Avropa Şurası Rusiyanın üzvlüyünü dayandırdı. Əlbəttə, artıq bir dəfə eyni cəzaya məruz qalmış Rusiyanı Avropa Şurasının bu qərarı Ukraynaya qarşı müharibəni dayandırmağa sövq etməyəcək. Ancaq aydın görünür ki, Rusiyanın təcridi dərinləşir. Krımın ilhaqından sonra Rusiyanın Avropa Şurasındakı iştirakı kiçik səs fərqi ilə dayandırılmışdısa, indi mənzərə tam fərqlidir. Avropa Şurasının 42 üzvü Rusiyanın qurumdakı fəaliyyətinin dayandırılmasına səs verib. Ermənistan istisna olmaqla Rusiyanı heç kim müdafiə etməyib.
Rusiya BMT Təhlükəsizlik Şurasında da tək qalıb. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyən qətnamə layihəsi müzakirə olunarkən BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i layihənin lehinə səs verdi. Çin, Hindistan və Birləşmiş Ərəb Əmirliyi bitərəf qalıb. Rusiya veto hüququndan istifadə etməklə qətnamənin qəbulunun qarşısını aldı. Göründüyü kimi, BMT Təhlükəsizlik Şurası üzvləri arasında Rusiyanı müdafiə edən dövlət tapılmadı.
Ən acınacaqlı hal isə BMT Baş Assambleyasında yaşandı. "Ukraynaya qarşı təcavüz" adlı ES-11/1 saylı qətnamənin layihəsi öncə 26, daha sonra 65 dövlətin imzası ilə BMT Baş Assambleyasında müzakirəyə təqdim edildi. Müzakirələr başlayan zaman artıq 96 dövlət qətnamə layihəsinin müəllifinə çevrilmişdi.
Buna görə də BMT Baş Assambleyasında qətnamə böyük səs üstünlüyü ilə qəbul edildi. Qətnamənin lehinə141 ölkə səs verdiyi halda, Rusiyanı ancaq dörd ölkə - Belarus, Suriya, Şimali Koreya və Eriterya müdafiə etdi. BMT Baş Assambleyasındakı müzakirədən iki gün öncə Rusiya rəsmiləri Afrika və Asiyanın böyük ölkələrinin dəstəyinə malik olduqlarını iddia edirdilər. Sonda isə Rusiyanın yalnız ən despot rejimlərə malik dörd ölkə istisna olmaqla heç bir dövlət tərəfindən dəstəklənmədiyi təsdiqini tapdı.
Rusiyanın ard-arda diplomatik məğlubiyyətlərə məruz qalaraq dünyadan təcrid olunması prosesinin dərinləşdiyi bir zamanda Ukrayna, Gürcüstan və Moldova üzvlük üçün rəsmən Avropa Birliyinə müraciət etdilər. Proses Ukrayna prezidenti Vladimir Zelenskinin fevralın 128-də Avropa Birliyinə üzvlük müraciətin imzalaması ilə başlandı. Ardınca Avropa Parlamentinin Ukraynaya Birlik üzvlüyünə namizəd statusunun verilməsilə bağlı qətnamə yüksək səs çoxluğu ilə qəbul edildi. Avropa Parlamentində səsvermə zamanı 637 deputat Ukraynaya üzvlük yolunun açılmasına səs verdi. Cəmi 13 nəfər əleyhinə çıxdı, 26 nəfər isə bitərəf qaldı. Avropa Parlamentindəki bu səsvermə Rusiyanın təcridinin dərinliyini bir daha göstərdi. Bundan sonra Gürcüstan və Moldovanın Ukraynanın yolu ilə gedəcəyini proqnozlaşdırmaq olardı. Martın 3-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Birliyinə üzvlüklə bağlı müraciət imzaladı. Xalqa müraciətində baş verən olayı tarixi hadisə adlandıran İrakli Qaribaşvili belə deyib: "Demokratiya, qanunun aliliyi, insan hüquqlarının qorunması, yaxşı idarəçilik artıq gündəlik həyatımızın bir hissəsidir. Biz ölkənin siyasi, iqtisadi və ya sosial həyatının bütün sahələrində Avropa norma və standartlarını fəal şəkildə tətbiq edirik".
Gürcüstanla eyni gündə Moldovanın da Avropa Birliyinə üzvlüklə bağlı müraciət etdiyi məlum oldu. Yayılan məlumatda Moldova prezidenti Mayya Sandunun Avropa Birliyinə üzvlük üçün müraciət ünvanladığı vurğulanırdı. Artıq üç postsovet respublikası Rusiyanın təsir dairəsindən çıxmaq, Avropa Birliyinə inteqrasiya olunmaq üçün prosesi başlatdılar. Bu, həm də Rusiyanın təcridinin dərinləşdiyini göstərən yeni bir sübut oldu.
çap et