525.Az

Gürcüstan siyasi böhran ərəfəsindədir


 

Gürcüstan siyasi böhran ərəfəsindədir<b style="color:red"></b>

Rusiyanın Ukraynaya qarşı müharibəsi postsovet ölkələrində siyasi prosesləri sürətləndirib. Hələlik bu proses özünü ən bariz şəkildə Gürcüstan və Ermənistanda göstərir.

Baş nazir İrakli Qaribaşvilinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarına etiraz olaraq başladılan etiraz aksiyaları böyüməkdədir. Müşahidəçilər baş verənləri son 30 ilin ən kütləvi və genişmiqyaslı etiraz aksiyaları hesab edirlər. Paytaxt Tbilisidə başlayan etiraz aksiyaları bütün ölkəyə yayılmaqdadır. Artıq paytaxt Tbilisi ilə yanaşı, Batumi, Kutaisi, Rustavi və Zuqdididə hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Baş naziri İrakli Qaribaşvili isə müxalifəti 2008-ci il faciəsinin təkrarlamaq cəhdində ittiham edib. Baş nazirin bu xəbərdarlığı tamamilə əks effekt verib. "Gürcü arzusu" iqtidarına qarşı müxalifətin çox geniş koalisiyası formalaşıb. Hökumət üzvləri Baş nazir İrakli Qaribaşvilinin mövqeyini müdafiə etməyə, əsalandırmağa çalışırlar. Baş nazirin müavini, mədəniyyət naziri Teya Tsulukiani hökumət başçısının mövqeyinin gerçəkliklərə uyğun olduğunu bildirib.

Qeyd edək ki, müxalifət Baş nazir İrakli Qaribaşvilidən ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağı, əks halda istefa verməyi tələb edir. Müxalifət eyni zamanda, Rusiya telekanallarının Gürcüstan ərazisidə yayımının dayandırılmasını da tələb edir. Hökumət isə hesab edir ki, müxalifətin bu çağırışları Rusiyanın Gürcüstana qarşı təkrar təxribatına səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, Rusiyanın dünyadan təcridi Gürcüstanı Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etməyə həvəsləndirəcək. İrakli Qaribaşvilinin başçılıq etdiyi hökumət bu niyyətə düşməsə də, Gürcüstandakı siyasi böhran iqtidar dəyişikliyi ehtimalını hər ötən gün daha da artırır. Bir çox ekspertlər belə hesab edirlər ki, Gürcüstanın siyasi gündəmi hazırda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili tərəfindən müəyyənləşdirilir.

ABŞ və Avropa Birliyi keçmiş prezidentin həbsdən azad edilməsi ilə bağlı Gürcüstan hökumətinə təzyiqləri artırıblar. Yaxın günlərdə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Gürcüstana səfər edəcək. Ekspertlər danışıqların əsas mövzusunun keçmiş prezidentin həbsdən azad edilməsi olacağını vurğulayırlar.

Ermənistanda isə vəziyyət daha da pisdir. Nikol Paşinyan hökumətinin Moskva ilə yaxınlaşmaq siyasəti, Avropa Şurasında Rusiya ilə birgə mövqe nümayiş etdirməsi və Ermənistan müxalifətinin əsas cinahının rusiyayönümlü olması siyasi səhnədə pat vəziyyəti yaradıb. Ermənilər yaranmış siyasi gərginlikdə ölkənin gələcəyi ilə bağlı aydın təsəvvürə malik siyasi qüvvə görmədikləri üçün Ermənistanın gələcəyi ilə bağlı bədbinliyə qapılırlar. Ermənistanda belə hesab edirlər ki, yaranmış vəziyyət Azərbaycanın bölgədə mövqeyinin daha da güclənməsinə səbəb olacaq.

 





02.03.2022    çap et  çap et