525.Az

Müharibə və dezinformasiya - Natəvan Abdulla yazır


 

Müharibə və dezinformasiya -<b style="color:red"> Natəvan Abdulla yazır</b>

Tarix boyu baş verən müharibələrdə silahlarla yanaşı, xüsusi informasiya üsulundan - dezinformasiyalardan da mübarizə vasitəsi kimi istifadə olunub. Faşist Almaniyasının baş ideoloqu Josepf Goebbelsin də dediyi kimi, kifayət qədər böyük bir yalan danışsanız və onu dəfələrlə təkrarlasanız, insanlar buna inanacaqlar.

Bu gün Rusiya-Ukrayna müharibəsi davam edən bir mərhələdə bu məsələnin yenidən aktuallaşdığına şahidlik edirik. Ötən ilin sonlarında şiddətlənərək davam edən və yaxın günlərdə Rusiya-Urayna müharibəsinə çevrilən iki ölkə arasındakı münasibətlər bütün dünyanın diqqət mərkəzidir. Hadisələr bu məqama yetişməzdən əvvəl Rusiyanın apardığı dezinformasiya kampaniyası da gedişatda əvəzsiz rol oynadı. Prosesi yaxından izləyən hər kəs Rusiyanın bu işin öhdəsindən məharətlə gəldiyini görə bilər. Buradan çıxarılacaq nəticələr isə hər bir dövlətin milli təhlükəsizliyi və daxili sabitliyi üçün çox vacibdir. Artıq savaşların təkcə cəbhələrdə silahlarla yürüdülmədiyinin, yalan-yanlış informasiyaların ən təhlükəli silahlar qədər dağıdıcı gücə sahib olduğunun fərqindəyik.

Hələ ötən il ABŞ-ın Xarici İşlər İdarəsi tərəfindən yayımlanan bir hesabatda yalan məlumat yaymaqda qınadığı Rusiyanın dezinformasiya məqsədilə istifadə etdiyi üsul və platformalar açıqlanmışdı. Hesabatda Rusiyanın bunun üçün rəsmi, dolayı və gizli rabitə kanalları və platformalarından istifadə etdiyi bildirilirdi.

ABŞ Dövlət Departamentinin hesabatında qeyd olunurdu ki, idarənin  Qlobal Dialoq Mərkəzi (GEC) Rusiyanın dezinformasiya yayan əlaltılarını müəyyənləşdirib. Həmin hesabatda Kremlin rəsmi kommunikasiya kanallarından, dövlət tərəfindən dəstəklənən qlobal mesajlaşma şəbəkələrindən, sosial mediadan və kiber dezinformasiya vasitələrindən istifadə edərək yalan məlumat yayma üsulları ətraflı izah edilib.

GEC-in xüsusi nümayəndəsi və koordinatoru Lea Qabrielle çıxışlarının birində bu işdə Çinin də Rusiya qədər məharətli olduğunu vurğulayır, iki dövlətin istifadə etdiyi bu üsulu böyük təhlükəli kimi qiymətləndirirdi.

Yenə ABŞ tərəfindən yayımlanan bir araşdırmada Rusiyanın təkcə Amerikadakı prezident seçkilərinə təsir göstərmək üçün dezinformasiya istehsal edən media departamentlərinə on milyon dollara qədər maliyyə ayrıldığı bildirilmişdi.

Dövlətlər bu və ya digər məqsədlərlə silahlanmaya vəsait ayırdıqları kimi, artıq informasiya savaşına da böyük pullar ayırırlar. Bunun səbəbi nədir? İnformasiyanın kütlələr, dövlətlər və onların taleyində nə kimi rolu var?

Dezinformasiya nədir?

Bəzi anlayışları dərk etmək üçün onların təməl xüsusiyyətlərindən başlamaqda fayda var. Bu baxımdan, dezinformasiya dedikdə, birinci növbədə iqtisadi və siyasi mənfəət əldə etmək və ya insanları bilərəkdən çaşdırmaq üçün yalan məlumatlar hazırlamaq və yaymağın nəzərdə tutulduğunu anlamalıyıq. Müasir dövrdə bunun üçün ən effektiv və sürətli yol da sosial şəbəkələrdir.

Sosial medianın təklif etdiyi heyrətamiz imkanlardan hamımız xəbərdarıq. Bununla yanaşı, dezinformasiya fenomeni onun mənfi xüsusiyyətlərindən biri, hətta birincisidir. Bu, əlbəttə ki, təkcə sosial media deyil, əsas medianın da zaman-zaman istifadə etdiyi çox təhlükəli bir fenomendir.

Dezinformasiya tamamilə yalan məlumatın yayılması deyil, həm də şəxsi mənfəət və ya sadəcə zövq üçün bir məlumatı şişirtmək, təhrif etmək, kəsib-biçib bir az həqiqət və bir az da uydurma ilə sintez etməklə qismən düzgün məlumat yaymaqdır.

Məsələn, yaxın günlərdə başlayan Rusiya-Ukrayna müharibəsinə fikir versək, kütlənin şüurlu, yaxud şüursuz şəkildə dezinformasiya axınına qapılıb getdiyinin şahidi olarıq. Onlardan bir neçəsinə ayrı-ayrı maddələr halıdan nəzər salaq:

- Rusiya Ukraynaya hücum etdikdən dərhal sonra müxtəlif tviter hesabları tərəfindən "Ruslar Ukraynaya zenit-raket atışları həyata keçirir" başlığı ilə video paylaşıldı və qısa vaxtda böyük kütlələr tərəfindən izlənildi. Amma bu görüntülər rus tərəfdaşı "Gaijin Entertainment" tərəfindən hazırlanmış "War Thunder" video oyununun görüntüləri idi.

- Ukrayna rəsmiləri Rusiyanın 7 hərbi təyyarəsini vurduqlarını elan etdikdən sonra qəzaya uğrayan bir təyyarənin fotosu dərhal tvitterdə paylaşıldı. Halbuki hamının paylaşdığı həmin foto 2017-ci ildə bir bloqda dərc olunnuşdu.

- Yenə tvitterdə Ukraynada çəkildiyi iddia edilən başqa bir video istifadəçilər tərəfindən geniş şəkildə paylaşılıb. Halbuki həmin görüntü 2020-ci ildə Beyrutda baş verən bir partlayışın görüntüləridir.

- Başqa bir video 2018-ci ildə Rusiya ordusu tərəfindən həyata keçirilən "Vostok-2018" təlimi zamanı çəkilən görüntülərdir ki, tvitterdə yüzlərlə dəfə paylaşılıb və bəzi hesablar tərəfindən hələ də paylaşılmağa davam edir.

Bu məlumatların əksəriyyəti qəsdən, informasiya çirkliliyi yaradaraq insanları çaş-baş qoymaq və xaosa səbəb olaraq üstünlüyü ələ almaq üçün müəyyən mərkəzlərin atdığı məqsədli addımlardır. Onun iqtisadi və ya siyasi fayda üçün istifadəsi az-çox başadüşüləndir.

İşin ən qəribə və bezdirici tərəfi isə odur ki, insanlar bu cür yanlış informasiyaları araşdırmadan və doğruluğunu yoxlamadan paylaşırlar. Gəlin, burada özümüzü təcrid etməyək. Düşünmədən və doğruluğunu araşdırmadan "paylaş" düyməsinə basdığımız hər bir dezinformasiyanın, yanlış məlumatın yayılmasının və xaosun artmasının səbəbkarlarından birinə çevrilirik.

Məlumatı sorğu-sual etmədən paylaşmaq dezinformasiyanın ən əsas və təhlükəli formasıdır və nəticələri çox narahatedicidir. Yanlış və yalan məlumatların yayılması cəmiyyət və demokratiya, hətta ətraf mühitin sağlamlığı və şəxsi təhlükəsizlik üçün böyük risklər yaradır. Çünki bəzi seqmentlər insanların doğru xəbərə çatmasının qarşısını almaq üçün dezinformasiyadan və ya saxta xəbərlərdən silah kimi istifadə edirlər.

Saxta xəbərlər həqiqəti təhrif edir, sonda onun etibarlılığını şübhə altına alır və beləcə həqiqətlər reallıq olmaqdan uzaqlaşır.

Saxta xəbərlərin və dezinformasiyanın əsas məqsədlərindən biri müəyyən hissləri səfərbər etmək və əsas mediaya, dövlət məmurlarına inamı sarsıtmaqdır. Bir məqsəd isə cəmiyyəti parçalayıb radikal quruplar formalaşdırmaq və sonra onları öz istəklərinə uyğun istiqamətləndirməkdir. Biz ayrıldıqca, radikallaşdıqca, fanatikləşdikcə təkcə bir-birimizdən deyil, birbaşa həqiqətdən uzaqlaşırıq.

Xəbərin həqiqət olub-olmadığını necə müəyyənləşdirmək olar?

İlk növbədə bu məlumatı bizə verən şəxsin mənbəsindən əmin olmalıyıq. Ən sadə formada dost bir məlumat üçün resurs deyil. Dostumuzun dostu isə çətin ki, təhlükəsiz bir mənbə olsun. Başqa bir səhv odur ki, bir xəbərin birdən çox hesabdan paylaşıldığını görərək ona inanırıq. Elə xəbər mənbələri var ki, onlar bir mərkəzdən idarə olunan on minlərlə mənbədən biridir və onların işi məhz belə saxta xəbərləri yaymaqdır. Yəni on minlərlə müxtəlif mənbədən bir xəbərin yayılması onun doğru olduğuna dəlalət etmir.

"Görmək inanmaqdır" deyimi isə artıq tarixə qovuşub. Əgər quqlda şəkil axtarışı funksiyasını bilirsinizsə, şəkil yüklədiyiniz zaman sistem həmin şəklin daha əvvəl harada istifadə edildiyini sizə göstərəcək. Burada ən əsas olan isə hisslərdir. Unutmayın ki, kimsə bilərəkdən sizə müəyyən hisslər aşılamağa cəhd edə bilər. Bu saxta xəbər mənbələrinin istifadə etdiyi taktikalar o qədər güclüdür ki, bir xəbərlə kütləni hərəkətə keçirə bilirlər.

Mənbəsinə əmin olmadığınız heç bir məlumatı paylaşmayın. Çünki onun nəticələri təsəvvür etdiyinizdən daha təhlükəli ola bilər. Yanlış olduğu sübut edilənə qədər yaşanan qorxu bir çox insan üçün həyati əhəmiyyət kəsb edə və həqiqətə olan inamın zədələnməsinə səbəb ola bilər.

Gördüyünüz kimi, dövrümüzdə və yaşadığımız coğrafi reallıqda dezinformasiya ilə mübarizə nəinki dövlətin idari orqanları, həmçinin, vətəndaşların da vətəndaşlıq borcuna çevrilməkdədir.

 





02.03.2022    çap et  çap et