Ermənistan KİV-də ölkənin geosiyasi vəziyyəti ilə əlaqədar analitik xarakterli yazılar artıb. Hiss olunur ki, qonşu dövlətdə narahatlıq güclənir. Yerli analitik və ekspertlər regionda ciddi geosiyasi proseslərin getdiyini etiraf edirlər. Bundan Azərbaycanın daha çox dividend qazandığını yazırlar. Rəsmi Yerevanın yeritdiyi xarici siyasət ciddi tənqid olunur. Bununla yanaşı, həm Qərb, həm də Rusiyadan narazılıq dilə gətirilir. Son zamanlar isə ermənilər Cənubi Qafqazda müharibə başlaya biləcəyini tez-tez vurğulayırlar. Bu, bütövlükdə regionda yeni təhdidlərin meydana gələ bilməsi üzərində düşünməyə vadar edir. Bu dəfə erməni şantajlarının arxasında nələr durur?
Uğursuz xarici siyasət: forpostun süni arqumentləri
Ermənistan mətbuatında son zamanlar Cənubi Qafqazda müharibə ola biləcəyi ilə bağlı analizlər verilir. Onların əsas motivi Yerevanın düzgün olmayan xarici siyasəti nəticəsində ölkənin çox çətin vəziyyətə düşdüyünü göstərməkdir. Bunun üçün erməni ekspertlər müxtəlif arqumentlər gətirirlər. Bəzi aspektlərdə onlar haqlıdırlar (bax: məs., Игорь Мурадян. "Зону" привели на порог войны / "Lragir", 10 may 2014).
Doğrudan da məhz rəsmi Yerevanın ağılsız, məntiqsiz və obyektiv faktorlara əsaslanmayan xarici siyasəti ümumilikdə Cənubi Qafqazı mürəkkəb geosiyasi vəziyyətə salıb. Uzun illərdir ki, qonşulara qarşı süni iddialarla çıxış edən, ətrafdakı ölkələrin hər birini yalnız öz xudbin maraqlarına görə qiymətləndirən, kənarda havadarlar axtarıb onların meyarlarına görə həqiqət axtaran Ermənistan təcavüzkar davranışları ilə xeyli təhlükəli vəziyyət yaradıb.
Bu proses indi də davam edir. Yerevan geosiyasi seçimini edə bilmir. Tərəddüdlü addımları ilə bir düşərgədən digərinə keçir. Keçən ilin sentyabrın 3-də Gömrük İttifaqına üzv olmaq məqsədini bəyan edəndən sonra isə onun nüfuzu sıfıra endi. Çünki həmin məqama qədər guya Avropa İttifaqı ilə assosiativ üzvlüyü təsdiq edən sənəd imzalayacaqdı. Erməni ekspertlər Yerevanın bu nağılından ruhlanaraq regionun digər dövlətlərinə böhtanlar atır, xüsusilə Azərbaycanı tənqid edirdilər.
2013-cü il sentyabrın 3-dən sonra isə onlar "mahnını" dəyişdilər. İndi Ermənistan rəhbərliyini müxtəlif aspektlərdə kəskin tənqid edirlər. Onların ümumi qənaəti belədir ki, artıq Yerevan regionda qeyri-sabitlik yaradan vassal ölkədir. Onu müxtəlif epitetlərlə ifadə edirlər: "forpost", "zona", "asılı dövlət" və s. (bax: əvvəlki mənbəyə).
Şübhəsiz, bu kimi qiymətləndirmədə erməni analitik və ekspertləri haqlıdırlar. Ancaq onlar yenə də regional miqyasda gedən prosesləri obyektiv təhlil edə bilmirlər. Bu səbəbdən, Cənubi Qafqazda uydurma müharibə ssenarilərinin həyata keçəcəyindən bəhs edirlər. Maraqlıdır ki, ermənilər öz yanaşmalarında açıqca görünən ziddiyyətli məqamların üstündən sükutla keçirlər. Bunun səbəbi də aydındır, çünki onlar bütün hallarda vəziyyətin Ermənistanın xeyrinə dəyişəcəyinə ümid edirlər. Öz havadarlarının atdığı addımları da yalnız bu müstəvidə dəyərləndirməyə çalışırlar.
Məsələn, erməni ekspertlər Dağlıq Qarabağda atəşkəsin 20 illiyinə həsr edilən yazılarda fantastik "arqumentlər"dən danışırlar. Guya Rusiya bu münaqişədə daim Azərbaycana yardım edib. Hətta hərbi toqquşmaların başlanğıcında Moskva Dağlıq Qarabağdan erməniləri qovmaq üçün Bakı ilə gizli sövdələşməyə gedib, ancaq "qəhrəman ermənilər" rus hərbi hissəsini tərk-silah edərək öz "azadlıqları uğrunda müqəddəs" savaşa başlayıblar (bax: məs., Айказн Гагриян. Москва призналась в том, что предотвратила капитуляцию Азербайджана / "Lragir", 12 may 2014).
Burada əsas ideya ondan ibarətdir ki, guya erməni separatizmi müstəqil hərəkət edərək, Rusiyaya qarşı da savaşmaqla haqlı qələbələr əldə edib. Məqsəd aydındır – erməniləri Rusiyanın əmrləri ilə hərəkət etməyən toplum kimi qələmə vermək və bu əsasda Qərbin dəstəyini qazanmaq. Belə təsəvvür yaratmağa çalışırlar ki, Dağlıq Qarabağda məskunlaşan ermənilər demokratiya, müstəqillik, öz dövlətlərini qurmaq yolunda mübarizə aparıb.
Müharibə ssenarisi: regionu qarışdırmaq cəhdi
Erməni ekspertlərin indi Cənubi Qafqazda müharibə ehtimalını qabartmaları məhz bu xəyali analizdən qaynaqlanır. Belə ki, müasir mərhələdə böyük dövlətlər də daxil olmaqla Türkiyə və Azərbaycan guya bu "məğrur", "azadlıqsevər" və "cəngavər" ermənilərə qarşı müharibə edib, onların "müstəqil Arsax dövləti"ni çökdürmək arzusundadırlar (bax: hər iki mənbəyə).
Lakin ermənilər unudurlar ki, bir kontekstdə Rusiyanı, digərində isə Qərbi ittiham edirlər. İndi Cənubi Qafqazda sabitliyi pozmağa çalışan qüvvə qismində ABŞ-ı göstərirlər. Erməni analitiklərin fikrinə görə, Vaşinqton regionda Rusiyanın nüfuzunun qarşısını almaq üçün Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini sərtləşdirməsinə yaşıl işıq yandırıb. Lakin, eyni zamanda, ermənilər yazırlar ki, münaqişəni Rusiya alovlandırıb.
Bunlar təbii ki, cəfəngiyatdır. Çünki Qərb regionda müharibənin başlamasında maraqlı deyil. Moskva da bunu arzulamır. Bütün bu uydurmaların arxasında Ermənistanın ara qarışdırmaq, yaranmış yeni geosiyasi vəziyyətdən öz məkrli niyyətləri üçün istifadə etmək cəhdi durur. Burada bir məqama diqqət yetirmək istərdik.
Bu günlərdə Tbilisidə Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının görüşü olub. Orada region üçün böyük əhəmiyyət daşıyan məsələlər barədə razılıq əldə edilib. Rusiyanın Türkiyə və Azərbaycanla əlaqələri yaxşı səviyyədədir və inkişaf edir. İran demək olar ki, Cənubi Qafqazda yeni pozitiv siyasət aparır. Azərbaycan Prezidenti bu ölkəyə uğurlu səfər etdi və Həsən Ruhaninin Bakıya gəlişi gözlənilir. Bütün bunlar Cənubi Qafqazda Azərbaycanın geosiyasi, iqtisadi və siyasi mövqeyinin möhkəmləndiyini təsdiq edir. Türkiyə də böyük dövlət kimi regionda sabitliyin olması üçün əlindən gələni edir.
Bu cür proseslərin fonunda Ermənistan heç bir müsbət addım ata bilmir. Xarici işlər naziri Edvard Nalbandyanın İrana son səfərinə də erməni ekspertlər elə bir ümid bəsləmirlər. Onlar hesab edirlər ki, erməni naziri ora "kənardan kimsə göndərib" (bax: Наира Айрумян. Кто послал Налбандяна в Тегеран / "Lragir", 5 may 2014). Konkret olaraq, E.Nalbandyanın İran səfərinin Moskva tərəfindən təşkil edildiyi iddia olunur. Bunlar onu göstərir ki, hətta ermənilər Yerevanın müstəqil siyasət apara bilmədiyini etiraf edirlər.
Belə bir vəziyyətə düşən ölkə, təbii ki, "suyu bulandırmağa" çalışacaq. Həmin məntiqlə Yerevanın regionda müharibə "axtarışı" məntiqli görünür. Nə qədər fantastik olsa da, burada real təhlükəli məqamlar da vardır. Məsələ ondan ibarətdir ki, ermənilərin bu cür sürüşkən mövqeyindən istifadə etməyə çalışan qüvvələr həmişə tapılıb. İndi də Dağlıq Qarabağda və Gürcüstanın Cavaxetiya bölgəsində erməni təxribatları törədə bilərlər. Cənubi Qafqazda sabitliyə və əməkdaşlığa xidmət edən iqtisadi, ticari və energetik layihələri bu yolla əngəlləməyə cəhd edərlər. Ermənistan tərəfdən eşidilən müharibə təhlükəsi altında əsas olaraq bu niyyətin durduğunu istisna etmək riskli işdir. Çünki tarixi təcrübə göstərir ki, məhz bu cür həlledici mərhələlərdə erməni təxribatları meydana gəlir.
Cənubi Qafqazda iki geosiyasi xəttin toqquşduğu yuxarıda deyilənlərdən aydın gürünür. Birinci istiqaməti Türkiyə, Azərbaycan və Gürcüstan həyata keçirir. Burada böyük dövlətlərin maraqlarını nəzərə almaqla regional əməkdaşlığın və qlobal enerji təhlükəsizliyinin müasir modelləri hazırlanır. Ortada konkret proqramlar vardır. Barış, əməkdaşlıq və sülh meyarlarına görə formalaşdırılan bu mövqe regionun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bakı, Ankara və Tbilisi bu istiqamətdə fəallıqlarını daha da artırmaq niyyətindədirlər.
Digər xətti Ermənistan aparmağa çalışır. Burada əsas meyar regionun inkişafına, enerji təhlükəsizliyi sisteminin formalaşmasına mane olmaqdan ibarətdir. Başda ABŞ olmaqla Qərbin Cənubi Qafqazda müharibə yaratması haqqında erməni KİV-in yaydığı informasiyalar bu aspektdə ciddi təhlükələrin meydana gələ bilməsini ifadə edir. Mümkündür ki, ermənilərin əli ilə regionda gərginlik yaradıb, Qərbin boynuna yıxsınlar. Təbii ki, başqa ssenariləri də istisna etmək olmaz. Hər bir halda Ermənistan öz qeyri-konstruktiv mövqeyi ilə növbəti dəfə regionu təhlükə qarşısında qoyur.
Newtimes.az
çap et