525.Az

"Aqrovoltaika" nədir və onun kənd təsərrüfatımıza hansı xeyri dəyə bilər?


 

SAMUX RAYONUNDA BU TEXNOLOGİYAYA SÖYKƏNƏN İŞLƏRƏ BAŞLANILIB

"Aqrovoltaika" nədir və onun kənd təsərrüfatımıza hansı xeyri dəyə bilər?<b style="color:red"></b>

Bir sıra aparıcı ölkələrdə kifayət qədər geniş tətbiqini tapan "Aqrovoltaika", yaxud "Aqrofotovoltaika" özündə bir torpaq sahəsinin iki məqsədlə, həm kənd təsərrüfatı məhsulları becərilməsi, həm də günəş enerjisi alınması üçün istifadə olunmasını birləşdirir. "Aqrovoltaika" əslində təzə bir üsul deyil, onu hələ 1981-ci ildə alman mütəxəssisləri Adolf Getsberger və Armin Zastrou icad ediblər, amma bu üsul xeyli sonralar, 2010-cu illərdən öz tətbiqini tapıb.

Bu gec tərpənişin öz səbəbi olub. Günəşli əkin sahələrində fotoelementli panellər quraşdırılması üsuluna söykənən "Aqrovoltaika"nın əleyhdarları vaxtilə çox olub və onlar bu sistemin panellərinin bitkilərin üzərinə düşəcək günəş şüalarının qarşısını kəsəcəyi və bu səbəbdən belə üsulun məhsuldarlığa xələl gətirəcəyi amilini önə çəkiblər. Lakin yüksək keyfiyyətli materiallar texnologiyasının inkişafı ilə bu məsələ həll olunub. Aparıcı ölkələrdə tətbiq edilən müasir fotoelement lövhələri müəyyən şəffaflıq dərəcəsinə malik olur,  onlar günəş şüalarının bir hissəsini özlərindən bitkiyə ötürür, hətta bu zaman işığı bitkinin işıqudma xüsusiyyətlərinə görə tənzimləyə bilirlər!

Dünya nəfəngi Çin bu məsələdə də ən irəli gedənlərdəndir. Bu ölkədə əkin+günəş panelli sahələr ildən-ilə genişləndirilir, texnoloji cəhətdən təkmilləşdirilir, o cümlədən, günəşin yerdəyişməsi ilə günəbaxan kimi fırlanan və işıq şüalarını bitkilərə səmərəli paylayan enerji qurğuları çoxalır.

Aparıcı Avropa və Asiya ölkələrində "Aqrovoltika"nın əsas hədəfi əkin altında olan sahələrin günəş-işıq potensialından da istifadə etməkdir. Bu zaman təbii ki, alınan elektrik enerjisi aqrar istehsalın özünün təminatı ilə yanaşı, digər istehlak istiqamətlərinə də yönəldilir. Nüfuzlu "Nature" jurnalının yazdığına görə, əkin sahələrinin yalnız bir faizi günəş işığı ilə işləyən panellərlə də təchiz olunarsa, alınan enerjinin həcmi qlobal tələbatdakı enerji çatışmazlığını ödəyə bilər!  

Qeyd  etdik ki, "Aqrovoltika" əkin altında olan sahələrin göstərilən məqsədlərlə, əlavə olaraq, günəş ilə işləyən enerji qurğuları ilə təchizatını nəzərdə tutur.

Bu baxımdan, ölkəmizin qərb bölgəsində yerləşən Samux rayonunda aparılan işlər də maraq doğurur. Hərçənd burada proses necə deyərlər, əks istiqamətdə aparılır. Yəni söhbət əkin sahələrinin enerji panelləri ilə təchizatından deyil, artıq mövcud olan günəş stansiyasının panellərinin aralarında əkin aparılmasından gedir. Amma bu işlər eksperimental xarakter daşıdığından, nəyin əvvəl, nəyin sonra olmasının, görünür, o qədər də əhəmiyyəti yoxdur.

Beləliklə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin tərəfdaşlığı ilə "Aqrovoltaika"  layihəsi çərçivəsində "Azərbaycanda aqrovoltaika texnologiyasının istifadə perspektivləri" mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində Samux rayonunun Sarıqamış kəndində Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinə məxsus günəş panelləri olan ərazidə müxtəlif kənd təsərrüfatı bitkilərinin səpini həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər və fermerlərin iştirakı ilə bu səpin sahəsinə baxış keçirilib.

Tədbir zamanı qeyd olunub ki, bu texnologiyanın tətbiqi kənd təsərrüfatına yararlı torpaqları məhdud olan ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Aqrar İnnovasiya Mərkəzi tərəfindən sözügedən pilot layihənin əsas məqsədinin vahid sahədə alternativ enerji alınması ilə yanaşı, kənd təsərrüfatı bitkilərinin əkinindən və məhsul istehsalının təşkilindən ibarət olduğu qeyd edilib.

Samuğun Sarıqamış kəndində günəş panelləri ilə əhatə olunmuş 3 hektarlıq ərazinin 1,2 hektarı panellər altında istifadəsiz qalmış əkinə yararlı torpaq sahəsidir. İlkin mərhələdə aqrotexniki qulluq işləri həyata keçirilib və  panellərarası sahədə noxud, soğan, mətbəx çuğunduru, yerkökü kimi tərəvəzlərin səpini aparılıb. Sonrakı mərhələdə isə şəkər çuğunduru, pomidor, badımcan kimi bir sıra tərəvəz bitkilərinin əkini nəzərdə tutulur.

Samux rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov bu layihənin işğaldan azad edilmiş torpaqlarımızda aparılan işlərlə əlaqəsi məsələsinə də toxundu.

"Bildiyimiz kimi, Qarabağda "Yaşıl enerji" layihələri geniş tətbiq ediləcək. Samuxda aparılan bu əkin də  bir növ, təcrübəsi həmin işlərə yönəldiləcək sınaq xarakterlidir. Qarabağ ərazisində 150 hektarda günəş enerjisi batareyaları quraşdırılacaq.  Samuxda günəş panelləri arası əkin zamanı müxtəlif bitkilərin becərilmə göstəriciləri öyrəniləcək. Bu baxımdan, kölgədə yetişən bitkilərin becərilməsinə də xüsusi diqqət edəcəyik. Deməliyəm ki, Samuğun Sarıqamış kəndindəki bu ərazidə su problemi də həll edilib, xüsusi bir artezian işə salınıb" - deyə, R.Həsənov bildirir.

Layihənin məqsədlərinin dolğun həyata keçməsi üçün işlərə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının mütəxəssisləri də cəlb olunublar.

Zakir MURADOV,

Gəncə-Samux

 





12.03.2022    çap et  çap et