18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar paytaxtda və regionlarda silsilə tədbirlər keçirilib.
Azərbaycanın bir çox muzeyləri Beynəlxalq Muzeylər Günü və "Avropa Muzeylər Gecəsi" münasibətilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda bir araya gəliblər. Tədbir Beynəlxalq Muzey Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə dəstəyi ilə reallaşdırılıb.
İCOM-un qərarı ilə bu il Beynəlxalq Muzeylər Günü "Muzey kolleksiyaları ünsiyyət yaradır" devizi altında keçirilir.
Muzeylərin mədəniyyətin zənginləşməsində, mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını nəzərə aldıqda, muzey kolleksiyaları xalqın keçmiş adət-ənənələrini və bu gününü gələn ziyarətçilərə aşılayır və ünsiyyət yaradır. Onlar tarixin, mədəniyyətin zənginliklərini, sirlərini özlərində saxlamır, həm də bizə kolleksiyalar vasitəsilə bələdçilik edib zəngin keçmişimizlə bağlayır.
Mədəniyyət və Turizm Nazirliyinin muzey işi sektorunun müdiri Azadə Hüseynova Beynəlxalq Muzeylər Gününün yaranma tarixi barədə məlumat verib: "Bu gün İCOM-un təşəbbüsü ilə 1977-ci ildən təsis olunub. Ölkəmizdə də bu bayram müxtəlif tədbirlərlə qeyd edilir, muzeylərdə "Açıq qapı" günləri təşkil olunur. Bu ilki Beynəlxalq Muzeylər Günü muzey işçiləri üçün ikiqat bayram olub. Bir sıra muzey direktorları və əməkdaşları Prezident İlham Əliyevin 2014-cü il 16 may tarixli müvafiq sərəncamları ilə təltif olunub və fəxri adlara layiq görülüblər. Bu, muzey işçilərinə dövlətin diqqətinin əyani təzahürüdür".
Bayram tədbirində Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, İçərişəhər Tarixi Muzeyi, Gömrük Tarixi Muzeyi, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində yerləşən muzeylər, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Leopold və Mstislav Rostropoviçlərin, Səməd Vurğunun, Tahir Salahovun ev-muzeyləri, Bülbülün memorial muzeyi və digər muzeylər olmaqla 20-dək muzey iştirak edib. Bu muzeylər bayram mərasimində səyyar ekspozisiya və müvafiq proqramları ilə təmsil olunub.
Tədbirdə, həmçinin İCOM-un Azərbaycan Milli Komitəsinin peşə bayramı ərəfəsində fəaliyyətini əks etdirən "Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi. Birgə fəaliyyətimiz" bukleti də təqdim edilib.
İçərişəhərdə də Beynəlxalq Muzeylər Günü qeyd edilib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi yeni muzey ekspozisiyaları ilk dəfə olaraq mayın 17-də - "Avropa Muzeylər Gecəsi"ndə "Açıq qapı" formatında işləyiblər.
Əlamətdar gün münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə "Açıq qapı" günü elan edilib.
Mayın 18-də Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, həmçinin "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində fəaliyyət göstərən muzey ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə ediblər.
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Avropa Muzeylər Gecəsi" aksiyası çərçivəsində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir-sərgi təşkil edilib. Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev çıxış edərək bildiriblər ki, Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm bir rol oynadığını göstərməkdir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub. Tədbirdə Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblının, beynəlxalq müsabiqələr laureatı Aleksandr Vdriya (Ukrayna), Seyidxanım Babayeva (Azərbaycan), Polina Desyatniçenko (Kanada) və Yoşito Katanodanın (Yaponiya) ifasında dünya xalqlarının musiqisi səslənib.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən verilən məlumata görə, gün ərzində muzeyi çoxlu sayda insan ziyarət edərək buradakı sərgi, ekspozisiya, müxtəlif sənədlər, əlyazmalar haqqında müxtəlif məlumatlar əldə edib, qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış olublar. Ziyarətçilərə, həmçinin Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi haqqında ətraflı məlumatlar da verilib.
AMEA Hüseyn Cavidin ev-muzeyində 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə "Açıq qapı" günü keçirilib.
Bu münasibətlə Hüseyn Cavidin ev-muzeyini gün ərzində 250-dən çox tamaşaçı ziyarət edib.
Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində də "Gələcəyin muzey mütəxəssisləri Üzeyir Hacıbəylinin ev-muzeyində" mövzusunda tədbir keçirilib. Tədbirdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında görkəmli bəstəkarın səs yazılarının və görüntülərinin də yer aldığı sənədli film nümayiş etdirilib.
Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində də "açıq qapı günü" elan olunub. Aksiya çərçivəsində gün ərzində məktəb kollektivlərinin muzeyə ekskursiyaları təşkil olunub, ziyarətçilərə muzeyin fəaliyyəti, rayonun və bölgənin tarixi barədə ətraflı məlumat verilib. Bundan əlavə, aksiya çərçivəsində muzeydə əməkdaşlar və qonaqların iştirakı ilə "Muzey kolleksiyaları ünsiyyət yaradır" adlı tədbir keçirilib. Muzeyin direktoru Mahir Əfəndi bildirib ki, "açıq qapı günü"nün keçirilməsində əsas məqsəd milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində muzeylə insanlar arasında daha canlı əlaqənin yaradılmasına nail olmaqdır. Çünki muzey kolleksiyaları xalqın keçmiş adət-ənənələrini və bu gününü gələn ziyarətçilərə aşılayır və ünsiyyət yaradır. Muzeylər mədəni mübadilə, mədəniyyətlərin zənginləşdirilməsi, qarşılıqlı anlaşma, əməkdaşlıq, insanlar arasında sülhün bərqərar olmasında mühüm vasitə kimi çıxış edir. Həmin gün rayonun digər muzeylərində də "açıq qapı günü" elan olunub, müxtəlif tədbirlər keçirilib.
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə dünyanın bir çox ölkələrində qeyd olunan Avropa "Muzeylər gecəsi" ilə bağlı Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən eksponatlardan ibarət sərgi açılıb. "Açıq qapı" günü altında ilk dəfə təşkil edilən sərgidə qonaqlar xalqımıza məxsus qədim dövrlərə aid qadın və kişi geyimləri, müxtəlif silah növləri, misgərlik və dulusçuluq nümunələri, kiçik həcmli xalçalar, heybələr, xurcunlar, bəzək əşyaları və digər eksponatlarla tanış olublar. Qonaqlara Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş kitablar, broşürlər və digər əyani vəsaitlər paylanıb.
S.ABDULLAYEVA
çap et