525.Az

Parlaq zəkalı, günəş timsallı qadınlar - Şəfəq Nasir yazır


 

Parlaq zəkalı, günəş timsallı qadınlar -<b style="color:red"> Şəfəq Nasir yazır</b>

Bütün bəşəriyyətə həyat verən günəş böyük gücə, qüdrətə malik olduğuna görə, hər səhər üfüqdən boylanaraq ətrafı nura qərq edir. Onun Yer üzünə saçılaraq təbiətə, insanlara həyat bəxş etməsi də Tanrının bir möcüzəsidir...

Qadın da günəş qədər parlaq, hərarətli, şəfqətli, mərhəmətli, qəlbi ülvi hisslərlə çağlayan mətanətli bir varlıqdır. Həyat onun varlığı ilə daha rövnəqli, rayihəli və mənalıdır. O, özünün düşüncəsi, yaratdıqları ilə aləmi şəfəqlərə boyayır. Dünya sanki onun işığı ilə cilvələnmiş cazibədar bir həyat mənbəyidir. Yaşam boyu insanların bütün hərəkət və fəaliyyəti cəmiyyətin inkişaf tempi onun nəfəsi, yaradıcılıq qüdrətilə  nizamlanır, daha da gözəlləşir...

Mən qadının sevgi, güc mənbəyi olduğunu dərk edəndən duymuşam ki, onu  xəlq edən Uca Yaradan bu ülvi varlığın vücuduna, mənəvi aləminə zəriflik və gözəllik bəxş etməklə məqamını ucada yaradıb. Düşünsək ki, Qadın həyata gəlişi ilə ailəsinə, eləcə də cəmiyyətə əvəzsiz, misilsiz dəyərlər qzandırmaq gücünə malikdir, varlığında daim bir eşq, ülviyyət çağlayır, yaşam boyu zəkasının işığında yaratmaq, yaşatmaq zəhməti, sevgisi ilə çırpınır, bu o deməkdir ki, qadın özünün mərhəməti, şəfqəti, dəyanəti ilə güclüdür, alidir. Bəlkə elə Tanrının bəxş etdiyi bu ali keyfiyyətlərə görədir ki, qadının şərəfi, ucalığı müqəddəs ana kitabımız olan “Qurani-Kərim”də “Cənnət anaların ayağı altındadır” hikmətli kəlamı ilə dəyərləndirilir...

Azərbaycan qadınları məhz belə qüdrətə, ehtişama malikdirlər. Mən qadınlarımızı bir çox ali keyfiyyətlərinə görə başqa xalqların qadınlarından fərqləndirməli olsam, onların bir sıra xüsusiyyətlərini önə çəkərdim. Azərbaycan anasının həyatın ən ağır, çətin zamanlarında heyrətamiz bir dözüm, təpər nümayiş etdirdiyini, balasından ötrü ömrünü şam kimi əritdiyini, ailəsinin bir Mələk timsallı qoruyucusu olduğunu,  Ana torpaqdan güc alaraq Vətəni, doğma yurdu naminə canından keçdiyini, bir müdrik kəlamı ilə qan-qadanın qarşısını aldığını, el-obaları birləşdirdiyini, məmləkətlər, xalqlar arasında sülh, əmin-amanlıq yaratdığını bilirik. Bütün bunların tarixən, zaman-zaman şahidi olmuş və onların necə böyük gücə, qüdrətə qadir olduğuna hər zaman heyrət etmişik... 

Qadınlarımız həmişə həyatımızın bütün sahələrində özlərinin ağlı, işıqlı təfəkkürü, cəsarəti, istedadı, biliyi ilə millətin taleyində böyük rol oynamışlar. Yaşadıqları dövrün qadağalarına, fanatik mühitin çətinliklərinə baxmayaraq  geriliyə, ətalətə qarşı mübarizə aparmış, yaratdıqları gözəl sənət inciləri ilə milli düçüncənin formalaşmasına təsir göstərmişlər. Bu ənənələr əsrlər boyu az və ya çox dərəcədə, bəzən vüsətli, bəzən də səngimiş formada davam etmişdir. Zamanında ağır sınaqlardan keçmiş, məhrumiyyətlər yaşamış maarifçi qadınların fəaliyyəti tarixin səhifələrinə böyük dəyərlər məcmusu kimi yazılmışdır. Bütün bunlar ötən yüzilliklərdə qadınlarımızın vətənə, xalqa göstərdikləri çoxçeşidli xidmətin nümunələri kimi, hər gələn nəslin yolunun üstündə bir mayak olmuşdur. Bu gün yaxın keçmişimizə, 100 ildən də bir qədər əvvələ, maarifpərvər qadınlarımızın ömür yoluna nəzər salanda onların fədakarlıqlarının qarşısında heyrətlənməmək olmur. Həyatlarını xalqın tərəqqisinə həsr edən vətən, millət sevdalılarının işıqlı arzularını, əməllərini xatırladıqca bu möhtəşəmlikdən qəlbimiz duyğulanır...

Azərbaycanın dövlətçilik tarixində qadınların təmsil olunması təcrübəsi isə yüzillərə əsaslanır. İti zəka, təmkin, dərrakə, müdriklik kimi ümdə keyfiyyətlərə malik olan belə qadınların idarəetmə təcrübəsindən təkcə bir həyat yoldaşı, ana kimi ailəsi deyil,  xalq və dövlət qazanıb. Başqa sözlə, belə mükəmməl, qüdrətli diplomat qadınlar dövlətçiliyimizin formalaşması, möhkəmlənməsi və inkişafında bünövrə daşı timsalında misilsiz rol oynamışlar. 

Ötən əsrin əvvəllərində milli oyanışın təsirilə fəaliyyətə başlayan anadilli mətbuat, xeyriyyə cəmiyyətləri, qiraətxanalar, qız məktəbləri, kimsəsiz uşaqlara edilən yardımlar, imkanlı şəxslərin xeyirxahlığı və ziyalı qadınlarımızın fədakarlığı  xalqın gözünün açılmasına şərait yaradırdı. Bütün bunlar milli dirçəlişə, ictimai şüurun formalaşmasına özünün təsirini göstərirdi. Maarifçi xanımların bu hərəkata qoşulması zamanı üçün böyük hadisə idi.

Xatırlayırıq ki, müsəlman Şərqində ilk parlamentli respublikanın yaranması bir çox misli görünməmiş quruculuq işlərilə yanaşı, qadınlara verilən seçib-seçilmək hüquqlarının həyata keçirilməsi ilə də böyük əhəmiyyət kəsb etdi. Bu hüquqlardan istifadə edən Azərbaycan qadınları böyük inamla, sevgiylə, fədakarlıqla fəaliyyət göstərməyə başladılar. Ölkənin inkişafı prosesində ziyalı qadınlarımızın təmsil olunması bütün sahələrdə yeniliklərin yaranmasına səbəb oldu. Bundan bir qədər əvvəl qadın mətbuatının yaranması, imkanlı, tərəqqipərvər xanımların açdıqları xeyriyyə cəmiyyətlərinin fəaliyyəti cümhuriyyət dövründə dövlət quruculuğunun əsas sütunu olaraq yeni axtarışlar sayəsində daha səbatlı fəaliyyətlə ölkə həyatında yenilənməyə yol açdı. Müəllim kadrların hazırlanması, qızlarımızın təhsilə cəlb olunması, beləliklə, gələcək anaların cəmiyyət üçün savadlı, milli ruhda övladlar tərbiyə etməsindən ötrü onların yetişdirilməsinə diqqət yetirildi. Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə milli dirçəlişin yaranmasına, azərbaycançılıq məfkurəsinin formalaşmasına böyük təkan verdi. Sonrakı dövrdə də müxtəlif peşə sahibləri olan sənətkar qadınlarımız ölkənin həyatında göstərdikləri rəşadətli əməyi ilə öz adlarını tarixin səhifələrinə yazdılar və xeyirxah, nəcib əməlləri ilə vətənin, xalqın taleyinə günəş kimi saçıldılar.

Əlbəttə, qədim tariximizdən üzü çağdaş dövrümüzədək yüzlərlə belə qadınların adlarını çəkmək mümkündür. Lakin indiki halda qadınlarımızın şərəfinə həsr etdiyimiz bu yığcam yazıda təbii ki, bunlar mümkün deyil (bəzi istisnalar isə labüddür), başqa bir tərəfdən də nəzərə alsaq ki, ümumən millətimizin anaları yüksək keyfiyyətlərə malikdi, onlar həyat kredoları ilə başqa xalqların qadınlarına nümunə olmaq dəyərindədirlər, o zaman belə qadınları ayr-ayrılıqda təqdim etməyə lüzum yoxdur. Buna baxmayaraq, yaxın keçmişimizə nəzər salanda bir çoxlarının əməlləri yaddaşımızda közərdiyindən, özünün nəcibliyi, mərhəməti və xeyirxahlığı ilə ailəyə, cəmiyyətə işıq saçmaq qüdrətində olmuş belə qadınlardan bəzilərinin adlarını xatırlamaq öz zərurətini doğurur. Onların sırasında Şəfiqə Əfəndizadə, Sara Vəzirova, Hənifə Məlikova, Nabat Nərimanova, Xədicə Əlibəyova, Səkinə Axundova Səidə Şeyxzadə, Asiya Axundzadə, Ziba Qayıbova... Bu xanımlar millətin balalarının, xüsusən də cəmiyyətə övlad bəxş edəcək qız uşaqlarının savadlanması yolunda fədakarlıqla çalışmışlar. Bəs, ötən əsrin otuzuncu illər repressiyasının sürgünə məruz qoyduğu  Ümgülsüm Sadıqzadə, Şükriyyə Cavad və həmin dövrdə 45 Azərbaycan qadını ana, həyat yoldaşı olaraq nə zillətlər çəkdilər... Vətənin adını şərəflə daşıyan, ərlərinin namusunu qoruyan bu qadınlar bütün zamanlarda gəncliyimizə nümunədir. Məhz bu səbəbdən də Azərbaycan qadını özünün nəcibliyi, şərəfi, mərdliyi və məğrurluğu ilə hər zaman ehtiramla, məhəbbətlə qarşılanıb.

Çağdaş dövrümüzə gəlincə, deməliyik ki, bu gün Azərbaycan qadınları elmin, siyasətin, diplomatiyanın, mədəniyyət və incəsənətin bütün sahələrində fərqlənmiş, böyük zirvələr fəth etmişlər. Azərbaycan qadını, alimdir, yazıçıdır, rəssamdır, həkimdir, neftçidir, geoloqdur, arxeoloqdur... ən başlıcası isə bu sənət sahiblərini ailə və cəmiyyət üçün yetişdirən ana, həyat müəllimidir.

Bu gün Azərbaycanın mədəni-mənəvi irsinin dünyada tanıdılmsında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Düşünürəm ki, həyatda bir sıra çətinliklərlə üzləşən, qayğıya, dəstəyə, böyük dayağa, bir ana-övlad timsalında hamiyə ehtiyacı olan insanların xoş halına ki onların böyük mənada hamisi olan Mehriban xanım Əliyeva uca  mərtəbədə  – Birinci vitse-prezident kürsüsündədir. Bu təmsilçilik sadəcə, pafoslu sözün, təsvirin kölgəsində qalmayıb, real faktlar, həyati hadisələr, əməli, həm də operativ çalışmalar, bunların da müqabilində böyük dəyərlər, xalqın milli xüsusiyyətlərindən qaynaqlanan bənzərsiz keyfiyyətlərlə müşahidə olunur. İşğaldan azad olunmuş Qarabağızda milli-mənəvi sərvətimiz olan dini, mədəni abidələrimizin, məscidlərimizin bərpası işləri məhz Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi, köməkliyi, ürəyinin işığı, xeyirxahlığı sayəsində həyata keçirilir. Eyni zamanda, qədim ənənələrimizə qayıdış, vaxtilə bu torpaqda böyük sevinclə, şövqlə keçirdiyimiz tədbirlərin yenidən nizama salınması da məhz Mehriban xanımın təşəbbüsü, əməli çalışmaları nəticəsində xalqımıza təqdim olundu.

Buna misal olaraq xatırladaq ki, 2021-ci ildə (12-13 may) Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Xarıbülbül” Musiqi Festiva­lı, avqustun 30-da azad Şuşamızda keçirilən Vaqif Poeziya Günləri burada mədəni həyatımızın yenidən pərvəriş tapmasına örnəkdir. Yenə də fon­dun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” və “Qarabağın mədəni irsi” nəşrlər toplusunun hazırlanaraq ictimaiyyətə təqdim olunması Azərbaycan xalqının mədəni-mənəvi, tarixi irsinin gələcək nəsillərə əmanəti, dünyada tanıdılmasına əvəzsiz, misilsiz töhfədir...

Bunları lakonik formada xatırlamaqla düşünürəm ki, qadınlarımızın parlaq, möhtəşəm obrazı bütün zamanlarda olduğu kimi, bu gün də bədii, təsviri əsərlərdə vəsv olunmalı, xariqüladə əməlləri gələcək nəsillərə ərməğan edilməlidir. Dünyaya övlad gətirən, onu həyat, cəmiyyət üçün yetişdirən, ailənin bir möhkəm qanadı olaraq əziyyətlərə, cəfalara qatlaşaraq, özünün ağlı, zəkası ilə həyatımızın bütün sahələrində təmsil olunan qadınlarımızın şəfqət dolu hərarətli ürəkləri, fövqəl əməlləri dediklərimizə haqq verir...

Həyatda çox möcüzələr baş verir... Tanrının bir möcüzəsi də çöhrəsində Günəşin şəfəqləri cilvələnən zərif cinsi – qadınları bəşəriyyətə bəxş etməsidir...

Bayramınız mübarək, əziz və sevimli qadınlar! 

 





06.03.2022    çap et  çap et