525.Az

Vətən müharibəsinin şəhidi, leytenant Vasif Heydərovun şəxsi əşyaları muzeyə təhvil verilib


 

Vətən müharibəsinin şəhidi, leytenant Vasif Heydərovun şəxsi əşyaları muzeyə təhvil verilib<b style="color:red"></b>

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi  Vasif Heydərovun şəxsi əşyaları ailəsi tərəfindən AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Milli Azərbaycan Tarixi Muzeyindən 525.az-a verilən məlumata görə, Vasif Heydərov 5 yanvar 1997-ci il-də Tovuz rayonunun Aran Yanıqlı kəndində anadan olub. İlk təhsilini 2003-2012-ci illərdə Yanıqlı kənd 2 nömrəli  tam orta məktəbində almışdır.  2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. V.Heydərov 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil almış və ona “leytenant” hərbi rütbəsi verilmişdir.

Vasif Heydərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.2020-ci ildə yeni təyinat alaraq Həmlə taborunda xidmətini davam etdirdi.

Leytenant Vasif Heydərov 27 sentyabr 2020-ci ildə ordumuzun düşmən mövqələrinə qarşı başlayan əks-hücum əməliyyatlarında fəal iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə yaralansa belə döyüşə davam edib, yaralı zabiti yanan bmp-dən çıxararaq həyatını xilas edib. “Bura qədər vuruşub gəlmişik, geriyə qayıtmaq olmaz!” deyərək hücumu davam etdirmək əmri verib, düşmənin 2-ci müdafiə xəttini yarıb. Atıcı silahlarla Vasifin dəstəsini məhv edə bilməyən düşmən ağır artilleriyadan istifadə edib və nəticədə Vasif ağır yaralanaraq sentyabrın 27-də Füzuli uğrunda şəhidlik zirvəsinə ucalıb. Tovuz rayonunda Aran Yanıqlı kəndində 30 oktyabr 2020-ci il tarixində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Sərəncamları ilə leytenant Heydərov Vasif Nazim oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.

 





28.02.2022    çap et  çap et