Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dünyada yeni siyasi vəziyyət yaratdığı kimi, yeni təsirlər də doğurub. Bu təsirlərin ən güclüsü müharibə əleyhinə yaranan əhval-ruhiyyədir. Son bir həftə ərzində müşahidə olunan müharibə əleyhinə çıxışlar Vyetnam müharibəsindən sonra müşahidə olunan ən güclü hərəkata çevrilməkdədir. Diqqət çəkən ən önəmli məqam isə indiki müharibə əleyhinə hərəkatın coğrafiyasının geniş olmasıdır. Vyetnam müharibəsi zamanı mövcud olmuş müharibə əleyhinə hərəkat əsasən ABŞ-da, qismən də Qərbi Avropada müşahidə olunurdusa, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə qarşı hərəkat ABŞ-dan Uzaq Şərqə qədər geniş bir coğrafiyanı əhatə edir. Diqqət çəkən digər məqam isə bəzi hallarda xalqların dövlətin rəsmi mövqeyindən fərqli mövqe nümayiş etdirməsidir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə münasibətdə rəsmi Pekin bitərəf mövqe tutsa da, Çində müharibə əleyhinə əhval-ruhiyyə getdikcə güclənir. Hətta Çinin bir sıra böyük media orqanları, gündəlik qəzetlər ictimai rəyin təsiri altında hökumətin mövqeyinə uyğun gəlməyən məqalələrlə çıxış edirlər.

Qərbdə isə müharibə əleyhinə çıxışlar çox böyük vüsət alıb. Nüfuzlu ictimai-siyasi xadimlər, tanınmış elm, mədəniyyət və incəsənət nümayəndələri, bir qayda olaraq siyasətdən məsafə saxlamağa çalışan iri biznes təmsilçiləri və idmançılar da müharibəyə qarşı çıxış edirlər. ABŞ və Avropa ölkələri ilə yanaşı, postsovet ölkələrində də müharibə əleyhinə çıxışlar edilir. Gürcüstanda Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə qarşı başladılan hərəkat bütün ölkəni bürüyüb. Paytaxt Tbilisi ilə yanaşı, Batumi, Kutaisi, Rustavi və Zuqdididə müharibə əleyhinə çoxminli etirazlar keçirilir.
Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq yaranan hərbi münaqişədən 30 ildən artıq bir müddətdə əziyyət çəkən Azərbaycanda da cəmiyyətin müharibə əleyhinə olması tamamilə təbiidir. Ukraynanın Bakıdakı səfirliyinin önündə fevralın 27-də keçirilən aksiya müharibə əleyhinə yönəlmişdi.
Müharibə əleyhinə hərəkatın ən sərt çıxışları Rusiyada müşahidə olunur. Hakimiyyətin Ukraynaya qarşı müharibə planı ilə razı olmayan vətəndaşlar etirazlara başlayıblar. Qeyd edək ki, bu proses Ziyalılar Konqresinin müharibə əleyhinə çıxışı ilə başladı. Daha sonra isə aralarında Nobel Mükafatı laureatı Konstantin Novoselov olmaqla bütün dünyada tanınmış bir neçə yüz nəfər elm adamı müharibənin dayandırılması tələbi ilə çıxış etdi. Bundan sonra ayrı-ayrı peşə və sənət sahələri üzrə tanınmış yüzlərlə insan müharibə əleyhinə çağırışlar etdilər. Nəhayət, Müharibə Əleyhinə Hərəkatın yaradıldığı elan olundu. Rusiyada çox məşhur olan hüquq müdafiəçisi Lev Ponomaryovun müharibənin dayandırılması tələbi ilə change.org saytında yerləşdirdiyi müraciəti dörd gün ərzində bir milyondan çox insan imzalayıb. Rusiyalı məşhur aktrisa Liya Əhədcaqova isə Ukrayna ordusunun hesabına 10 min ABŞ dolları keçirməklə Rusiyanın müharibə etdiyi ölkəyə dəstək verib.
Müharibə Əleyhinə Hərəkat bütün Rusiya boyu təşkilatlanmağa və kütləvi etirazlara hazırlaşır. Rusiya hakimiyyəti bu etirazların qarşısını sərt repressiyalarla almağa çalışır. Digər tərəfdən Rusiya hakimiyyəti Ukraynaya qarşı sərt üsulundan bir qədər geri çəkilərək davakar obrazını yumşaltmağa cəhd göstərir. Ukrayna ilə danışıqlar təşəbbüsü də məhz cəmiyyətin təzyiqlərini bir qədər yumşaltmaq, sülhə hazır olduğunu təlqin etməyə yönəlib.
Politoloqlar müharibə əleyhinə hərəkatın hansı nəticələr verəcəyini proqnozlaşdırmağa, sosioloqlar isə bu prosesin doğuracağı təsirləri müəyyən etməyə çalışırlar. Politoloqların ümumi rəyi bundan ibarətdir ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə qarşı başlayan müharibə əleyhinə kampaniya Qərbin Moskvaya yönəlik münasibətdə sərt mövqe tutmasına səbəb olmaqla yanaşı, Kiyevə verilən dəstəyin artmasına da təsir göstərir. Berlin, Paris, London, Praqa, Madrid, Vilnus, Seul və Nyu-Yorkda on minlərlə, bəzi şəhərlərdə yüz mindən artıq insan meydanlara çıxaraq hökumətlərindən Rusiyanın təcavüzünə qarşı Ukraynanı müdafiə etməyi tələb edirlər. Buna görə də ABŞ, Kanada, Avropa Birliyi, Böyük Britaniya, Avstraliya və Yaponiya Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməkdən çəkinmirlər. Baxmayaraq ki, bu sanksiyaların eyni zamanda onu qəbul edən ölkələrin özlərinə də zərər vurur. Lakin cəmiyyətlər buna etiraz etmir, əksinə, hesab edirlər ki, müharibənin dayandırılması üçün fədakarlıq göstərilməlidir.
Sosioloqlar qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz olaraq yaranan hərəkatın təsirləri ictimai şüurda uzun müddət qalacaq. Hitler Almaniyasının cinayətləri hələ unudulmadığı kimi, Putin Rusiyasının hərbi cinayətləri də uzun müddət yaddaşlardan silinməyəcək. Bu məqam isə bütün dünyada Rusiyaya qarşı mənfi münasibətin uzun müddət qalmasına səbəb olacaq. Sosioloqlar hesab edirlər ki, Rusiyaya qarşı mənfi münasibət uzun müddət insanların seçiminə təsir göstərəcək.
Hələlik isə müharibə əleyhinə başladılan hərəkat Rusiyanın beynəlxalq təşkilatlardakı fəaliyyətinin dayandırılmasına, qlobal iqtisadiyyatdan, beynəlxalq idman yarışlarından təcrid olunmasını diktə edir. Bütün bunlar isə ancaq başlanğıcdır.
çap et