən dərdimiz Elçin qələmində bir daha qabardılır. Halal, doğma torpaqlarımızın “biçilməsi”, işğal olunması indi də davam etməkdədir. Getdikcə sahəsi azalan vətən içinə yığılmaqdadır. Öz evimizdə – öz vətənimizdə ayağımızı rahat uzatmağa imkanımız qalmayıb. Düşmən isə tədricən “dənizdən-dənizə böyük Ermənistan” xülyasını reallaşdırmaqdadır. Bəs necə etməli? Elə Elçin də Qarabağ mövzulu yeni hekayəsində bu problemli məsələni araşdırmaqdadır.

 

Elçinin yurdu yağmalanmış, isti ocağına soyuq su əndərilmiş qəhrəmanı sənəd adlı kimliyində yazılmış rəsmi adından başqa, indiki halını ehtiva edən iki addan birinin sahibidir – ya qaçqın, ya da köçkün. Artıq əsrin dörddə biri keçir. Hələ ki, sülh niyyətli rəsmilərin saysız-hesabsız görüşlərindən bir nəticə yoxdur. Bu illər ərzində didərgin kimi yaşamaq əsər qəhrəmanının qürurunu qüruba çəkir. Yarışda oyunçu, hərbidə döyüşçü, cəmiyyətdə fərd çıxmazla üzləşəndə seytnot, depressiya yaranır. Hər halda, çaşqınlıqdan, ümidsizlikdən də bir çıxış yolu var – ya məqbul, ya da qeyri-məqbul.

 

İri, canlı fildən və ya kiçik arıdan da nəsə öyrənmək olar. Bəlkə, son günün seçimini? Xüsusilə, arı məişətindən, həyat tərzindən insan çox şey öyrənə bilər, ancaq hər şey nümunə kimi qəbul edilə bilməz. Məlumatlı, müşahidəli yazıçı hekayəsinin qayəsi üçün arıların yaşam qaydalarından bir açar kimi istifadə etmişdir. Aşağıdakı sətirlər oxucuya bələdçilik edir:

 

“Arılar barədə məqalə diqqətini çəkdi. Ona görə ki, bəzi cümlələrin altından xətt çəkmişdi. Öz əliylə. Dərhal tanıdı. Pis xətti vardı. Sən demə, dişi arı erkəkdən beçə tutduqdan sonra missiyasını başa vurur. Ana arılar və cavanlar onu yuvadan atırlar bayıra. Ağıllı erkək arılar isə başqa arı ailəsinə qoşulurlar. Hə, bu da ona oxşayırdı. Amma onun başqa ailəyə qoşulmağa imkanları yoxuydu. Beçə tutuzduran vaxtı çoxdan ötmüşdü. Deməli, ən yaxşısı sakitcə itmək idi...”.

 

Arının oxşarı olan qaçqın və ya köçkün də iki vəzifənin daşıyıcısıydı – erkəkliyin və kişiliyin. Erkəkliyinin vədəsi keçsə də, kişilik üçün zaman sərhəddi yoxdur. Kişi sözlə də, qılıncla da kişiliyini sübuta yetirə bilər. Təki şərait olsun. Şərait isə onunla həmrəylik etmir. Bax belə olanda kişilik çıxmaza dirənir.

 

Fərq olmasaydı, sənədlərdə, şəxsin tərcümeyi-halında əks olunması vacib sayılmazdı. İnsanın böyük vətənindən başqa, doğulduğu, daha çox bağlandığı kiçik yurdu da var. Atalar deyib: “Daş düşdüyü yerdə ağır olur”. Gəncəli Kərəmin dastanında da bu mövzu üçün xatırlanmalı bir misra var: “Öz yerində sultan idin, xan idin”. Elçinin qəhrəmanı da bu hisslərlə nəfəs alır.

 

Yazıçı adlaşmadan, kodlaşmadan yan durmaqla zəbt olunmuş rayonlarımızın, ərazilərimizin oxşar ağrılarının təmsilçisi sayılacaq ümumiləşmiş bir qaçqın surəti yaratmaqla oxucuya çatdıracağı mənanı daha da tutumlu edir.

 

Vətəndən vətənə sığınan adamın yeni şəraitində sosial cəhətdən, bəlkə də, hər şeyi çatır. Ancaq onu vətəndaşlandıran ilk yurdun sevgisini heç nə əvəzləmək iqtidarında deyil. Doğulduğu, boya-başa çatdığı, havasını udub suyunu içdiyi, istiqanlı insanları ilə isti təmas qurduğu, vətəni, torpağı sevməyin əlifbasını öyrəndiyi evi bir mərtəbəli idi. Paytaxtda isə on altı mərtəbəli binada məskunlaşıb. Uyğunlaşa bilmədiyi bu yaşayış tərzində böyük fərq vardı. O, kəndə yerdən göyə baxırdı, şəhərdə göydən yerə tamaşa edir. Elçinin qəhrəmanı geri dönüb bu fərqi əvvəlki vəziyyətinə qaytarmaq istəyir. Bu qoca qaçqının arzunu gerçəyə çevirməyə gücü çatacaqdımı? Onu həm içindən yeyən, həm də ümidə çevrilib yaşadan bu sualdır. Neçə illərdir ki, o qayıdış yolunu arayır. Tapa bilmir. Axtarılan tapılmayanda insan çaşır, özünü itirir.

 

O, qayıtmaq ümidilə qaçqınlığı qəbul etmişdi. Qoyub gəldiyi evi arxasınca addımlaya bilməzdi. Kölgəsində dincəldiyi ağaclar, qoxusunu burnuna aldığı güllər, çiçəklər, yanğısını söndürən, əl-üzünü yuyan bulaqlar, sinəsində iz saldığı torpaqlar, yad qaraltısına miyoldayan pişiklər, hürən itlər bu qaçışa qoşula bilməzdilər. Onlar yerlərində qalıb müvəqqəti tərki-vətən olan sahiblərini həsrətlə gözləyirdilər. İnanırdılar ki, sahib nə vaxtsa qayıdacaqdır. Haradasa oxunan kədərli bir nəğmə onların fikrini dəqiq ifadə edirdi:

 

Gözləməkdən göz yoruldu –

 

qayıtmadın.

 

Səsləməkdən söz yoruldu –

 

qayıtmadın.

 

Qayıda bilmirsə, deməli, başqa çıxış yolu axtarmağa məcburdur. O, şərəf sayılmayacaq bu çıxış yolunun adını beynindən qəlbinə bəyan etmişdi: İntihar!..

 

O, bir erkək kimi birtəhər başını girləyə bilərdi. Ancaq işğal altında olan torpağının təəssübünü çəkən bir kişi kimi heç kimin üzünə baxa bilmirdi. Tək canına bir orduluq azadlıq müharibəsi aparmağa, düşməndən qisas almağa gücü, əlverişli məqama qədər dözməyə səbri çatmırdı. Hesab edirdi ki, bu səbrin sahibini heç kim bağışlamayacaq. Deməli, intihar – bu cür yaşamaqdansa, özünə qəsd etmək labüddür. Qələm işində, kağız üzərində Tanrı səlahiyyətli olan Elçin də yaratdığı surətin qərarına qarışmır.

 

İntihara söz yoxdur. İntəhası, bir iş var. Ölümü necə icra etməli? Çeşidli variantlar gözü önünə gəlir. Özünü Qız qalasından ata bilər. Maşın qəzasına da düşmək mümkündür. Ağacdan asılmaq necə? Bu qərarı metroda, qatarların vasitəsilə daha asan icra etmək olar. Dənizdə boğulmaq da ölümün bir növüdür.

 

Bir məsələ didərgini çox düşündürür. Deyəsən, vaxtilə azad kəndində müəllim peşəsində işləmişdir. Ölümünün elmi-pedaqoji tərəflərini incələyir. Yazıçı qəhrəmanının üzləşdiyi, yaşadığı halın psixoloji çalarlarını ustalıqla açır: “Amma özünü atsa, qohum-qonşu nə deyər? Deməzlərmi ki, yəqin ailədə bir narazılıq olub ki, bu qoca kişi intihar edib. Hələ polislər... Doğmalarını o tərəf-bu tərəfə o qədər çəkəcəklər ki, onun ölümü də yaddan çıxacaqdı, hələ bəlkə, söyüş, nifrət yiyəsi də olacaqdı. Yox, bu, çox axmaq ideyadı”.

 

Özündən sonra özgələrin halına yanmaq alicənablıqdır.

 

İcra ləngiyirdi. Üstəlik, beynindəki isti fikirlər də soyumuşdu. Ayaqları qeyri-iradi olaraq onu evə – ailəsinin yanına çəkirdi. Yəqin onun gecikməsindən narahat idilər. Artıq gecə ömrünü yarılamışdı. Onun qoynuna sığınan didərgin isə hələ ki yaşayırdı. Allah kəssin belə yaşamağı!..

 

“Ehmalca, çəkinə-çəkinə qapını döydü. Evə gec qayıtmış uşaqlara bənzəyirdi. Utancaq və günahkar cocuqlar kimi paltosunun qollarını dartışdırdı...

 

Kimsə asta addımlarla qapıya gəldi. Yerişindən qarısına oxşayırdı.

 

Arvadı gözlükdən çölə baxdı. O biriləri də gəldilər və növbəylə gözlükdən baxdılar:

 

– Kimdir? – deyə arvadı handan-hana, az qala pıçıltıyla soruşdu.

 

Sualdan diksindi. Canından üşütmə keçdi. Səsini içinə çəkib dayandı. Sonra geriyə döndü və ehmal addımlarla liftə tərəf getdi.

 

Erkək arılar haqqında səhərki yazını xatırladı və acı-acı gülümsündü...”.

 

“Kimdir?”. Ona verilən sualı özü də qəlbinin dərinliyində təkrarladı: Doğrudan da indi o, kimdir? Həşərat xislətli erkək, yoxsa qeyrət yüklü insan – kişi? Kişiliyini dərindən dərk etdiyindən əvvəlki fikrinə dönməyə şübhə yeri qalmır.

 

Əgər o, intihar edəcəkdisə... Əgər o, intihar edəcəkdisə, azadlıq haqqını, torpaq sərhəddini, təmsil etdiyi vətənin bütövlüyünü tanıyan dünyanın arxayın, hövsələli iri-iri dövlət başçıları, palaz-palaz qətnamələr qəbul edən ən yekə iclasxana – Birləşmiş Millətlər Təşkilatı utanmalı, xəcalət çəkməli və məsuliyyət daşımalıdır.

 

Aprel, 2014

 

 





19.05.2014    çap et  çap et