525.Az

Mədəni biabırçılıq - Türkan Turan yazır...


 

Mədəni biabırçılıq -<b style="color:red"> Türkan Turan yazır...</b>

Əvvəllər bir insanın hikkəsinin dünyadan daha böyük olduğunu desələr, mübaliğə olduğunu düşünüb, ədəbiyyata bağlayaraq üzərindən keçərdim. Amma bir neçə gündür milyardlarla insanla birlikdə hikkənin nələrə qadir olduğuna şahidlik edirik. Putini deyirəm, gözü dönüb, hikkəsi yeri-göyü dağıdır. Daxilindəki bu qaranlıq hiss onu bütün dünya ilə üz-üzə qoyub. Təkcə işğal etmək istədiyi Ukrayna, gözdağı vermək istədiyi Avropa, gücünü qəbul etdirmək istədiyi Amerika deyil, öz ölkəsi də bunun ağrı-acısını yaşayır.

Rusiyaya tətbiq edilən sanksiyaların, boykotların ardı-arası kəsilmir. Dünya bankları, xarici film festivalları, böyük idman yarışları, nəhəng şirkətlər, futbol klubları, məşhur markalar bu ölkə ilə əməkdaşlığa xitam verib, digərləri isə hər gün bu prosesə qoşulurlar. Hətta bəziləri "Rusiya varsa, biz yoxuq" deyib qatılmaları əvvəlcədən planlaşdırılan tədbirlərdən imtina edirlər. Və bütün bunlar anlaşılandır.

Hələliksə müharibəyə son qoymaq yönündə bir nəticə görünmür. Əksinə, Putinin bir dünya ilə savaşacaq hikkəsi ikiyə qatlanıb. Hətta elə bir həddə çatıb ki, Rusiyanın iqtisadi, siyasi, sosial cəhətdən çöküşə getdiyini görmək də onu çıxdığı yoldan geri dönməyə sövq etmir.

Dünyanı bürüyən boykot dalğası davam edərkən gündəm Tolstoyla çalxalanmağa başladı. "Netflix" şirkəti dahi yazıçının "Anna Karenina" əsəri əsasında çəkdiyi "Anna K" filminin çəklişlərini dayandırdığını bildirdi. Ardınca İtaliyada Dostoyevskinin dərsliklərdən çıxarılacağı haqda söz-söhbətlər dolaşmağa başladı. Düzdür, bu xəbər sonradan təsdiqini tapmadı, amma belə bir fikrin dolaşması özü də bu düşüncənin bir para adamların beyinlərdən keçdiyinin təzahürü idi. Siyasi fiqurların ehtirası, qana susamışlığı ilə dünyəvi sənəti bir-birindən ayıra bilməyən beyinlərin dünyanın hər yerində var olmaları kədərlidir. Boykotun bir ölkənin mədəniyyətini, ədəbiyyatını, Tolstoyunu, Dostoyevskisini çeynəyib udacaq dərəcəyə çatması fəlakətdir. Putinə etiraz edib Dostoyevskidən vazkeçmək olarmı? Bəs "Cinayət və cəza", "İdiot", "Alçaldılmış və təhqir edilmiş insanlar", "Karamazov qardaşları"? Axı, onları necə silmək olar? Bəs Tolstoy? Onu rədd etmək bu qədərmi asandır? "Hərb və Sülh"ü, "Anna Karenina"nı yazan dahini boykot etmək üçün insan primitivliyin hansı dərəcəsində olmalıdır? Çaykovskinin əsərlərini qadağan etmək nə deməkdir? Bu, hansı məntiqin məhsuludur? "Qu gölü", "Yatmış gözəl" baletləri, "Tufan" uvertürası, "Qış xəyyaları", "Pezo kapriçiosu", "No.1, No.2, No.3" simfoniyalarını, operalarını necə görməzlikdən gəlmək olar? Həqiqətənmi yeni dünya insanı bu qədər dayaz düşünə bilir? Doğrudanmı, XXI əsrdə bütün dövrlərin ən güclü bayağılığını yaşayırıq?! Belə çıxır ki, həyatımıza daxil olan texnologiya, elm, təhsil, bu qədər gəzməyimiz, görməyimiz bizi bəsit düşüncədən hələ də xilas edə bilməyib.

Bütün bunlar reallıq hissini itirməyə bərabər davranışlardır. Məsələn, Münhendə baş verən hadisə sözün əsl mənasında mədəni biabırçılıq idi. Şəhər meriyası Putinə yaxınlığı ilə tanınan Filarmoniya orkestrinin rusiyalı dirijor Valeri Qerqievdən Rusiya-Ukrayna hadisələri ilə bağlı mövqe bildirməsini tələb edib. Dirijor bunu qəbul etmədiyi üçün işdən qovulub. Təsəvvür edirsiniz, bu hadisə ömürboyu heyranlıq bəslədiyimiz, həsəd apardığımız, mədəniyyətin beşiyi hesab etdiyimiz Avropada baş verib. Filosoflardan biri deyirdi ki, faşizm danışmağı qadağan etmək deyil, danışdırmaq məcburiyyətinə məruz qoymaqdır.

İnsanlığı xilası sənətdə, musiqidə, ədəbiyyatdadır. Çünki silahlar susduqdan sonra geridə qalan xarabalığı, dağıntını, acını  mədəniyyət bərpa edəcək, özü də sözlərlə, cümlələrlə, misralarla, bəstələrlə... Ta əzəldən olduğu kimi bombaların dağıtdığı dünyadakı həqiqətləri yazıçılar, bəstəkarlar, teatr xadimləri inşa edəcəklər, fanatiklər deyil.

Dünyanın hansısa xalqları Tolstoyu, Dostoyevskini, Qoqolu, Çaykovskini boykot edir deyə onlar yox olmayacaqlar. Bəzi insanlar fiziki yoxluqlarına rəğmən, həmişə yaşayırlar. Bu dahilər onlardandır, göz bağlamaqla yox olmayacaq qədər nəhəngdirlər! Həm də insan istədiyi qədər gözünü bağlasın, günəş günəşliyindən əl çəkərmi, işıq saçmadan dayana bilərmi? Siyasi proseslər, diktatorlar müvəqqətidir, Dostoyevskilər, Tolstoylar isə əbədi!..

 





05.03.2022    çap et  çap et