525.Az

Qərbin Ukrayna imtahanı - Orxan Aras yazır


 

Qərbin Ukrayna imtahanı -<b style="color:red"> Orxan Aras yazır</b>

Ötən əsrin 70-ci illərində İğdırda ibtidai sinif müəllimimiz Əli Əkbər Çəlis dünyanın siyasi vəziyyətini bizə izah etməyə çalışardı. “NATO”, “Dəmir pərdə”, “Kapitalist Amerika” kimi məfhumları anlamadığımızı görüb belə misal gətirərdi: "Uşaqlar, Amerika deyəndə zərif geyinən və həmişə gülümsəyən bir insan düşünün. O adam sizə gülümsəyərək yaxınlaşacaq və sizi istismar etməyə başlayacaq. Ruslar isə tamam başqa adamlara bənzəyirlər. Əlində dəyənəklə gəlib səni döyüb evində nəyin varsa aparırlar”.

Nə zaman Amerika imperializmi və rus tiranlığı yadıma düşsə, həmişə bu gözəl nümunəni xatırlayıram.

Müəllimim demişkən, Rusiya 21-ci əsrdə dəyənəyi ilə bir ölkəni işğal edib müstəqilliyini əlindən almağa çalışır. Əslində, Qərb dünyası xüsusilə pandemiyaya görə qorxu və məyusluq içərisində idi. İqtisadiyyatı zəiflədi, qiymətlər qalxdı. Heç kimin müharibə və ya NATO-nun vəziyyəti haqqında düşünmək əhval-ruhiyyəsi yox idi.

Ötən ilin iyulunda Ukrayna prezidenti Zelinski Almaniya kansleri Merkellə şam yeməyinə gedərkən Kremlin saytında Putinin məqaləsi dərc olunmuşdu. Məqalə 19 səhifədən ibarət idi və Putin tarixə istinad edərək, Rusiyanın gələcəyi ilə bağlı mühüm məsələlərə toxunurdu.

Vyanalı tarixçi, Rusiya-Ukrayna münasibətlərində bəhs edən “Qeyri-bərabər qardaşlar” kitabının müəllifi Andreas Kappelerin sözlərinə görə, Putin bu məqaləsində Rusiyanın Ukraynaya müdaxiləsində tarixi legitimlik axtarırdı. Kappeler Putinin Rusiyanın Krımı ilhaqı ilə bağlı fikirlərinin suallarla dolu olduğunu qeyd edirdi.

Putinin məqaləsində Rusiya ordusunun Ukrayna sərhədinə yaxın bölgələrdəki hazırlıqları Qərbi narahat etmişdi. Ancaq heç kim Ukraynaya topdan müdaxiləni gözləmirdi. Rusiyanın Donbası işğal edəcəyi ilə bağlı söz-söhbətlər yayılsa da, 2021-ci ilin noyabr ayından başlayaraq Rusiya ordusunun Ukrayna sərhədinə doğru hərəkəti istər-istəməz Avropada narahatlıq yaratdı. Bəzi qəzetlər bu barədə xəbərlərə də yer ayırdılar. Fevralın 24-ü səhər saat 5-dən etibarən başlayan rus işğalı 1939-cu ildə Hitlerin Polşaya hücumunu xatırlatdı və Avropanı qorxutdu. Budəfəki müharibə Suriya və İraqda olduğu kimi uzaqda deyildi, hər an Avropaya yayıla bilərdi.

Avropalıları ən çox narahat edən məsələ Rusiyanın köhnə kitabları açıb tökərək “tarixi bölgələrin” adını çəkməsi idi. Bütün Avropa mediası indi Rusiya və Ukrayna ilə bağlı xəbərlərlə doludur. Putinin dünyanı nüvə müharibəsi ilə hədələməsini hətta Almaniyanın ibtidai məktəb müəllimləri belə dilə gətirərək, tədbirin əhəmiyyətini və qorxusunu bəlli etməyə başladılar.

Kölndə başlayan karnaval toplantıları, əyləncə və yürüşlər fevralın 24-dən sülh yürüşlərinə və Ukraynaya dəstək aksiyalarına çevrildi. Kölndə yaşayan bizlər də bu mitinqlərdə iştirak etdik. Əvvəlcə Kölndəki Azərbaycan evinin nümayəndələri ilə mitinqə, bazar ertəsi isə yazıçı Yücel Feyzioğlu ilə yürüşə qatıldıq. Daha çox Ukrayna bayraqları ilə yürüş edən insanlar müharibə əleyhinə mahnılar oxuyurdular. Saatlarla davam edən yürüşlərdə təxminən 250 min nəfər iştirak edirdi.

Avropa xalqı artıq nə tarixə əsaslanan sərhədlərin dəyişməsini, nə də yeni müharibəni istəyir. Küçədə hər kəs müharibədən söhbət gedəndə vahiməyə düşür. Çoxları dünyanın belə sürətli inkişaf mərhələsində Rusiyadan özünü dəyişməsini və sülh içində yaşamasını gözləyir.
 

 





04.03.2022    çap et  çap et