525.Az

"Qəhrəmanlıqla qazanılan ölümsüzlük" - Şahanə Müşfiq yazır


 

Şəhid Zabil Ağayevin 28-ci doğum gününə

"Qəhrəmanlıqla qazanılan ölümsüzlük" -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

44 günlük Vətən müharibəsi müasir tariximizin ən parlaq, ən şanlı səhifəsidir. Elə bir səhifə ki, hər sətrinə həyəcan, sevinc, qürur, ağrı, həsrət və göz yaşı eyni dərəcədə hopub. Torpaqlarımızın uzun sürən işğalının sona yetməsi nə qədər sevincli, qürurlu olsa da, bu uğurda fəda olan üç minə yaxın cavan canın itkisi qəlbimizə dərin yaralar vurub. Qəhrəman şəhidlərimizin nurlu xatirəsi hər keçən gün daha çox duyğularımıza hakim kəsilir. Hər birimiz onların xatirəsinin əbədi yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün öz sahəmizdə çalışırıq. Onlar haqqında məqalələr, şeirlər, poemalar, kitablar yazılır, mahnılar bəstələnir, rəsmlər çəkilir, tamaşalar səhnələşdirilir. Əlbəttə, edilən heç bir iş şəhidlik adının ucalığına, müqəddəsliyinə bir boy belə yaxınlaşa bilməz. Amma ən azından həm bizim, həm də onların ailələrinin kiçik də olsa, təsəlli yerinə çevrilir... 

Ağayevlər ailəsinin gülərüz, mehriban, ərköyün, mərd oğlu idi Zabil. 1994-cü ilin 1 mart günü Saatlı rayonunun Məmmədabad kəndində açmışdı dünyaya gözlərini. Qardaşı Qabillə arasındakı yaş fərqinə baxmayaraq, əkiz kimi böyümüşdülər. Sözləri, söhbətləri bir olar, sevincləri, kədərləri ayrı düşməzdi. Beləcə iki qardaş qayğıların içində qayğılardan kənar böyüyürdülər. 

Orta təhsilini Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd orta məktəbində almışdı Zabil. Oxuduğu məktəb Məmmədabadın I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş oğlunun adını daşıyırdı. Müharibə zamanı döyüşlərə könüllü qatılan Azad Bayramov təkcə Zabilin deyil, bütün kənd cavanlarının idealı, fəxr yeri, qürur mənbəyi idi. Çoxları cəsurluqda ona bənzəmək istəmiş, vətən sevgisini onun şəhadətindən öyrənmişdilər. Zabil də bu sevgiylə böyüyüb boylu-buxunlu, yaraşıqlı gəncə çevrilmişdi. Vətən borcunu ödəmək üçün hərbi xidmətinə də sevinə-sevinə yollanmışdı. Dilində isə cəmi bir şüar vardı: "Xocalının qisasını mənfur düşməndən alacağıq!" Bəli, Xocalı soyqırımından düz iki il sonra dünyaya gələn bu igid vətən oğlu məhz bu qisas hissiylə böyümüşdü. 

2020-ci ilin məlum günlərində bütün Azərbaycan xalqı kimi Məmmədabadın gənclərinin də qanı damarında dayanmırdı. Neçə-neçə gənc müharibəyə könüllü getmək üçün müraciət etmişdi. Zabil Ağayev də onlardan biri idi. Müharibənin ilk günlərində gözlədiyi çağırış gəlmişdi: Vətənin imdadına gedirdi gənc qəhrəman. Çıxdığı bu yol onun da adını Vətən tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazdıracaqdı, hiss etmişdi bəlkə də. Məmmədabadın digər qəhrəman oğlu Fərrux Bayramovla birgə yola düşmüşdülər üzü cəbhəyə doğru. Həyat yolunda hər zaman yanında olan qardaşı Qabil bu son yolçuluqda da tək buraxmamışdı qardaşını. Onları öz maşınıyla aparıb öz əlləriylə əmanət etmişdi vətənə... 

Zabilin Məmmədabaddan başlanan yolu Füzuliyə, Qubadlıya, Şuşaya qədər gedib çıxdı. Kiçik çavuş Zabil Ağayev müharibənin ilk günlərindən son günlərinə qədər məşəqqətli, əzablı, şanlı döyüş yolu keçdi, düşmənin onlarla canlı qüvvəsini, döyüş texnikasını sıradan çıxartdı, Xocalının qisasını öz əlləriylə aldı xain yağıdan. 

Ailəsi ilə imkan tapdıqca çox az müddətlik əlaqə saxlayanda da çəkdikləri əziyyətdən bir kəlmə də danışmadı. Onu tanıyanların adət etdikləri şənlik, şuxluq səsindən heç əskik olmadı. Sadəcə "özünüzdən muğayat olun" - dedi, anasını, atasını qardaşına tapşırdı, qardaşını da Allaha... 

Beləcə, noyabrın 7-nə kimi davam etdi bu şanlı yol. Noyabrın 7-də Şuşa uğrunda əliyalın, hərbi texnikasız, bıçaq, süngüylə dağları dırmaşıb düşmən üstünə gedən igidlərimizin arasında kiçik çavuş Zabil Ağayev də vardı. O, heç nədən qorxmadan, heç nədən çəkinmədən döyüş yoldaşlarıyla birgə elə hey qabağa gedir, əlbəyaxa döyüşlə düşmənə dərsini verirdi. Nəhayət, şəhadətinin zamanı yetişmişdi. Tanrının şəhidlik mərtəbəsinə seçdikləri arasında Zabil də vardı. O, bu ağır döyüşdə qəhrəmancasına, igidliklə şəhidlik məqamına yüksəlir.

Saatlının Məmmədabad kəndinə şəhid xəbəri gələndə bütün kənd camaatı Zabillə birgə müharibəyə yollanmış Fərrux Bayramovun gətirildiyini zənn etmişdi. Çünki Fərrux müharibədə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş, uzun müddət nəşi tapılmamışdı. Bütün kənd Fərruxu gözləyərkən Zabilin müqəddəs nəşini qarşıladı. Ondan qısa müddət sonra şəhid Fərrux da tapılaraq kəndə gətirildi. Beləcə, birgə müharibəyə yollanan qəhrəmanlar fərqli zamanlarda şəhid olsalar da, kəndə bir qayıtdılar və yan-yana çıxdıqları bu yolun elə başlanğıc ünvanında yan-yana torpağa tapşırıldılar. 

 Vətən üçün cavan canını qurban vermiş Zabil Ağayevin bu qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirildi və o, şəhadətindən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edildi. 

Martın 1-i Zabilin doğuluş günü idi. Yaşasaydı, 28-ci yaşını qeyd edəcəkdi. Amma o, 26 yaşında əbədiyyəti seçdi. Məkanı cənnət, ruhu şad olsun!

 





01.03.2022    çap et  çap et